"Qiyamət günü" ölkəmizdə bunkerlər məsələsini aktuallaşdırdı

22 Dekabr 2012 07:20 (UTC+04:00)

21 dekabrda dünyanın dağılacağına dair xəbər özünü doğrultmasa da, hər halda mayyalılalırın səhv proqnozlarından yararlananlar oldu. İnsanların təhlükə anında özünü qorumaq üçün sığınacaqlarla təmin olunması bir daha gündəmə gəldi.

Bu fonda dünyanın məşhur bunker istehsalı ilə məşğul olan şirkətlər məhsullarını satışa çıxardılar. ABŞ "De Luxe" şirkəti 37000 avroya lüks bunkerə yerləri satışa çıxardığını elan etdi. İstehsalçıların sözlərinə görə, bunker su altında 500 saat qala bilər. Bunker həmçinin 700 dərəcə istiyə davamlıdır, saatda 700 km sürəti olan küləyə və Rixter cədvəli ilə 10 bal zəlzələyə tab gətirə bilər.

Elanlarda qeyd olunur ki, bunker sakinlərinə maksimal şərait yaradılacaq. Burada istirahət və müxtəlif əyləncə otaqları, tibb məntəqəsi fəaliyyət göstərəcək.

Moskvada bir vaxtlar sovet liderlərini nüvə zərbəsindən qorumalı olan bunker isə "axirət"dən xilas olmaq istəyənlərin ixtiyarına verilib. Amma bileti 1000 dollara. Kremlin yaxınlığında olan 42 nömrəli bunker 56 metr dərinlikdədir. Hazırda muzey kimi fəaliyyət göstərir və 300 nəfər tutur.

Muzeyə gələnlərin əksəriyyəti "Armagedon"u burada keçirməyin mümkünlüyü barədə elə hey soruşurmuşlar.

Qeyd edək ki, dünyada müxtəlif təmayüllü bunkerlər var. Kollektiv və fərdi xarakterli olmaqla bunkerlər müharibə, yanğın, zəlzələ, sel və digər təbii fəlakətlərə hesablanır. Dünyada ən çox bunker ABŞ və Rusiyadadır. Bu iki ölkənin nüvə müharibəsinə başlayacağına dair xəbərlər hər iki tərəfdə çoxlu sayda bunkerlərin tikilməsinə səbəb olub. Zəhərli qazdan qorunmaq üçün əleyhqazlar isə hətta SSRİ-nin ucqar kəndlərində də əhaliyə paylanmışdı. Binaların zirzəmiləri sığınacaq üçün boşaldılmışdı.

Azərbaycanda da sovet dövründə Bakı şəhərində bir neçə bunker tikilib istifadəyə verilmişdi. Hazırda onların bəzisi fərqli məqsədlər üçün istifadə olunur. Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, milyonçu şəhərdə bir dənə də bunkerin olmaması anlaşılan deyil: "1990-cı il 20 yanvar faciəsində metro olmasaydı, biz daha çox vətəndaşımızı itirə bilərdik. Yaxşı ki, metrostansiyamız var. Təhlükəli anda daldalanacaq yerimiz olmalıdır. Milyonçu şəhərlərin əksəriyyətində bir neçə bunker var. Bakıda da belə bunkerlər olmalıdır. Hər bir bunker bütün zəruri əşyalarla təmin edilməlidir. Su, qida, oksigen ehtiyatı olmalıdır".

Ekspertin sözlərinə görə, SSRİ-nin vaxtında Bakı şəhərində inşa edilmiş bunkerlərin əksəriyyəti başaq məqsədlə istifadə olunur: "Dəfələrlə bu məsələni gündəmə gətirmişik. Bunkerlərin tikilməsi milli təhlükəsizlik məsələsidir. Çoxları düşünür ki, təhlükə qəfil olur və bunkerlər itkilərin qarşısını almır. Amma sübut olunub ki, təhlükəsizlik tədbirləri güclü olan ölkələrdə insanlar psixoloji cəhətdən daha inamlı olurlar. Düşünürəm ki, Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərdə, Naxçıvanda bunkerlər olmalıdır".

Ekspertin sözlərinə görə, hazırda dünyada özəl şirkətlər bunkerlər hazırlayayıb satmaqla məşğuldurlar: "Kanada, Amerika, Britaniya kimi ölkələrin mütəxəssisləri hazırladıqları bunkerləri Hindistana, Səuidiyyə Ərəbsitanına, digər ölkələrə satırlar. Həmin bunkerlər bizim otellərdən daha komfortludur. Yəqin ki, siz qiyamət günü ilə bağlı çəkilən filmlərə baxmısız. Orada bunkerlərdə yaşayan insanlar tədricən mühitə uyğunlaşırlar və özləri yeni qida növləri kəşf edirlər. Bu səviyyədə olmasa da, Azərbaycanda primitiv şəkildə bunkerlərin olması vacibdir".