«Kompüterimdə heç bir məlumat itkisi yoxdur»

25 Dekabr 2012 12:50 (UTC+04:00)
Bu ilin noyabrın 5-9-da Bakıda keçirilən VII İnternet İdarəçiliyi Forumunda (Internet Governance Forum) iştirak edən Avropa Komissiyasının rəqəmsal gündəlik üzrə vitse-prezidenti Nili Kroesin (Neelie Kroes) mətbuat katibi Rayn Heat (Ryan Heath) öz şəxsi "Twitter" ünvanında Azərbaycanda olduqları zaman kompüterlərinə müdaxilə edilməsi barədə yeni məlumatlar yerləşdirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, İnternet İdarəçiliyi Forumunda mətbuat katibi R.Heat birmənalı şəkildə qeyd edib ki, onun Bakıda yerləşdiyi hotel nömrəsində kompüterinə müdaxilə olunub və o, bu müdaxiləni onlara olan nəzarətin təzahürü kimi ictimaiyyətə açıqlayıb.
Ötən gün R.Heat "Twitter" ünvanında qurumun İT mütəxəssislərinin bu işlə bağlı araşdırmalarını bitirdiklərini və faktiki olaraq müdaxilənin sübut olunmasına dair heç bir dəlil aşkar olunmadığını qeyd edib.
"Artıq bizim İT təhlükəsizlik xidmətlərindən mənim şəxsi kompüterimlə bağlı əhəmiyyətli yeniliklərimiz var. Kompüterdə ziddiyyətli sertifikatlar, şübhəli mesajlar qəbul olunmuşdur və parollara müdaxiləni istisna etmək mümkün deyil. Digər tərəfdən, kompüterimdə heç bir məlumat itkisi qeydə alınmayıb və zərərli proqram yoxdur. Bu xəbər bizi rahatlatdı və biz bu məsələni bağlı hesab edirik".