Bakı-Tiflis-Qarsa qarşı İvanişvili təhdidi davam edir
25 Dekabr 2012 11:57 (UTC+04:00)
Gürcüstanın yeni hökumətinin Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı
mövqeyi bu sahədə ciddi problemlərin üzə çıxa biləcəyindən xəbər
verir. Məsələ burasındadır ki, qonşu ölkənin yeni hökuməti
artıq reallaşması başa çatmaq üzrə olan bu layihənin həyata
keçməsini indi özü üçün iqtisadi təhdid sayır. Hər halda
Gürcüstanın baş naziri Bidzina İvanişvilinin son açıqlamaları bu
qənaətə gəlməyə əsas verir.
O qeyd edib ki, bu dəmiryolunun tikintisi ilə artıq mövcud olan
mərkəzi dəmiryol magistralı zərər çəkməməlidir: "Bu gün mövcud olan
dəmir yolları 180 kilometrlik Qars-Axalkalaki dəmir yolundan daha
çoxdur. Onun layihə gücü, tutumu 25 tonadək təşkil edir və bəzi
dəyişikliklər təqdirində 40 tona qədər artırıla bilər. Dəmir
yolunun işləməyə başlayacağı birinci mərhələdə köhnə dəmir yolunda
mal dövriyyəsinin aşağı düşmə təhlükəsi var".
Baş nazir deyib ki, yeni dəmir yolunun tikintisi yüklərin axınına
səbəb ola bilər və Gürcüstan limanlarının bir hissəsi bu qədər yükü
qəbul edə biməz: "Ona görə mən hesab edirəm ki, bunu
qonşularımızla, xüsusilə də Azərbaycanla danışıqlar,
məsləhətləşmələr yolu ilə həll edə bilərik. Birinci
mərhələdə, yeni dəmir yolu işləməyə başlayanda bildiyim qədər
ticarət dövriyyəsi beş milyon dollar olacaq. Yeni çəkilən yola görə
mövcud yolun ziyan çəkməməlidir". İvanişvili ümidvar olduğunu
bildirib ki, sonda sözügedən problem tənzimlənəcək. Lakin
ekspertlər hesab edir ki, məsələni indi gündəmə gətirməklə və
maneələr yaratmaqla İvanişvili Bakı-Tiflis-Qarsa qarış olan erməni
lobbisinin və Rusiyanın maraqlarına xidmət edir. Bu vəziyyət isə
Bakı və Tiflis arasında münasibətlərə ciddi təhdid yaradır.
Bununla yanaşı o qeyd edib ki, dekabrın 26-da Azərbaycana nəzərdə
tutulan səfəri zamanı Qars-Axalkalaki-Tiflis-Bakı layihəsini
müzakirə etmək niyyətində deyil: "Bu məsələ üzərində qrup işləyir
və bu, kifayətdir. Mən Bakı səfəri zamanı məsələni müzakirə etmək
fikrində deyiləm".
Bundan əvvəl İvanişvili "Rezonansi" qəzetinə müsahibəsində
bildirmişdi ki, Bakı-Tiflis-Qars dəmir yolu magistralının tikintisi
bir sıra suallar doğurur. Azərbaycanın Nəqliyyat Nazirliyi Bidzina
İvanişvilinin "Rezonansi" qəzetinə müsahibəsində Qars-Axalkalaki
dəmiryol magistralı layihəsinin effektivliyi və lazımlığı barəsində
öz şübhəsini bildirməsi ilə əlaqədar bəyanatla çıxış edib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov
bildirib ki, şübhəsiz ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi
regional və qlobal xarakteri daşıyır. Qars-Axalkalaki dəmiryol
magistralı bu layihənin seqmentlərindən biridir: "Bu layihənin
həyata keçirilməsinin hüquqi əsası dövlət başçılarının üçtərəfli
bəyanatları və Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri arasında
əldə edilən razılaşma müqaviləsidir. Bu müqaviləyə uyğun olaraq
tərəflər (Azərbaycan, Gürcüstan və Türkiyə) layihənin həyata
keçirilməsi barəsində öz üzərinə öhdəliklər götürüblər. Bildiyiniz
kimi, bu müqavilə əsasında Azərbaycan hökuməti Gürcüstan tərəfinə
layihənin Gürcüstan hissəsinə 775 milyon ABŞ dolları məbləğində
güzəstli kredit ayırıb". Onun sözlərinə görə, regionun əksər
ölkələri, o cümlədən Orta Asiya və Avropa ölkələri bu layihəyə
böyük maraq göstərib və onun reallaşmasını dəstəkləyib: "Azərbaycan
əmindir ki, bu layihənin regionda və regiondan kənar böyük
strateji, iqtisadi əhəmiyyəti var. Həmçinin onu da qeyd etmək
lazımdır ki, onun icrasından sonra bu layihə regionda təhlükəsizlik
sisteminin bir hissəsi olacaq. Azərbaycan həmişə öz üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirib və yerinə yetirir. Eyni
zamanda müqaviləyə əsasən bu münasibəti öz tərəfdaşlarından da
gözləyir".
Öz növbəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki,
sözügedən dəmir yolu magistralının inşasından imtina Gürcüstanı
Avropadan uzaqlaşdırar və Rusiyadan asılı vəziyyətə sala bilər. Onu
da bildirək ki, Bakı-Tiflis-Qars Çindən Avropaya qədər blok
qatarlarda konteyner daşımaları təşkil etməyə imkan yaradacaq.
Layihənin təşəbbüskarı Qazaxıstandır. Astana bu təşəbbüsə
Azərbaycanı, Gürcüstanı və Türkiyəni də qoşmaq istəyir və bölgə
ölkələrinin bununla bağlı anlaşma imzalamasına çalışır. Təşəbbüsə
görə, yüklər Qazaxıstanda yerləşən Dostık/Altınkol stansiyasından,
yəni Qazaxıstan-Çin sərhədindən qəbul edilərək Jezkazqan - Beyneu
xəttindən keçməklə Aktauya gətirilməsi planlaşdırılır. Daha sonra
yük qatarları bərəyə yerləşdirilərək Bakıya gətiriləcək, buradan
isə qatarlar yenidən quruya çıxaraq Bakı-Tiflis-Qars xətti ilə
Türkiyə dəmir yolları şəbəkəsinə çıxacaq. Buradan isə Bosfor
boğazının altındakı tuneldən keçməklə Avropa sərhədlərinə qədər
gedəcək. Ümumilikdə marşrutun uzunluğu 4192 km olacaq.
Layihə blok qatarların hərəkətini müəyyən qrafikə salmağı və
fasiləsizliyini təmin etməyi nəzərdə tutur. Hazırda bu yüklər
pərakəndə şəkildə daşınır və yük axınının fasiləsizliyi zəif təmin
edilib. Yüklər təkərli avtonəqliyyatdan RO-RO tipli gəmilərə, yaxud
bərələrə yüklənir. Layihə isə onların konteynerlərlə blok qatarlara
yüklənməsini, həmçinin bərələrə konteynerlərin deyil, vaqonların
yerləşdirilməsini nəzərdə tutur. Ekspertlərin fikrincə, bu,
yüklərin limanları keçmə müddətini xeyli qısaldacaq.