"Dünyanın sonu"nun tarixi dəyişdi

21 Dekabr 2012 13:02 (UTC+04:00)

Mayya təqviminə görə, dünyanın sonu təxirə salınıb. Bu barədə məlumatı ANS PRESS Rusiya mətbuatına istinadla yayıb. Məlumata əsasən 21 dekabr tarixində olmalı olan "qiyamət" dekabrın 23-də -bazar günü "olacaq".

Mayyalıların riyazi heasablamaları asanlaşdırmaq üçün öz təqvimlərini ayın 21-də başa vurublar. Çünki məhz bu gün gecə ilə gündüz bərabərləşməyə başlayır və ilin ən uzun gecəsi olur. 

Əslində isə onların təqvimi bazar günü yekunlaşmalıdır.

"Moskovskıy komsomolets"in yazdığına görə, bu nəticəyə uzun illər öncə dünyada mayyalıların qədim yazılarını açan yeganə şəxs olan sovet alimi Yuriy Knorozov gəlib. "Mayyalıların özləri ümumiyyətlə dünyanın sonu haqqında heç nə deməyiblər", deyə onun tələbəsi olan Qalina Erşova bildirib. 

Rusiya Humanitar Universitetinin professorunun sözlərinə görə, sözü gedən təqvim Tabaska ştatında 50-ci illərdə tapılıb. "70-ci illərdə isə tədqiq edilib. Onun bir hissəsi oğurlanaraq ABŞ-a gətirilib. Lövhə təqvim olduğu üçün tamamilə rəqəmlərdən ibarətdir. Mayyalıların başqa mətnlərindəndə görünür ki, onların yaxşı astronomik kahinlik məktəbi olub".

Təqvim 13 dövrdən ibarətdir. Sonuncu - 13-cü dövr dekabrın 21-də bitir.

Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı iddiası tarixdəki nə ilk nədə son qiyamət ssenarisidir. İnsanlığa məlum olan ilk qiyamət ssenarisi e.ə. 2800-ci ilə aid Assur yazılı mənbələrində yer alıb. Gil lövhədə qiyamətlə bağlı "Dünyamız, son günlərini yaşayır. Dünyanın sürətlə sona yaxınlaşdığını göstərən işarətlər var. Uşaqlar artıq ana-atalarına itaət etmirlər. Bunlar dünyanın sonunun gəldiyini göstərir" sözləri yazılıb. Bir müddət sonra dünyanın sonu gəlməsə də, Assur İmperatorluğunun sonu gəlir. Yaxın Şərqdə böyük bir imperatorluq quran assurlular e.ə 612-ci ildə Babil ordusu tərəfindən məğlub edilir və e.ə 604-cü ildə Assuriya süqut edir.

Digər bir qiyamət ssenarisi isə Papa II Silvester tərəfindən iddia edilib. Papa İsa Peyğəmbərin anadan olmasının 1000-ci il dönümündə dünyanın yox olacağını söyləyib. Cənnətə getmək istəyən xristianlar mallarını yoxsullara paylayıb, günahlarının bağışlanması üçün kilsələrə qaçdılar. 1000-ci ilin 1 yanvar tarixində gözlənilən qiyamət qopmadı və xristianlar bu dəfə də İsanın öldüyü günün il dönümünü gözləməyə başladılar. Amma, gözlənilən qiyamət 1033-cü ildə də qopmadı.

Tarixdə qiyamətdən öz mənfəətləri üçün istifadə edənlər də oldu. Papa III İnnocent 1213-cü ildə Qüds və müqəddəs torpaqlara V Səlib yürüşlərini təşkil etmək üçün qiyamət qorxusundan faydalandı. Qiyamətin İslamın yüksəlişindən 666 il sonra, yəni 1284-ci ildə qopacağını öngörən Papaya inanan xristianlar, müqəddəs torpaqları alıb dünyanı xilas etməyə çalışarkən öldülər. 1284-cü ildə də qiyamət qopmadı.

Qiyamət fikri sənətçilərə də təsir etdi. Sənətin qızıl çağı olaraq bilinən İntibah dövründə dominikli keşiş Girolamo Savonarolanın "Tanrının qılıncının qısa bir müddət sonra müharibə, vəba və aclıq olaraq dünyanın üstünə gələcəyi" öngörüşündən bir çox sənət adamları təsirlənib. Dövrün məşhur rəssamlarından Sandro Botticelli "Mistik ad" adlı cədvəlində qayaların altına saxlanıb gözləyən kiçik İblis rəsmi çəkib, şəkilin altına da qiyamətin yaxın olduğuna dair qeydlərini yazıb.

Alimlər arasında da qiyamət fikirindən təsirlənənlər az olmayıb. Alman riyaziyyatçısı və astronomu Johanes Stöfler 1499-ci ildə planetlərin düzülüşünü əsas götürərək, öncəgörməlik edərək 20 fevral 1524-cü ildə meydana gələcək tufanın dünyanı yox edəcəyini söyləyib. Stöflerin qiyamət öncəgörməsi, nəşr olunan 100 ədəd kitab Avropaya yayıldı. Yüzlərlə gəmi inşa edildi, almaniyalı əsilzadə Qraf von İggleheim Reyn çayında üç qatlı gəmi tikdirdi. Ancaq, tufan olmadı, əksinə 1524-ci il olduqca quraq keçdi. İgleheimin gəmisində yer tutmağa çalışanlar arasında dava düşdü, yüzlərlə adam öldü. Qalanlar da qiyamətin qopmadığını görəndə qrafı daşlayaraq öldürdü.

İngiltərəli kahin Çarles Piazi Smit 1641-ci ildə "Shipton Ana" nın öngörmələrindən və Misirdəki Giza Piramidasının sirrlərindən təsirlənərək yeni bir qiyamət tarixi müəyyənləşdirdi. Piramidanın yalnız Misirlilər tərəfindən deyil, eyni zamanda Nuh Peyğəmbər tərəfindən inşa edildiyini irəli sürən və piramidalarda dünyanın dağılacağı tarixi göstərən izlər tapdığını bildirən Smitə minlərlə insan iman gətirdi. 5 Yanvar 1881-ci il tarixində Nyu York Tayms həm Smit həm də ona inananları məsxərəyə qoyan bir məqalə yayımladı: "Piramidanın ortasındakı qalereyada tam 1881 kəsik var. Bu da son ilimizə girdiyimizi göstərir".

Tufanlar və piramidalar dünyanın sonunu gətirmədi və insanlar bu dəfə də ümidlərini kosmosa bağladı. 1910-cu ildə dünyanın yaxınından keçən Halley quyruqlu ulduzu qiyaməti gözləyənlər üçün yeni fürsət oldu. May ayında Halley dünyanın yaxınından keçdi və Nyu York Tayms "Hələ də buradayıq" başlıqlı xəbər yayımladı.

Məşhur kahin Nostradamusun kitabında 1999-cu il tarixi dünyanın sonu olaraq göstərilirdi. Nostradamus, 1999-un yeddinci ayında göydən Dəhşət Kralının gələcəyini və dünyanın sonuna səbəb olacağını yazmışdı. Ancaq, 1999-cu ildə hər hansı böyük bir fəlakət olmadı.

1 Yanvar 2000-ci ildə isə dünyada həyatın dayanacağı, hətta nüvə müharibəsinin başlayacağı iddia edildi. "İndependentye" qəzeti Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrdə iqtisadi xaos yaşanacağını nəzərdə tutduğunu yazdı. İnsanlar 1 Yanvar yaxınlaşarkən ticarət mərkəzlərinə hücum etdilər. 1 Yanvar 2000-ci ildə də qiyamət qopmadı, dünya isə yeni bir əsrə ayaq basdı.

İsveçrənin Cenevrə şəhərində yerləşən Avropa Nüvə Araşdırma Mərkəzindəki (CERN) Böyük Hadron Toqquşdurucusu da qiyamət ssenarilərindən nəsibini aldı. İsveçrə-Fransa sərhədində yerin 100 metr altında qurulan Böyük Hadron Toqquşdurucusunun protonları işıq sürətinə çox yaxın bir sürətə çatdırılaraq toqquşduracağını öyrənənlər qiyamət ssenarilərini yazmağa başladılar. Bu toqquşmanın mikro ölçülərdə qara dəliklər meydana gətirəcəyini və dünyanın sonunun gələcəyini iddia etdilər. 10 Böyük Hadron Toqquşdurucusu 2008-ci iin sentyabrında işə salındı, amma qiyamət qopmadı.

2012-ci ilin sonuna yaxınlaşarkən yeni bir qiyamət ssenarisi meydana çıxdı. Mayyalıların e.ə. 3114-cü ildə başlayan və "Baktun" olaraq adlandırılan 394 illik dövrlərə ayrılan təqviminə görə, XIII baktun 21 dekabrda sona çatır. XIII baktunun sonu dünyanın sonu kimi qiymətləndirildi.

Əgər dünya 21 dekabrda da yox olmazsa ehtiyatda tutulan digər qiyamət tarixləri də var.

Məsələn, amerikalı astroloq Jeyne Dikson İsanın 2020-ci ildə geri gələrək pisliyə qarşı müharibəyə başlayacağını və bu müharibənin bitməsindən bir müddət sonra da dünyanın yox olacağını irəli sürüb.

1974-cü ildə "Quran-i Kərim"də 19 möcüzə olduğunu deyərək İslam dünyasında müzakirələrə səbəb olan və Quranın "riyazi sistemi"ni yaratdığını iddia edən misirli biyokimyacı Rəşad Xəlifə dünyanın sonunun 2280-ci ildə gələcəyini hesablayıb.

Yəhudilərin müqəddəs qəbul etdiyi Talmut kitabına görə, Məsih Adəmin yaradılışından 6 min il sonra gələcək və sonrakı min il içində dünya yox olacaq. Talmuda görə dünyanın məhv olma tarixi 3240-cı ilə təsadüf edir.

Bəzi alimlər isə Böyük Partlayışdan (Big Bang) 5 milyard il sonra Günəşin qırmızı böyük bir dev planetə çevrilərək dünyanı yox edəcəyini söyləyiblər.

2003-ci ildə isə "Böyük Son" nəzəriyyəsini irəli sürən alimlər davamlı genişləyən kainatın təxminən 22 milyard il sonra tamamilə yox olacağını irəli sürüblər.