Ronaldo Messinin bostanına daş atdı

23 Dekabr 2012 12:02 (UTC+04:00)

"İnsanlar eqoist, xudpəsənd, yalnız özümü düşünən adam olduğumu fikirləşirlər. Lakin belə deyil. İnanın, mənimlə bağlı təsəvvürlərinizdə yanılırsınız". İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldonın sözlərinə görə, insanlar onunla bağlı yanlış təsəvvürlərə və fikirlərə malikdirlər. Ronaldo Portuqaliya Futbol Federasiyasının (FPF) rəsmi saytına verdiyi müsahibəsində belə deyib. Ronaldonun sözlərinə görə, meydana özünü göstərmək, eqoizmini sərgiləmək üçün yox, futbol oynamağa çıxır. "İşimə ciddi yanaşır, davranışlarımda ciddi olmağa çalışıram. Medianın gündəmində qalmağı xoşlamıram. Müsahibələr və fotosessiyalar "aşina"sı da deyiləm. Ona görə də jurnalistlər mənim barəmdə yanlış təsəvvürlər yaradırlar. Şəxsi həyatımla bağlı sualları cavablamağı xoşlamıram. Axı hansı musiqi sevməyim və ya hansı yeməyə üstünlük verməyim kimin nəyinə gərəkdir?! Mən futbolçuyam və yalnız futbolla bağlı danışmaq istəyirəm. Paltarım, maşınım, evimlə bağlı məqamların futbola dəxli var?!" - Ronaldo deyib. Portuqaliyalı ulduz daha sonra bildirib ki, şəxsi həyatına müdaxilələrə imkan verməyə çalışmır. Eyni zamanda o, özünü dünyanın ən yaxşı futbolçusu hesab etmədiyini də deyib. "Qoy başqaları bu adın düşkünü olsunlar. Mən futbolçuyam və oyundan həzz almağım yetər. Mənə "Real" fanatlarının sayğısı bəsdir", - Ronaldo söyləyib. Builki "Qızıl top" (Ballon d'Or) uğrunda Lionel Messi və Andres İnyesta ilə "rəqib" olan Ronaldo daha sonra bildirib ki, mükafatlar onun üçün həyat mənası deyil: "Mükafatlar, adlar, titullar pis deyil. Amma həyatımın mənasını belə adlarda və titullarda görmürəm. Mənimçün indi ən böyük sevinc, ən ümdə bəxtəvərlik oğlumun olmasıdır. Bax, əsl sevinc budur. Yoxsa ki, titullar... Ailəmi böyütmək, daha çox uşaq atası olmaq istəyirəm", 27 yaşlı Kriştianonun sözlərinə görə, 50 yaşına çatanda xoşbəxt və gözəl ailə sahibi olmaq istəyir.

"Həyatımın ən böyük arzusu da budur. Yaxşı ailə mənimçün hər şeydən üstündür. Hamı məni Messi ilə müqayisə edir. Mən isə belə müqayisələrə əsla fikir vermirəm. Hərənin öz yolu var. Bəzisi şöhrət düşkünüdür, bəzisi də mənim kimi adi, insani sevinclər arayır", - CR7 ləqəbli portuqaliyalı futbolçu deyib.