Muzeylərimizin ciddi nöqsanı üzə çıxır
25 Dekabr 2012 10:39 (UTC+04:00)
Azərbaycanda fəaliyyətdə olan və dövlət büdcəsindən maliyyələşən
muzeylərin əksəriyyətində elmi işçilər çalışsalar da, son illər
həmin muzeylərdə elmi araşdırma işləri demək olar ki, aparılmır.
Muzeylərin daha çox eksponat kimi saxlanılması və kreativlik
əmsallarının sıfra bərabər olması Milli Məclisdə deputatları dilə
gətirib.
"Mədəniyyət haqqında" qanun layihəsinin müzakirəsi zamanı
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim
Mollazadə Azərbaycan mədəniyyətini xalqımıza və dünyaya nümayiş
etdirmək üçün muzey sistemi mövcuddur. Lakin bizim muzey sistemi
elmdən tam təcrid olunub. Millət vəkilinin sözlərinə görə, dünyanın
aparıcı muzeyləri öz işlərini ölkəsinin ən yüksək səviyyəli
alimlərinin araşdırmaları və elmi mərkəzlərin fəaliyyəti üzərində
qurur: "Bizdə isə müzeylər ancaq nəyisə nümayiş etdirmək üçündür.
Bizim mədəni irsimizin araşdırılması sahəsində heç bir iş
aparılmır. Hesab edirəm ki, qanunda da bu öz əksini tapmalıdır ki,
muzeyin fəaliyyəti elmi fəaliyyətlə vəhdətdə olsun".
Millət vəkili qeyd edib ki, xalça muzeyi açırıqsa, burada
xalçaçılığı yaxşı bilən mütəxəssislər və alimlər çalışmalıdır: "Bu
gün dünyanın bütün müzeylərində Azərbayacan xalçaları tamamilə
başqa xalqların adına çıxarılır. Biz öz mədəni irsimizə ona görə
sahib çıxa bilmirik ki, elmi istiqamətdə öz hüquqlarımızı qorumağı
bacarmırıq. Bundan əlavə, lazımi mütəxəssislərin hazırlanması da
qanunda öz əksini tapmalıdır. Çox təəssüf ki, parlamentimiz
Azərbaycan xalqı qarşısında öz borcunu yerinə yetirə bilməyib. Biz
hələ də bilik sahəsinin hüquqi bazasını yarada bilməmişik".
Qeyd edək ki, ölkədə minə yaxın müxtəlif profilli muzeylər
fəaliyyət göstərir. Elmi, tarixi, mədəni, mənzil, diyarşünaslıq
muzeylərinin əksəriyyətinə giriş ya pulludur, ya da xüsusi göndəriş
əsasında bu mümkün olur.
Pullu muzeylərdə uşaqlar, məktəblilər, tələbələr, valideynlər üçün
ayrı ayrılıqda qiymətlər müəyyənləşir. Muzeylərimiz ziyarətçi
azlığından əziyyət çəkirlər. Ekspertlər bildirirlər ki, Mədəniyyət
və Turizm Nazirliyinin balansında olan muzeylərlə bağlı əsasnamədə
müəyyən dəyişikliklər etmək lazımdır.
Millət vəkili Sabir Rüstəmxanlı mövcud muzeylərin formal
fəaliyyətini belə izah edir: "Elə muzeylər var ki, sovet dövrünün
qalıqlarıdır. Hər bir rayonda tarix-diyarşünaslıq muzeyi var.
Rayonun tarixi, mədəni irsilə bağlı heç bir elmi araşdırma ortaya
qoymayan muzeyin saxlanılmasının nə mənası var? Qoy, o muzeyləri
versinlər rayon icra hakimiyyətlərinə, ya da bələdiyyələrə. Elələri
var ki, həm Bakıda, həm də doğulduğu rayonda ev və yaradıcılıq
muzeyləri var. Düzdür, tanınmış, dünya şöhrətli şəxslərin adlarına
muzeyin olması lazımdır. Amma əgər dövlət həmin muzeylərin
saxlanılması, orada araşdırmaların aparılmasına pul ayırırsa, bunun
effekti də olmalıdır. Xarici ölkələrdə muzeylər həm dövlət, həm
bələdiyyələr, sponsorlar və həm də ayrı-ayrı fondlar tərəfindən
maliyyə alırlar. Hər bir maliyyənin hesabatı olmalıdır. Yəni muzey
qabaqcadan görəcəyi işlər barədə donora məlumat verir və donor da
təklifi dəyərləndirib pul ayırır. Təəssüf ki, bizdə hələ də dünya
şöhrətli, beynəlxalq səviyyəli muzey yoxdur".