Sürüşmə trayektoriyası genişlənir
25 Dekabr 2012 13:20 (UTC+04:00)
Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qümayəndəsi
Bəxtiyar Qaralov açıqlama verərək bildirib ki, Bakının Əhmədli
qəsəbəsindəki Gəncə prospekti ərazisində sürüşmə təhlükəsi artıb.
O, Qaraçuxur qəsəbəsində də anoloji vəziyyətin hökm sürdüyünü qeyd
edib. Bir sözlə proses sürüşmə trayektoriyasının genişləndiyindən
xəbər verir.
Xatırladaq ki, bu yaxınlarda Badamdarda, 20-ci sahə deyilən ərazidə
də sürüşmə baş vermişdi. Burada sürüşməyə yuxarı ərazilərdə
yerləşən tikintilərdən axan kanalizasiya sularının səbəb olduğu
bildirilirdi.
Son sürüşmə aktivliyinin artmasının necə olacağını və onun
qarşısını birdəfəlik almağın mümkün olub-olmayacağını ekspertlə
dəyərləndirdik. Müstəqil ekoloq Samir İsayevin fikrincə,
ölkənin bir sıra ərazilərində sürüşmənin aktivləşməsi
təsərrüfatsızlığın, özbaşına fəaliyyətin nəticəsidir: "Sürüşmələrin
baş verdiyi ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən sürüşmə təhlükəsi elan olunmuş ərazilərdir. Sadəcə
olaraq həmin ərazilər təsərrüfat fəaliyyəti aparılan və binalar
tikilən, kanalizasiya və su xətləri çəkilən zaman heç bir halda
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
razılaşdırılmayıb. Həmin ərazilər daha həssas yerlər olduğundan
burada xüsusi fəaliyyət həyata keçirilməlidir. Təəssüf ki, şəhərdə
aparılan tikinti abadlaşdırma, infrastruktur layihələri zamanı
Ekologiya Nazirliyinin fikri ya ümumiyyətlə soruşulmur,
soruşulduqda belə ümumən nəzərə alınmır. Ya da formal olaraq
onlardan münasibət öyrənilir. Son illərə qədər tikinti
şirkətlərinin harada gəldi inşaat işləri həyata keçirməsinin
nəticəsi olaraq indi paytaxtda sürüşməyə meylli ərazilərin sahələri
də genişlənib. Yəni sürüşmələr heç də sonradan əmələ gələn proses
deyil, bunların hamısı şəhərdə baş verən təsərrüfatsızlığın,
özbaşınalığın nəticəsidir. Yaşıllıq və ağacların məhv edilməsi də
sürüşmə tendensiyasını yaradan amillərdəndir. Amma əsas amil
binaların harda gəldi, su xətlərinin necə gəldi tikilməsilə
bağlıdır. Bütün bu tədbirlər Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin razılığı ilə olmalı idi. Torpağın aşağı qatları həssas
ərazilərdir. Bura suyun dolduğundan ərazidə hər hansı bir fəaliyyət
həyata keçirmək təhlükəlidir. Hər bir halda sürüşmə halı ilə
bağlı yaranmış indiki vəziyyət mütəxəssis rəyinin olmamasının,
özbaşına qərarlar verilməsinin nəticəsidir. Son 20 il ərzində
dağətrafı ərazilərdə çoxlu meşə qırğınları baş verib. Bu da həmin
ərazilərin açıq qalmasına gətirib çıxarıb ki, belə ərazilərdə də
torpaqların sürüşmə ehtimalı artır. Üçüncü mühüm faktor isə ondan
ibarətdir ki, dağ rayonlarında aparılan tikinti- quraşdırma işləri
də həmin ərazidəki qrunt qatı öyrənilmədən aparılıb. Belə fəsadlar
həm yol çəkilməsi prosesində, həm binaların tikintisində, həm
təsərrüfat fəaliyyətinin həyata keçirilməsində yaranan məsələdir.
Hazırda Azərbaycanın dağ yamaclarındakı yollar tikinti işlərinin
aparılması ilə bağlı olaraq 25-30 tonluq maşınların altında qalır.
Bu proses də dağıdıcı təsir göstərir. Həmin təsirdən sonra yağan
yağış birbaşa torpağın alt qatında olan gil qatına təsir edir və bu
da torpağın sürüşməsinə gətirib çıxarır. Bütün bunlar ətraf mühitə
qayğı göstərilməməsinin, mütəxəssis rəylərinə fikir verilməməsinin
nəticəsidir".
Problemin həlli üçünsə həmsöhbətimizə görə ciddi planlaşdırma
işləri, ətraf mühitin təsirinin qiymətləndirilməsi aparılmalıdır.