“Bura sənətsevərlərin sevimli görüş yeridir” - Mehriban Əliyeva
31 İyul 2016 17:18 (UTC+04:00)
İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi
açılış mərasimi olub. Movqe.az -ın məlumatına görə, Qəbələ
şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada
quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə
Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna
rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına
təbrik məktubu oxunub.
Məktubda deyilir: "Əziz dostlar!
Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və
qonaqlarının üzünə açır.
Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan
Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin
qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin – Qafqaz
Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası
dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif
xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində
yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun
təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər
beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və
sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi
tanınmaqdadır.
2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli
musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu.
Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi
mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar
arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə
xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz
beynəlxalq nüfuzunu ildən-ilə artırır.
Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin
sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi
Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi
bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin
qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən
musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait
yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz
töhfəsini verir.
Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi
dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama
çevriləcəkdir.
Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın
heyranedici mühitində xoş ünsiyyət arzulayıram".
Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan
Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının
dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət
Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin,
C.Rossininin əsərləri səsləndirilib. İfaçılar - Dövlət Akademik
Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun,
Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin
çıxışları alqışlarla qarşılanıb.
Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, SSRİ
Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi
Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının
təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım
Mehriban Əliyevaya təşəkkürünü bildirib. Xalq və bəstəkar
musiqilərini səsləndirən Polad Bülbüloğlunu gənc dirijor Murtuza
Bülbülün idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət
edib.
Birinci xanım Mehriban Əliyevanın məktubunda qeyd edildiyi kimi,
Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə
çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin
rəğbətini qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin
birinci xanımı Mehriban Əliyeva artıq neçə ildir ki, bu musiqi
festivalının respublikamızın dilbər guşəsi olan Qəbələdə
keçirilməsinə yaxından dəstək verirlər. Bu beynəlxalq musiqi
festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin
göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki,
dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur
solistlərin, orkestrlərin ifası ilə mənəvi yaxınlığı hiss etməyə
imkan verir.
Musiqisevərlərin çoxdan gözlədiyi gün gəlib çatıb və artıq Qəbələ
Beynəlxalq Musiqi Festivalı öz qapılarını yenidən sənətsevərlərin
üzünə açıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən
keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və
ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Ölkəmizdə elan
olunan "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlərin
sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki
proqramı hər il olduğu kimi çox zəngindir.
Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın
və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc
ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar.
Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Bu
günlərdə isə Qəbələdə pianoçuların beynəlxalq müsabiqəsi də
keçiriləcək.
Avqustun 5-dək davam edəcək VIII Beynəlxalq Musiqi Festivalında
Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ,
İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak
edirlər.