Əfv edilmək üçün komissiyaya 1000-ə yaxın müraciət daxil olub

25 Dekabr 2012 07:21 (UTC+04:00)

Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə əfv fərmanı imzalana bilər. İndi Əfv Komissiyasına bununla bağlı 1000-ə yaxın müraciət daxil olub. Onların içindən də əfv şərtlərinə kim uyğun gəlsə, onların əfv şansı olacaq. Bunu SalamNews-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, hazırda komissiya müraciətləri hərtərəfli şəkildə araşdırır: "Müraciətlər çox olsa da, bu, o demək deyil ki, o adamlar əfvə düşür. Yəni, əfvlə bağlı müraciət edən məhbusların cəza çəkdikləri cəzaçəkmə müəssisələrində, islah-əmək koloniyalarında özlərini necə aparmalarını, digər məqamları təhlil edirik. Mütləq məhkum ətraf mühit üçün təhlükəsiz olmalı, cinayətlə bağlı zərər ödənilməli, əks tərəf bağışlamalı, şikaytəçi olmamalı və o, əgər ağır cinayət törədibsə, o, ən azı müddətinin yarısını, orta və ya yüngüldürsə, 3-də 1-ni çəkməlidir". M.İbrahimqızı söyləyib ki, bununla bağlı müzakirələr yaxın vaxtlarda bitəcək və yekun siyahı komissiya adından ölkə başçısına təqdim ediləcək: "Prezident Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə edərək həmin şəxslərin əfv edilməsi ilə bağlı müvafiq fərman imzalayır. Yəni kimin əfv olunub-olunmaması məsələsi birbaşa prezidentin səlahiyyətinə aid olan məsələdir".