Ordu sıralarında qadınlar
25 Dekabr 2012 17:27 (UTC+04:00)
Gözəl həyat yoldaşı, yaxşı ana, bacı, müəllimə, həkim olan qadınlar
lazım olan vaxt güclü, dözümlü, döyüşkən də ola bilir.
Azərbaycanımızın tarixinə nəzər saldıqda bunun şahidi oluruq.
Neçə-neçə qadın döyüşçülərimiz olmuşdur ki, onların adı indiyədək
dillər əzbəridir.
Müasir dövrümüzdə də hərbi xidmətdə quluq edən qadınlar var.
Bu gün dünyanın bir sıra ölkələrində qadın hərbçilərin sayı kifayət
qədərdir. İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi
qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə
qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda
əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə
qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri
arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da
qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini
tutur. Bu ölkənin ordusunda 50 min qadın əsgər var. Rusiya da
qadınlar üçün hərbi xidməti məcburi etmək istəyir. Bəs Azərbaycanda
bunun tətbiqi mümkündürmü?
"Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzinin rəhbəri
Cəsur Məmmədov aşağıdakı fikirləri səsləndirib: "Əgər biz diqqət
yetirsək, bir sıra vəzifələrdə, məsələn hərbi tibbi vəzifələrdə,
kargüzarlıq vəzifəsində, bir sıra texniki vəzifələrdə qadınlar
xidmət edir. Bir neçə il bundan əvvəl Azərbaycanın ali hərbi
məktəblərinə qızların da qəbulu nəzərdə tutulmuşdu. O zaman bir
neçə qız qəbul olub məktəbi bitirmiş və ordu sıralarında xidmətə
başlamışdı. Düzdür, sonradan bu proses dayandı. O da faktdır ki,
ümumilikdə biz baxsaq, qadınların Azərbaycanın Silahlı Qüvvələrində
xidməti çox cüzi faiz təşkil edər. Bir sıra qoşun növlərində
qadınların sayı daha çoxdur, nəinki Müdafiə Nazirliyində.
Azərbaycanın hərbi qanunvericiliyində qadınların hərbi xidmətə
çağırılması məcburiyyəti ilə bağlı hər hansı bir müddəa
yoxdur. Bəllidir ki, Azərbaycanın Silahlı Qüvvələrində
mülkiləşmə prosesi getməlidir. Ümumilikdə, islahatlar prosesinə
əsasən, Silahlı Qüvvələrin əsaslı şəkildə mülkiləşdirilməsi həyata
keçirilməlidir. Mən hesab edirəm ki, bu prosesdə Azərbaycanda
Silahlı Qüvvələrində qadınların xidmət etməsinə ehtiyac çoxalacaq.
Düzdür, qadının əlinə silah götürüb cəbhə xəttində xidmət etməyi
bir qədər inandırıcı görünmür. Amma arxada xeyli vəzifələr var ki,
hətta döyüşün planlaşdırılması istiqamətində, xəritələr üzərində
işin aparılması prosesində qadınların əməyinə də ehtiyac olacaq. Bu
istiqamətdə Azərbaycanın öyrənə biləcəyi bir sıra dünya təcrbələri
var".