Xaricin diqtəsi ilə hərəkət edən müxalifət

21 Dekabr 2012 11:35 (UTC+04:00)
Ölkə mediasında yayılan  məlumata görə, ABŞ-ın ölkəmizdəki  səfiri Riçard Morninqstar bu günlərdə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşündə onlara seçkilərlə bağlı tapşırıqlar verib. Qeyd edək ki, bu Müsavat başqanı ilə AXCP sədrinin qısa müddət ərzində ABŞ səfiri ilə ikinci belə görüşüdür.
Dəfələrlə qeyd olunub ki, radikal müxalifət öz fəaliyyətini xaricdən gələn göstərişlər əsasında qurur. Bu mənada Müsavat başqanı ilə AXCP sədrinin ABŞ səfirilə görüşü də göstərir ki, həmin qüvvələr məhz xaricdən gələn tapşırıqları yerinə yetirmək, onları icra etmək müstəvisində işləyirlər. Radikal müxalifətin səfirlə görüşündə ondan tapşırıq almalarını iki məqama əsasən də müəyyənləşdirmək olar. Burada bir məqam odur ki, Morninqstarla görüşdə əsas müzakirə predmeti məhz gələn il baş tutacaq prezident seçkiləri olub. Görüşdə bu məsələnin də müzakirə olunduğunu görüş iştirakçıları da inkar etməyiblər. Digər bir məqam isə odur ki, ABŞ səfiri bir müddət əvvəl müxalifətin daha geniş spektrilə görüşdüyü halda, bu dəfə onunla təmas quranlar yalnız Müsavatla AXCP rəhbərləri olub. Məhz bu məqamların özü də sözügedən görüşdə həmin iki müxalifət liderinin səfirdən tapşırıq aldığını düşünməyə əsas verir. Ümumiyyətlə, radikal müxalifət həmişə xalqına deyil, xaricdən dəstək almağa üstünlük verib. Onların bütün fəaliyyətləri məhz buna hesablanıb. Cari ilin mayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı da Müsavatla AXCP anoloji addımlarda bulunmuşdular. Həmin vaxt möhtəşəm bir tədbirin ölkəmizdə keçirilməsindən əndişələnən düşmən qüvvələr hər vəclə çalışırdılar ki, onun uğursuz alınmasına nail olsunlar. Bu işdə isə onlara məhz Müsavatla AXCP "yardımçı" oldu. Belə ki, onlar həmin ərəfədə bir sıra icazəsiz aksiyalara start verməklə ölkədə vəziyyətin gərginləşməsində maraqlı olduqlarını ortaya qoymuş oldular. Belədə isə həm də xaricdəki bəzi qüvvələrin istəyilə oturub-durduqlarını nümayiş etdirdilər. Bir sözlə radikal müxalifətin bütün tarixi əsasən xaricdən müəyyən tapşırıqları alıb onları həyata keçirməkdən ibarətdir. Bu isə bir daha onu göstərir ki, müxalifətin sözügedən qanadı xarici qüvvələrin bu və ya digər istəyini həyata keçirməyi dövlətçilik maraqlarını qorumaqdan üstün tutur.
Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadə bildirdi ki, xaricin sözü ilə oturub duran müxalifətdən dövlətin maraqları naminə nəsə edəcəyini gözləmək yersizdir: "Ölkəmizdə bir sıra qüvvələr var ki, xalqın etimadını qazana bilmədiklərindən çıxış yollarını xaricdə axtarmağa üstünlük verirlər. Buna görə də tez-tez xaricdəki hamilərinə üz tuturlar. Bu mənada İctimai Palatada təmsil olunan AXCP ilə Müsavatın ABŞ səfirilə görüşündə ondan müəyyən tapşırıqlar alması da gözləniləndir. "Eurovision" ərəfəsində də həmin müxalifət bu cür hərəkət etmişdi. Onlar həmin vaxt xaricin tapşırığına əsasən hərəkət etməklə ölkəmizdə qarmaqarışıqlıq yaratmaq cəhdlərində bulundular. Düzdür, həmin vaxt onların bu cəhdlərinin qarşısı alındı. İndi də görünür, radikal müxalifət xaricin dediyilə hərəkət edərək seçkilər yaxınlaşdıqca ölkədə müəyyən qarışıqlıq yaratmağa çalışacaq. Bu kimi hərəkətlərilə müxalifətin həmin qanadı özünü xalqının qarşısında heç şübhəsiz daha da gözdən salacaq. Onlar bütün hərəkətlərini xaricdəki bəzi qüvvələrlə əlaqələndirdiyindəndir ki, günü-gündən sayları daralır. Belə davam edəcəyi təqdirdə, müxalifətin həmin qanadı özünü xalqının qarşısında heç şübhəsiz daha da gözdən salacaq"