Azərbaycan hüquq-mühafizə orqanları Sevinc Babayevanın tutulması üçün İnterpola müraciət edib
25 Dekabr 2012 14:13 (UTC+04:00)
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad
Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı
hallanan Sevinc Babayeva beynəlxalq axtarışa verilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S.
Babayeva ölkədən qaçdığı üçün onu respublikada həbs etmək mümkün
olmayıb. Azərbaycan hüquq-mühafizə orqanları S. Babayevanı hansı
ölkədə gizləndiyini müəyyən edərək onun tutulması üçün İnterpola
müraciət edib.
Artıq S. Babayevanın beynəlxalq axtarışda olması barədə məlumat
İnterpolun rəsmi internet səhifəsində də yerləşdirilib. İnterpolun
saytında S. Babayevanın dələduzluq faktı ilə əlaqədar Azərbaycan
tərəfindən axtarıldığı qeyd edilir.
(http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-350748)
Xatırladaq ki, APA bir müddət əvvəl S. Babayeva ilə bağlı hələ bir
neçə il əvvəl dələduzluq faktına görə cinayət işinin başlanmasına
dair məlumat yaymışdı. Həmin məlumata görə, S. Babayeva bir neçə
ilə əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq
alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan
vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə
daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi
başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S.
Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi
ödənildikdən sonra işə xitam verilib.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S. Babayevanın
vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.
Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat
Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc
Babayeva ilə bağlı video material yayılıb. Video materialda
deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva
arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək
məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə
dialoq əksini tapıb.
Məlum video yayıldıqdan sonra deputat G. Əhmədova istintaqa
çağırılaraq dindirilsə də, S. Babayeva ölkədən qaçdığı üçün onun
ifadəsini almaq mümkün olmayıb.