Alternativ hərbi xidmət reallaşır?!

25 Dekabr 2012 06:52 (UTC+04:00)

Uzun zamandır ki, aktual mövzulardan biri alternativ hərbi xidmətlə bağlıdır. "Hərbi vəzifə və hərbi xidmət" haqqında qanunda bu cür xidmətin mümkünlüyü bildirilsə də, hələlik Azərbaycanda tam olaraq alternativ hərbi xidmət həyata keçirilmir. Ölkəmizin müharibə şəraitində olması da bu cür sistemə keçidi əngəlləyir.

Həmçinin o da məlumdur ki, ölkəmiz Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən üzərinə götürdüyü öhdəliklərdən biri də "Alternativ xidmət haqqında" qanunun qəbul edilməsilə bağlı idi. Lakin aradan 11 il keçməsinə baxmayaraq, qarabağ münaqişəsinin hələ də həllini tapmaması qanunun qəbuluna imkan vermir. Bu arada məlumatlara görə, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt tərəfindən hazırlanan "Azərbaycanın öhdəliklərini yerinə yetirməsi" adlı son hesabatda yaxın gələcəkdə "Alternativ xidmət haqqında" qanunun qəbul ediləcəyinə dair fikirlər səsləndirilib. Mövzu ilə bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Mövqe"yə açıqlamasında bildirdi ki, bu məsələ ilə əlaqəli keçmişdə də açıqlamalar verilib, rəsmi mövqe izah edilib: "İş ondadır ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetiribdir. Alternativ hərbi xidmət isə mahiyyətcə vətəndaşa əqidəsinə görə fəal hərbi əməliyyatlarda iştirak etməkdən möhlət vermək, ön cəbhədə xidmət etməkdən kənarlaşdırmaq, alternativ qaydada ona xidmət şəraitini təmin etməkdir. Bu da, Avropa İnsan Haqları Konvensiyasının əsas müddəalarından biridir. Biz də həmin sənədi 2001 - ci ildə ratifikasiya, 2002 - ci ildə isə Konstitusiyaya daxil etmişik. Belə olduğu təqdirdə bunu nə zamansa, bir qanunvericilik sisteminə gətirəcəyik. Amma indiki gerçəklikdə, Azərbaycanın yaşadığı işğal reallığında bu, müəyyən problemlərə yol aça bilər. Çünki, bu, öz - özlüyündə müəyyən prosedurdan keçməyi tələb edən bir məsələdir. Yəni, gənc özü elan edir ki, mən hərbi mükəlləfiyyətçi deyiləm, getmək istəmirəm: "Çünki, mənim əqidəm silah götürməyə yol vermir". Amma məsələ bununla bitmir. Belə olan təqdirdə o, komissiyalardan keçir. Yəni, öz əqidəsinin buna yol vermədiyini təsdiq edən xeyli prosedur var. İkincisi, o şəxslər üçün xidmət müddəti 2.5 - 3 ilə qaldırılır. Belə olan təqdirdə biz AŞ ilə münasibətlərimizi qaydaya salmaq üçün yeni bir sənəd qəbul etməliyik. Orada qeyd etməliyik ki, müharibəyə görə bunu biz yaxın 10 - 15 ildə qanunvericilik kimi təsbit etməyimiz mümkündür. Həmçinin Avropa Şurasının da günahı var. Qoy, onlar Ermənistana qarşı Azərbaycan vətəndaşının pozulmuş hüquqlardan sarı sanksiyalar, siyasi təzyiqlər etsinlər. Müharibə məsələsi bitsin və ortada müəyyən bir sənəd imzalansın. Ondan sonra Azərbaycan "Alternativ xidmət haqqında" qanunu niyə qəbul etmək istəməsin ki?"

Hərbçi ekspert Ələkbər Məmmədov isə bildirir ki, artıq Azərbaycanda "Alternativ xidmət haqqında" qanun var: "Həm Konstitusiya, həm də "Hərbi vəzifə və hərbi xidmət" haqqında qanunda göstərilib ki, əqidəsinə və dini baxışlarına görə, kimsə həqiqi hərbi xidməti keçmək istəmirsə, əvəzində həmin şəxslərə alternativ xidmət təklif olunur. Sadəcə olaraq, indiyə qədər onun tətbiq olunma mexanizmi yoxdur. Səbəb də o gətirilir ki, ölkə müharibə şəraitindədir. Amma müəyyən hallarda bəzi gənclər üçün alternativ xidmət vacibdir. Çünki, həmin şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda onlarla bağlı müəyyən problemlər ortalığa çıxır. Odur ki, müharibə şəraitindən asılı olmayaraq, həmin qanunun tətbiqi vacibdir".

Ekspert əlavə olaraq onu da qeyd etdi ki, Azərbaycan həm də müqaviləli orduya keçməlidir. Çünki belə ordu xidmətinin keyfiyyəti baxımından daha güclüdür: "Həm də belə olanda böyük bir ordunun saxlanmasına ehtiyac olmur. Bununla yanaşı xarici təcrübədə də görünür ki, müqaviləli orduda böyük problemlər olmur. Hazırda ölkəmizdə zabit heyəti demək olar ki, professional orduya aid olan bir hissədir. Sırf professional orduya keçmək üçün isə müəyyən müddət, külli miqdarda pul vəsaiti lazımdır. Lakin artıq belə bir ordunun qurulmasına başlamaq lazımdır. Çünki çağırış əsasında formalaşan orduya nisbətən həmin sistemin müsbət məqamları çoxdur".

Ələkbər Məmmədovun sözlərinə görə, belə bir orduya keçid həm də çağırışdan can qurtarmaq deməkdir: "Amma bizim indiki cəmiyyət professional orduya hazır deyil. Bu gün hərbçi olmaq istəyən vətəndaşlarımız da o qədər çox deyil. Odur ki, əvvəlcədən cəmiyyətdə böyük bir təbliğat aparılmalıdır. Cəmiyyət buna hazır və meylli olmalıdır ki, ondan sonra professional orduya keçid olsun".