Bakı Slavyan Universitetində "Ulduz" müzakirə olundu
25 Dekabr 2012 18:11 (UTC+04:00)
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində "Ulduz"
jurnalının Kəramət Böyükçölün məsul redaktorluğu ilə buraxılan son
sayının müzakirəsi keçirilib. Müzakirədə Kamal Abdulla, tənqidçi
Tehran Əlişanoğlu, yazar Etimad Başkeçid, gənc imzalar Cavid
Zeynallı, Kəramət Böyükçöl, Yaradıcılıq fakültəsinin tələbələri
iştirak ediblər.
Qeyd edək ki, "Ulduz" jurnalının gənclərin - Qismət, Aysel Əlizadə,
Cavid Zeynallı və Kəramət Böyükçölün - məsul redaktorluğu ilə 4
sayı işıq üzü görüb. Aysel Əlizadə və Qismətin də dəvət olunmasına
baxmayaraq, onlar müzakirəyə qatılmamışdılar.
Tədbiri giriş sözü ilə açan Kamal Abdulla bildirib ki, ədəbi
dərgilərin bütün məsuliyyətini gəncliyin ixtiyarına buraxmaq müsbət
ənənə yaradır: "Ancaq hesab edirəm ki, gənclərin buraxdığı
dərgiləri bir-biri ilə yox, Elçin Hüseynbəylinin redaktorluğu ilə
çıxan ənənəvi nüsxələrlə müqayisə etmək daha məqsədəuyğundur.
İndiyə qədər müxtəlif polemikalar aparılıb və əsasən son
buraxılışdan danışılanda yalnız jurnalın üzqabığından söhbət
açılır. Əslində, mahiyyətə varmaq, diqqəti mətnlərin təhlilinə
yönəltmək lazımdır. Nəzərə alaq ki, bir nömrə ilə adam yalnız
cəhdini ortaya qoya bilər, öz potensialını tam mənası ilə nümayiş
etdirə bilməz. Gənclərin məsul olduğu nüsxələri müqayisəyə
gətirdikdə isə, öncəki jurnallarda bilinmir ki, bu layihə nədir,
redaktor kimdir, ümumiyyətlə, heç bir təqdimat yoxdur, sanki
redaktor çəkilib mətnlərin arxasına, özünü materiallarda əridib,
müəllifləri təqdim edir. Son buraxılışda isə həm dizayn, həm
redaktorun "Ön söz"lə çıxışı və təqdimatı, jurnalı vərəqlədikcə
oxucunu tək buraxmaması təqdirəlayiq işdir. Bu nömrə artıq
redaktorun öz istəyi ilə buraxılan nömrədir. Mənə elə gəlir,
redaktorun imkanı olsaydı, təkrarlar daha da çoxalacaqdı, çünki öz
sevdiyi əsərləri nəşr edəcəkdi.
Digər buraxılışlarda isə daha geniş mənzərə var, redaktorlar, bəlkə
də, sevmədikləri materialı da jurnalda çap ediblər. Bu baxımdan,
buraxılışın kiminsə zövqüncə olmaması normal sayıla bilər. Əgər
oxucu jurnalda oxumağa mətn tapırsa, deməli, o jurnal var".
K.Böyükçöl nəşri hazırlayarkən münasibəti olan bütün qələm
sahiblərinin fikirlərini öyrəndiyini önə çəkdi: "Bu baxımdan
"Ulduz"un son sayında yaradıcı şəxslərin əksəriyyətinin rəyini
nəzərə almağa çalışmışıq. Xüsusilə, şəhər mühitində təmsil olunan
yazarların mətbuata çıxma imkanlarının genişliyini əsas götürdük və
diqqəti əyalətlərə ayırmağa çalışdıq. Təkcə bir faktı deyim ki,
mənim elektron ünvanıma əyalətlərdən 100-dən artıq ədəbi mətn
gəlmişdi. Bu, əyalətlərdə diqqətdən kənarda qalan yazarların
miqyasını təsəvvür etməyə imkan verir və biz çalışmalıyıq ki,
onların arasında olan ən istedadlılarının nüfuzlu dərgilərdə çapına
şərait yaransın".
Cavid Zeynallı isə jurnalın son sayı ilə bağlı təbriklərini və
dəstəyini bildirdikdən sonra ətraflı təhlilə başladı: "Gənclik -
məsul olduğu jurnalın dörd sayının hər birində nə istədiyini və
nəyə nail olduğunu tam olaraq göstərə bildi. Və 2004-cü il Elçin
Hüseynbəyli redaktor gələndən sonra işıq üzü görən dörd sayı çıxmaq
şərtilə, gənclik buraxılışlarının hər biri onlardan daha yaxşıdır.
Və bu jurnala məsul olan gənc redaktorların hər biri jurnala baş
redaktor olmağa qadirdir və layiqdir".
C.Zeynallı bu və ya digər vaxtlarda ədəbi portal və saytlarda dərc
olunan materialların təkrar nəşrinə iradlarını da bildirdi: "Hesab
edirəm ki, bu materialların təkrar çapından qaçmaq daha yaxşı
olardı. Ancaq bir məsələni də etiraf edək ki, biz nə qədər çalışsaq
da, "Ulduz"un bəlli büdcəsindən və qəlibindən çıxa bilmirik. O
maliyyə büdcəsi və qəliblərlə xüsusi, tam fərqli buraxılış
hazırlamaq çox çətindir".
Daha sonra Yaradıcılıq fakültəsinin tələbələri ilə açıq
dikussiyalar başladı. Tələbələri maraqlandıran suallara - mətnlərin
çapa seçilməsində hansı meyarların əsas götürüldüyü, təkrarların,
əyalətdəki yazarlara geniş yer verilməməsinin səbəbi, ümumiyətlə,
redaktorların ədəbi baxışları və bunu ifadə etmə yolları barədə və
s. - Kəramət Böyükçöl və Cavid Zeynallı cavab verdi, yaradıcı
gənclərlə polemika aparıldı. Tələbələr K.Böyükçölün uğurunun səbəbi
kimi gənclərin buraxdığı digər nüsxələri göstərdilər. Belə ki,
artıq ənənə yaranır və hər bir gənc məsul redaktor olduqda özündən
əvvəlki müsbət layihələri davam etdirmək, yanlışlıqları isə
təkrarlamamaq fürsəti əldə edir və nəticə ümumi işdə özünü
göstərir.
Yanlışlıqlar sırasında isə müsahibələrin çoxluğunu göstərdilər.
Yazıçı Kamal Abdulla ilə müsahibəyə həm də BSU-da təhsil aldıqları
və müəllifi yaxından tanımaq imkanları olduqlarından, xüsusi önəm
verdiklərinə toxunan tələbələr sualları daha mükəmməl verməyin və
söhbətə daha yaxşı hazırlaşmağın mümkünlüyünü bildirdilər.
Jurnalın Rafiq Tağıya deyil, yenicə rəhmətə getmiş Zərdüşt Şəfiyə
həsr olunmasının vacibliyinə toxunan tələbələr K.Böyükçölün
imzasının 4 dəfə getməyini, həmçinin materiallar hazırlandıqdan
sonar baş redaktora verilməsini və Elçin Hüseynbəylinin imzasının
saxlanılmasını nöqsan saydılar: "Əgər jurnalı gənclər buraxırsa,
redaksiya tamam kənara çəkilməlidir və hazırlanan nüsxə birbaşa
mətbəəyə göndərilməlidir".
Müzakirələrin gedişində söz alan tənqidçi Tehran Əlişanoğlu
tələbələrə razılığını bildirdi: "Əslində, mənim toxunmaq istədiyim
və müzakirəsinə çalışdığım problemlərdən də, uğurlardan da
tələbələr ətraflı danışırlar və sevinirəm ki, belə gənc nəsil
yetişir. Sadəcə, bəzi məqamlara toxunmaq istərdim. Əgər Aysel
xanımın məsul olduğu sayda stixiya qorunurdusa, Kəramətin buraxdığı
say öz konseptuallığı ilə diqqəti cəlb edir. Jurnalı vərəqlədikcə
burada analitik təhlillərə daha çox yer ayrıldığını görürük.
Materialların təkrarlılığına gəlincə, artıq internet dövrüdür, çap
imkanları çoxdur və müəlliflərin təkrar çapını normal qarşılamaq
gərəkdir. Xüsusi danışmağa ehtiyac görmürəm, bizə yalnız bu
ənənələrin yaranmasına sevinmək və onların inkişafına dəstək vermək
qalır".
Etimad Başkeçid çıxışında bildirdi ki, illərin sükutundan sonra bir
ədəbi jurnalın belə müzakirəyə çıxarılması çox əlamətdar haldır:
"Ədəbi proses təkcə mətnlərin bir yerə toplanması, çapı və
cəmiyyətə təqdim olunmasından ibarət deyil. Ədəbi proses həm də
bütün bu polemikaların məcmusu deməkdir. Və polemikalarda kimin nə
deməyindən asılı olmayaraq, qabardılan nöqsanlar çox xırda
nöqsanlardır ki, bunun üstündə bu qədər dayanmağa gərək yoxdur.
Fakt ortadadər: Kəramət Böyükçölün buraxdığı say bir ədəbi
hadisədir. Əgər belə bir uğurlu say çıxıbsa, varsa, deməli, Kəramət
Böyükçölə ikinci, üçüncü şansı da vermək lazımdır".
Müzakirələrə yekun vuran K.Abdulla gənclərin buraxdığı "Ulduz"la
ənənəvi "Ulduz"u müqayisə edərkən əksəriyyətin fikri ilə
razılaşdığını və birinciyə üstünlük verdiyini söylədi: "Mən ilk
dəfə "Ulduz"un son sayında, Kəramətin rəy üçün müraciətində özümü
Redaksiya Heyətinin üzvü kimi hiss elədim. Halbuki "Ulduz"un
Redaksiya Heyəti sırasında illərdir mənim adım da yer alır. Bu
formallıq nəyə lazımdır? Bir Redaksiya Heyəti üzvü ki,
redaksiyadakı yaradıcı proseslərdən xəbərdar edilməyəcək, ona
münasibət bildirmək üçün bir dəfə də olsun material
göndərilməyəcək, rəyi öyrənilməyəcək, belə adamın Redaksiya
Heyətində qalmasının nə anlamı var?
Ona görə də burda rəsmən bəyan edirəm: Mən ənənəvi "Ulduz"un
Redaksiya Heyətindən çıxıram və bundan sonra adımın dərginin
Redaksiya Heyətində yazılmasına qəti şəkildə etiraz edirəm. Çox
istəyərəm ki, Redaksiya Heyətinə Cavid Zeynallı, Kəramət Böyükçöl
və ya "Ulduz"un hazırlanmasında iştirak edən digər bir gəncin adı
salınsın".
Xatırladaq ki, K.Böyükçölün məsul redaktorluğu ilə nəşr olunan
"Ulduz" jurnalının son sayının müzakirələri müxtəlif yaradıcı
birliklər və tənqidçilər tərəfindən davam etdirilir.