Qida zəhərlənmələri böyük təhdidə çevrilir

24 Dekabr 2012 16:57 (UTC+04:00)

Son dövrlər "ev şəraitində hazırlanmış turşu zəhərlənməsindən daha bir nəfər dünyasını dəyişdi" mövzusunda xəbərlərə tez-tez rast gəlirik. Burada ən pis vəziyyət isə ev şəraitində hazırlanmış turşudan bəzən bütün bir ailənin həyatını təhdid altına düşməsidir. Belə hallara baxmayaraq, vətəndaşlarımız hələ də ev şəraitində hazırlanmış turşulardan istifadə edirlər.

Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin məlumatına görə, 2012-ci ilin əvvəlindən dekabr ayına qədər Azərbaycanda 1132 zəhərlənmə hadisəsi baş verib. Nəticədə 1376 nəfər zəhərlənib. 2011-ci ildə isə əhali arasında 826 zəhərlənmə hadisəsi baş vermiş, 980 nəfər zəhərlənmişdi. Göründüyü kimi, zəhərlənmələrin sayı kəskin artıb.

Bəs son dövrlər artan zəhərlənmələrə səbəb nədir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin rəhbəri İmran Abdullayev Mövqe. Az-a açıqlamasında aşağıdakı fikirləri səsləndirib: "Məhsullar əsasən yay, payız fəsillərində hazırlanır, qışda istifadə olunur. Zəhərlənmələrin qışda daha da artmasının səbəbi onunla əlaqədardır ki, yayda hazırlanan məhsullar əsasən qışda açılıbb istifadə edilir və bu zaman müxtəlif səbəblər üzündən əhərlənmə halları baş verə bilir. Məhsulların zəhərlənməyə səbəb olmasına gəlincə, burada müxtəlif amillər rol oynaya bilər. Məsələn, birbaşa ekoloji çirklənməyə məruz qalan məhsul buna səbəb ola bilər. Məhsul düzgün yuyulmadıqda, düzgün sterilizə aparmadıqda, texnoloji qaydalara düzgün əməl edilmədikdə bu zəhərlənmə qaçılmazdır. Zəhərlənməni törədən faktorlar nə gözlə görünür, nə də ki, belə məhsulların rəngi dəyişir. Turşular əsasən ailələrdə kustar yol ilə hazırlanaraq konservləşdilir. Belə məhsulların satışına icazə verilmir. Belə hal baş verərsə onu satan şəxs birbaşa bu işdə cinayət məsuliyyəti daşıyır".

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirib: "Ümumiyyətlə, qida mədəniyyətində vəziyyətin pis olması belə zəhərlənmə hallarını yaradan başlıca səbəbdir. Azərbaycanın qida mədəniyyətində evdə turşu bağlamaq var. Ümumiyyətlə, turşu insana zərərli bir şeydir. Hətta turşunu bəzən plastik qabın içərisində hazırlayırlar. Bu yolverilməzdir. Səbəb kimi bu halı da qeyd etmək olar. Daha bir səbəb kimi bəzi dövlət orqanlarının fəaliyyətini göstərmək olar. Səhər-səhər Bakıda olan bazarlara getsək görərik ki, minlərlə ağzı açılmamış turşuya kağız verilib. Guya səhərə kimi bazarın ekspertizası yatmayıb, onları yoxlayıb. Halbuki bankaların ağzı heç açılmayıb. Nə qədər ki, yalançı ekspertiza var, bir o qədər də qida zəhərlənmələri olacaq. Belə halların qarşısını almaq üçün əhalini maarifləndirmək lazımdır. Hökumətin mükəmməl istehlakçı siyasəti olmalıdır".