Müxalifət düşərgədə yeni ziddiyyətlər

23 Dekabr 2012 11:53 (UTC+04:00)

Bu düşərgə rəhbərlərinin şəxsi ambisiyaları azsaylı tərəfdarlarını onlara qarşı qaldırır

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu günlərdə "Azadlıq" radiosuna açıqlamasında ölkənin siyasi həyatında baş verənlər və özünün 2013-cü il strategiyası haqda danışaraq müxalifətin vahid namizəd məsələsinin mümkünsüzlüyünü bildirib.

İsa Qəmbər müxalifətin vahid namizədi məsələsi və bunun bir sıra aparıcı müxalifət partiyalarını bir araya gətirməsi barədə suala cavab olaraq deyib ki, o, vahid namizəd olmaq niyyətində deyil: "Bu məsələ artıq Şaxta baba söhbətinə dönüb. Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir".

Müsavat başqanının bu açıqlaması dəfələrlə vurğuladığımız həqiqəti bir daha təsdiqlədi ki, müxalifətin yaxınlaşan prezident seçkilərində vahid namizədi olmayacaq. Müxalif düşərgə həmişə olduğu kimi, yenə də seçkilərə parçalanmış halda gedəcək.

Qeyd edək ki, artıq neçə müddətdir mətbuat müxalifətin, daha doğrusu, İctimai Palatada təmsil olunan qüvvələrin vahid namizəd üstündə bir-birini "qırmağa" başladıqları barədə məlumatlar yer alırdı. Əli Kərimli və İsa Qəmbər açıq şəkildə olmasa da gizlində vahid namizəd olmaq uğrunda çarpışırdılar. Lakin son aylar görünən mənzərə İP-in bu niyyətinin reallıqdan uzaq olduğunu göstərdi. Belə ki, nə İsa Qəmbər, nə də Əli Kərimli digərinin vahid namizəd olması üçün öz adaylığından geri çəkilənə oxşamırlar. İsa Qəmbər seçkilərə bütün hallarda qatılacağını bəyan edir. Əli Kərimli tərəfdarları isə yenə də vahid namizəddən dəm vurururlar və belə nəamizəd qismində də məhz AXCP sədrini görürlər. Belə bir məqamda isə İsa Qəmbər vahid namizəd məsələsinin həllinin mümkünsüz olduğunu bildirir. Bununla əslində Müsavat başqanı müxalifətdəki rəqiblərinə, o cümlədən müttəfiq hesab olunan Əli Kərimliyə mesaj yollamaq istəyir ki, vahid namizəd ya İsa Qəmbər olmalıdır, ya da bu oyun baş tutan deyil. Belə vəziyyət isə heç şübhəsiz AXCP tərəfdarlarını narazı salacaq. Buradan belə başa düşmək olar ki, İsa Qəmbərin yuxarıda səsləndirdiyi açıqlama istər-istəməz İP-nin dağılması tendensiyasını daha da sürətləndirəcəkdir. Bu amillər isə İP-də vahid namizədliklə bağlı çarpışmaların əbəs olduğundan xəbər verir. Onu da qeyd edək ki, İP-də vahid namizədliyin mümkünsüz olması məsələsi AXCP ilə Müsavatın aşağı eşolonunda ciddi narazılıqlarla qarşılanıb. Hər iki təşkilatın əksər rayon şöbələri bu məsələdə konsensusa gəlməyin vacib olduğunu vurğulayırlar. Lakin görünən odur ki, yuxarıların ambissiyaları aşağıların sözügedən istəyinin reallaşması yolunda başlıca əngəl olaraq qalır.

Digər tərəfdən hazırda müxalifətin cəmiyyətdə çəkisi minimuma enib. Belə bir şəraitdə müxalifətin vahid namizədliyinin mümkünsüzlüyü onların azsaylı tərəfdarları arasında olan-qalan nüfuzunun da birdəfəlik yox olması ilə sonuclanacaq.

Digər tərəfdən İsa Qəmbər və Əli Kərimli arasında gedən savaş daha da böyüyür. Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyir ki, son zamanlar AXCP sədri Əli Kərimlinin ətrafında olan insanlar İsa Qəmbərə və Müsavata qarşı hücuma keçiblər. Onun sözlərinə görə, Əli Kərimli ilə görüşən şəxslər səhəri gün İsa Qəmbərin əleyhinə bəyanatlar verir: "Mən hesab edirəm ki, bu anormal haldır və "müttəfiqəm" deyən partiya sədri buna imkan verməməlidir". Müsavat funksioneri hesab edir ki, qarşı tərəf nələrisə səhv salır: "Bir dəstəni ortaya salıblar ki, guya bu yolla İsa Qəmbərə təzyiq göstərib, onu geri çəkilməyə vadar edəcəklər. Əgər, onlar AXCp sədrinin qabağa düşməsini istəyirlərsə, fikrimcə, "Əli Kərimlini İsa Qəmbər irəli çəksin" taktikasına üstünlük verməli idilər".

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev də bu qurumda əslində, qəliz bir qurumun formalaşdığını bildirir. O qeyd edir ki, Müsavat və AXCP-nin, onların liderlərinin mövqeyi açıq-aşkar fərqlidir: "Müsavat başqanı İsa Qəmbər seçkilərdə iştirakını gizlətmir və Müsavat lideri İP-in reformasiyasında maraqlıdır. AXCP və hələlik seçkilərdə iştirak niyyətini açıqlamayan Əli Kərimlinin yanaşması isə belədir ki, təxminən gələn ilin mayınadək İP-in seçkilərdə iştirakı ilə bağlı qərar verilməsin".

Həsən İSLAMOV