Avtomobillərin qiymətində yeni bahalaşma başlanır

25 Dekabr 2012 11:06 (UTC+04:00)
Başa çatmaqda olan ili avtomobil ticarəti ilə məşğul olanlar o qədər də uğurlu saymırlar. Elə avtomobil istehsal edən şirkətlərin bir çoxu da cari ildə buraxılan maşınların sayının azaldığını əsas gətirərək fəaliyyətlərindən razılıq ifadə etmirlər. Qərb ölkələrində hələ də səngiməyən iqtisadi böhran fonunda isə gələn il ərzində də avtomobil bazarının inkişaf səviyyəsinin elə də qənaətbəxş olmayacağı proqnozlaşdırılır.
Bütün bunlar Azərbaycanın avtomobil bazarında da öz əksini tapır. Hər halda avtomobil ticarəti ilə məşğul olanlar belə deyir. Cari ildə ölkəyə gətrilən minik avtomobillərinin sayı artsa da, bu bizneslə məşğul olanlar real durumdan şikayətçidirlər. Avtomobil stanlara görə, bazarda müəyyən durğunluq var. Avtomobil alanların sayında azalma hiss olunur. Bu passivlik avtomobil bazarında qiymətlərə də müəyyən mənada təsir edib. O da etiraf edilir ki, əvvəllər ən çox işlənmiş maşınlara tələb vardısa, indi təzə avtomobillərə maraq çoxalıb.
Havaların soyuması fonunda isə avtomobil xərclərinin artması da indiki halda maşınlara olan marağı azaldır və bu da bazara təsirsiz ötüşmür. Qeyd edək ki,  soyuq mövsüm gələn kimi avtomobillərin əlavə ehtiyat hissələri, qış təkərləri və zəncirlər gündəmə gəlir.  Amma qar yağmasa belə qış aylarında ehtiyat hissələrinin qiyməti artır. Yol qəzaları, həmçinin avtomobillərdə texniki problemlər soyuq və qarlı havalarda daha çox baş verir. Belə problemlərlə qarşılaşmaq istəməyən sürücülər indidən qışa hazırlaşmalıdır. Qışa hazırlıq zamanı əsasən akkumulyatora, silgəclərə, qızdırıcıya, duman əleyhinə işıqlara, əyləc sisteminə, təkərlərə və sobanın vəziyyətinə diqqət yetirmək lazımdır. Bunun üçün isə kifayət qədər məbləğdə vəsait tələb olunur. Bundan başqa indi avtomobil ehtiyat hissələrinin qiymətində artım var. Əsasən təkər zənciri, antifriz, tosol kimi məhsulların qiymətində müşahidə olunan artıma sürücülərin münasibəti heç də birmənalı deyil. Satıcılar isə ehtiyat hissələrində qiymət artımının mövsümi amillərlə əlaqəli olduğunu iddia edirlər. Öz növbəsində mütəxəssislər hesab edirlər ki, avtomobil ehtiyat hissələrinin dövriyyəsində qış aylarında nisbətən azalma olsa da, bəzi detalların qiymətlərində süni qiymət artımı var.
Bütün bunlar avtomobillərin qiymətinə təsirsiz ötüşmür. Digər tərəfdən avtomobil bazarını araşdıran mütəxəssislər bildirir ki, bazarda köhnə maşınlar yerini yeni modellərə verir. İndi bazardakı maşınların yarısı son 3-4 ilin avtomobilləridir. Ekspertlər hesab edir ki, hər il yay aylarında ucuzlaşma olsa da, payız və qışda qiymətlər artır. Digər tərəfdən avtomobil kreditlərinə görə hesablanan faizlərin yüksək olması da vəziyyətə təsirsiz ötüşmür.
Məlumdur ki, Azərbaycanda maşın kreditlərinin faiz dərəcələri MDB-də ən yüksəkdir. Ölkədə bu növ kredit faizləri 16-20% arasında dəyişir. Qeyd edək ki, maşın kreditləri əhalinin ən çox müraciət etdiyi kredit növü olduğundan, bu sahədə geriyə ödəmələr zamanı da ciddi problemlər yaranır. Bunun əsas səbəbləri kimi isə kommersiya banklarının vətəndaşlara kredit şərtlərini düzgün izah etməməsi, alıcıların isə sənədləşdirmə zamanı aylıq qazancları barədə yalan məlumatlar verməsi göstərilir. Bu problemlər isə avtomobil bazarına birbaşa təsir göstərir. Apardığımız araşdırmalar göstərdi ki, nəinki alıcılar, hətta satıcılar da kreditlə maşın alış-satışından razı deyil.
İqtisadçı-ekspertlər deyir ki, Azərbaycanda depozit faizləri 8% olsa da, maşın kreditlərində faiz göstəriciləri depozit faizlərini 2 qat üstələyərək 16%-i aşır. Bu isə istehlakçının alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, problemli kreditlərin sayını da artırır. Çünki prosedurlara görə, ölkədə depozit faizi ilə kredit faizi uyğunlaşdırılmalıdır. Belə ki, əgər depozit faizləri 8%-dirsə, kredit faizləri təxminən 10%-ə qədər həcmində götürülməlidir.
O da məlumdur ki, ölkədəki banklar avtomobil almaq istəyənlərə fərqli şərtlərlə kreditləri təklif edir. Müştərini cəlb etmək üçün ilk öncə faiz dərəcələri sərfəli görünə bilər. Lakin müxtəlif xidmət (məsələn, komissiyon xərcləri) haqları ilə birlikdə hesabladıqda avtomobilin çox yüksək qiymətə başa gəldiyini görmək olar. Əksər hallarda banklar göstərdikləri faiz dərəcəsindən bir neçə faiz yüksək həddə kredit verirlər.
Xatırladaq ki, maşın kreditləri ilə bağlı şərtlər qanunla tənzimlənmir. Yalnız Mərkəzi Bank kommersiya banklarına məsləhət xarakterli bildiriş verə bilər. Ekspertlər isə qeyd edir ki, bank faiz dərəcələrinin aşağı salınması üçün mexanizmlərə və müəyyən qabaqlayıcı tədbirlərə ehtiyac var.