Azərbaycanın YUNESKO-da növbəti uğuru

21 Dekabr 2012 18:26 (UTC+04:00)
Bu gün Parisdə keçirilən YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin yeddinci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərarda işğal edən ölkələr tərəfindən işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və işğal edilmiş ərazilərə texniki missiyalarının göndərilməsi imkanı əks olunub.
Bununla yanaşı, qərara əsasən Katiblik gələn il Komitəyə təqdim edilməsi üçün işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəalarının həyata keçirilməsi ilə bağlı ətraflı sənəd hazırlamalıdır.  Bu sənədin Komitədə qəbul edilməsi ilə Azərbaycan işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması məsələsinin daha geniş müzakirə edilməsi və müəyyən mexanizmlərinin qəbul edilməsinə bünövrə yaradıb.
Qeyd edək ki, bu qərar Ermənistan və onun dəstəkləyən bir sıra Komitə üzvləri tərəfindən etirazlarla qarşılandığına baxmayaraq, Komitənin əksər üzvləri Azərbaycanın təşəbbüsünü bəyənib, bununla bağlı gələcək addımların atılmasını dəstəkləyib.