Elmi dərəcələr üçün prosedurların sadələşdirilməsi zərurətə çevrilir
25 Dekabr 2012 11:49 (UTC+04:00)
Müstəqillik əldə etdikdən sonra, sosializmdən kapitalizmə qəfil
keçid zamanı ölkədə elm sektoru tənəzzülə uğramağa başladı. Düzdür,
sonradan bu sahədə vəziyyət dəyişdi. Lakin ekspertlərə hələ də elm
sahəsinəd islahtların aparılmasını vacib sayırlar. Məsələn,
ölkəmizdə elmi adların alınması üçün hələ də sovet dövründə qüvvədə
olan prosedurlar qalmaqdadır.
Bu da gənclərin elmə axınının qarşısını alır. Təhsil naziri Misir
Mərdanov bildirib ki, gənc alimlərin sayı kritik həddə az
olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər
görülməldir. Onun sözlərinə görə, elmi dərəcələr almaq
istəyən gənclər üçün tələb olunan prosedurlar sadələşdirilməlidir:
"Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir
o qədər də problemlərlə rastlaşmırlar. Biz nə ediriksə, onların
hamısı elmin inkişafına yönəlməli, süni maneələr aradan
qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz
deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək".
M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox
azdır: "Hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi
var. Onlardan 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə
doktoru və elmlər namizədidir. Azərbaycanda alimlərin, elmlər
doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni
çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə az
olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər
görülməldir".
MEA prezidenti Mahmud Kərimov isə bildirib ki, Qərbdə Ali
Attestasiya Komissiyasına sənədlərin təqdim edilməsi proseduru
yoxdur: "Sadəcə, hansısa elmi tədqiqat müəssisəsinin Elmi Şurası
işi dinləyir, müraciət edənə fəlsəfə elmlər doktoru və digər elmi
dərəcələrin verilməsi barədə qərar qəbul edir. Əslində bu,
sadələşdirilmiş prosedurdur. Bunun da öz üstünlükləri var. Ancaq o
şərtlə ki, Elmi şuralar həqiqətən də obyektiv olacaqlar. Əgər bu
prinsipiallıq, obyektivlik təmin olunmayacaqsa, onda hesab edirəm
ki, Ali Attestasiya Komissiyasının mövcudluğu zəruridir".
AMEA prezidenti Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas
çətinliyin nədən ibarət olduğunu da açıqlayıb: "Çətinlik ondan
ibarətdir ki, hər bir müdafiə şurasına ay ərzində müdafiə oluna
bilən dissertasiyaların sayını özündə əks etdirən hansısa plan
təqdim olunur. Ancaq faktiki olaraq bəzən iddiaçıların sayı bundan
qat-qat çox olur. Nəticədə növbə yaranır. Bəzən bu, illərlə davam
edir. İşin özünün müdafiə olunması, rəylərin verilməsi tez həll
olunur, o qədər də vaxt aparmır. Hər bir iddiaçı öz növbəsini
gözləməlidir. Bu da bir qədər maneə yaradır".
Ekspertlər hesab edirlər ki, maliyyə durumunun aşağı olması ilə
yanaşı, prosedurların çoxluğu gənclərin elmə axınına mənfi təsir
göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri
Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycanda elmi adların
alınmasında təqdim olunan elmi işin sanballılığından daha çox,
prosedurların dəqiqliyinə fikir verirlər: "Sovet dövründə belə bir
fikir var idi ki, nə istəyirsən yaz, təki prosedurları düzgün
keçəsən. İndi də bunun əziyyətini çəkirik. Avropada hətta
magistraturanı bitirən şəxs elmi araşdırma ilə çıxış edə bilir.
Avropada təqdim olunan məqalədə elmi kəşflərin gücünə diqqət
yetirilir. Orada elmi araşdırma şuraları o qədər müstəqildilər ki,
qəbul etdikləri qərar heç kəsdə şübhə doğurmur".
M.Zülfüqarlının fikrincə, Azərbaycanda elmi adların alınması
sahəsində prosedurlar asanlaşdırılsa, başqa bir problem meydana
çıxacaq: "Bundan sui-istifadə edənlər tapılacaq. Məlumdur ki,
Azərbaycanda elmi titulları olan şəxslərə dövlət tərəfindən ciddi
təqaüd verilmir. Bir çoxları şöhrət üçün elmi ad almaq istəyir.
Amerikada yalançı elm adamları heç bir problem yaratmır. İstənilən
şəxs ödənişini ödəməklə Nyu-York Elmlər Akademiyasının üzvü ola
bilir. Akademiya üzvlərinin ödənişindən gəlir götürür. Alim
istəsə boş-bekar gəzər, istəsə də gedib hansısa şirkətdə müqavilə
əsasında elmi araşdırmalarla məşğul ola bilər. Bu gün dünyada elmi
araşdırmaların arxasında biznes durur. Biznes dəstəyi, təlabat
olmadan elmi adların, araşdırmaların heç bir faydası yoxdur".