Binaların istiliklə təminatı yenə ciddi narazılıq doğurur

25 Dekabr 2012 07:17 (UTC+04:00)

Soyuq havalar insanların istiliyə olan tələbatının təbii olaraq artmasına gətirib çıxarmaqdadır. Lakin məsələnin maraq doğuran tərəflərindən biri odur ki, indi paytaxtda heç də bütün çoxmərtəbəli bina sakinlərinin istiliklə tam təmin olunduğunu söyləmək olmaz. Xatırladaq ki, yaşayış evlərində və binalarda, o cümlədən sosial təyinatlı obyektlərin istilik təchizatına cavabdeh olan qurum "Azəristiliktəchizat" ASC-dir.

Lakin bu qurum hələ də Bakıda bütün binaları istiliklə təmin edə bilmir. Digər tərəfdən istiliklə təmin olunan bəzi binaların sakinləri onlara gələn istiliyin qızınmaq üçün kifayət etmədiyini bildirir.

Bu arada xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti ölkə parlamentində də ciddi tənqid hədəfinə çevrilib. Qanunverici orqanın son iclasında deputatlar Bakının bir sıra rayonlarında istiliyin olmadığından şikayətləndilər. Millət vəkili Adil Əliyev Nərimanov rayonunda 200-ə yaxın binanın istiliklə təchizatında ciddi problemlər olduğunu söylədi: "Konkret olaraq bizim ərazimizdə insanlar soyuqdan donur. Siyahı da əlimdədir, soyuqlar düşən kimi məktubların ardı-arası kəsilmir. İnsanlar qərargahın qarşısını kəsiblər, onların səsini rəsmən bu tribunadan səsləndirməyə məcburam. Çünki "Azəristiliktəchizat"da telefon zənglərinə cavab verilmir. Bu vəziyyət bir ay, bir il deyil, illərdir davam edir". Adil Əliyev onu da vurğulayıb ki, "Azəristiliktəchizat" təşkilatına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, amma ortada iş yoxdur. O, hətta Hesablama Palatasına müraciət etməyi planlaşdırdığını deyib: "İstəyirəm, araşdırılsın ki, "Azəristiliktəchizat"a ayrılan bu qədər maliyyə vəsaiti hara gedir? Bəlkə, başqa rayonlarda istilik problemi yoxdur amma Nərimanovda problem var". Xətaidən deputat seçilən İqbal Ağazadə də deyir ki, ərazidə 92 bina istiliklə təmin olunmur: "Ana xətt kəsilib, ora sürüşmə zonasına yaxın olduğuna görə bərpası problemlidir. Əhali də evləri qızdırmaq üçün elektrik enerjisindən istifadə edir". Elə bir çox sakinlər də "Azəristiliktəchizat" ASC-dən şikayətçidirlər. Bunu təkcə aidiyyatı qurumlara yox, həm də müxtəlif media redaksiyalarına ünvanlanan çoxsaylı şikayət məktublarından da görmək olar.

Bundan başqa yuxarıda qeyd olunduğu kimi istilik alan sakinlər bəzən bunun evlərin qızdırılması üçün kifayət etmədyini bildirirlər. "Azəristiliktəchizat"da isə bəyan edilir ki, istixana temperatur qrafikinə uyğun tənzimlənir. Məsələn, havanın temperaturu 8-10 dərəcə arasındadırsa, onda su 50 dərəcəyə qədər qızdırılır. Havanın temperaturu 8 dərəcədən az olduqda isə su 55-60 dərəcəyə qədər qızdırılır. Bir sözlə, borulardakı suyun temperaturu çöldəki havanın temperaturuna əsasən tənzimlənir. Sakinlərin şikayətinə gəlincə, qeyd edilir ki, əgər hansısa mənzillərdə temperatur lazımi səviyyədə deyilsə, bu, artıq "Azəristiliktəchizat"ın günahı deyil. Qurumda bunu nsəbəbi adətən onunla izah edilir ki, mənzildaxili sistem düzgün quraşdırılmayıb. Lakin vətəndaşlar da öz növbəsində bildirirlər ki, mənzildaxili sistem düzgün quraşdırılıb. Nəticə isə odur ki, vətəndaş evində tam qızına bilmir. Bunun günahının kimdə olduğunu müəyyən etmək isə artıq əsl müəmmaya dönüb.

"Azəristiliktəchizat" onu da etiraf edir ki, paytaxtdakı bəzi binaların istilik təchizatı keçmiş SSRİ dövründə qurulduğundan onlar müasir standartlara cavab vermir. Bu səbəbdən də həmin binaların istiliklə təchizatı çətinləşir. Məsələn, qeyd edilir ki, Nəsimi rayonundakı bəzi binalarda istilik sistemi dairəvi şəkildə qurulub. Yəni, istilik xətləri binaların zirzəmilərindən keçməklə sanki bütün mənzillərin divarlarına "dırmandırılıb". Qeyd olunur ki, bu dairəvi xətlərlə bağlı hər hansı bir iş görmək mümkün deyil. Paytaxtda bu cür acınacaqlı durumla üz-üzə qalan binaların sayı 139 ədəddir. Hələlik həmin bina sakinləri də soyuqdan əziyyət çəkirlər. "Azəristiliktəchizat" isə hələlik onu bildirir ki, narahat olmağa dəyməz. Məhəllədaxili xətlərin çəkilişi, aşağı paylanma istilik sisteminin yenidən qurulması, eləcə də binadaxili istilik sistemlərinin yeniləşdirilməsi ilə bağlı yeni layihələr hazırlanıb. Bu layihələr mərhələli şəkildə həyata keçirilir və bu proses davam etdiriləcək. Qurum bildirir ki, bu gedişlə istiliksiz qalan bina olmayacaq. Lakin bunu nə vaxt olacağı hələ dəqiq bəlli deyil.