Bakıda avtomobil sıxlığı böyük problemə çevrilir

26 Dekabr 2012 07:19 (UTC+04:00)

Məlum həqiqətdir ki, bəzən texnikaya görə tərəqqi, təbiətə, insan səhhətinə və digər aspektlərə görə tənəzzül də ola bilər. Necə ki, hazırda nəqliyyat vasitələri insan fəaliyyətinə yardım etdiyi qədər də atmosferi çirkləndirə bilir. Bundan başqa say çoxluğu yollardakı tıxacların başlıca amilidir. Elə ölkəmizdə də yuxarıda sadalananları problem kimi görmək asandır. Digər tərəfdən diqqət çəkən məqamlardan biri ölkədə maşın sıxlığı ilə bağlıdır.

Hesablamalar görə, hazırda Azərbaycanda bir kilometr yola 41,3, Bakıda isə hər kilometrə 426 avtomobil düşür. Ekspert Nüsrət İbrahimov bununla bağlı bildirir: "Bakıdakı avtomobillər bir cərgəyə düzülsə, yollarda hərəkət dayanar. Əgər bu problem həll olunmasa, gələcəkdə şəhərdə maşınlar hərəkət etməyəcək, nəqliyyat dayanacaq".

Onun sözlərinə görə, gələcəkdə nəqliyyat böhranını aradan qaldırmaq üçün şəhərin sərhədlərini genişləndirmək, mərkəzdə əhalinin sıxlığını azaltmaq lazımdır: "Küçələrin sayını artırmaq, onları genişləndirmək, həmçinin işıqforların sayını azaltmaq da pis olmazdı. Yaşayış binalarını şəhərdən kənarda tikmək lazımdır. Əgər bu tədbirlər görülsə, vəziyyət qismən yaxşılaşacaq. Son zamanlar hər il avtomobillərin sayı 7-8% artır. Əgər bu tendensiya davam edərsə, Respublikadakı avtomobillərin sayı 2 milyonu keçəcək. Bu zaman yollarda ümumiyyətlə yer olmayacaq".

Göründüyü kimi ölkə üzrə ümumi avtomobillərin əksər hissəsi paytaxtda cəmləşib. Bundan başqa ölkədə adambaşına düşən maşınların sayında da balans yoxdur. Təbii ki, bütün bunlar isə həm tıxaca, həm də Bakı atmosferinin çirklənməsinə səbəb yaradır. Nəqliyyat üzrə ekspert Seymur Yunusov bildirir ki, Bakının ərazisi Azərbaycan ərazisinin 2.5 - 2.7 faiz civarındadır: "Amma Azərbaycanda olan 1.1 milyon avtomobildən təxminən 700 mini bu 2.5 faiz ərazidə yerləşir. Qalan 400 mini isə 98.5 faiz ərazidə cəmləşib. Ümumi indikator var ki, bu, ölkədə avtomobilləşmə səviyyəsini, ölkədə avtomobilin sıx olub - olmadığını, həm də bazarın "doymuş" və "ac" olduğunu göstərir. Yəni, bu, hər min nəfərə düşən avtomobilin sayıdır. Azərbaycanda hər min nəfərə 110 avtomobil düşür. Amma dünyada orta göstərici 500 - dür. Hətta Nyu - Yorkda 1000 nəfərə 1200 avtomobil düşür. Amma Bakıda hər min nəfərə 350 maşın düşür. Rayonlarda isə bu rəqəm 40 - 60 arasında dəyişir. Təbii ki, bizdə bu rəqəm 500 - ə çatanda vəziyyət indikindən də gərgin olacaq. İnsanlara demək olmaz ki, sən avtomobil alma. Lakin bu, digər metodlarla tənzimlənə bilər. Burada birinci metod odur ki, avtomobillərdən insanların idarə etməsi təkmilləşdirilməlidir. Çalışmaq lazımdır ki, insanlar şəxsi avtomobillərindən daha az istifadə etsinlər. Artıq dünya ölkələrində bu tənzimlənir. Şəxsi avtomobildən müəyyən zəruri ehtiyac üçün istifadə edirlər. Bundan başqa əsas iş yerləri, təhsil müəssisələri, idarələr Bakıda yerləşdiyinə görə, axın bura çoxdur. Bakıda da nəqliyyatın axının idarə edilməsinə böyük ehtiyac var. Nazirliklər mütləq şəhərin mərkəzindəmi olmalıdır? Bu balanslaşdırılsa, insan, nəqliyyat axını idarə olunar. Bu da tıxacların qarşısını nisbətən alar. Ancaq insanların, avtomobillərin axının idarə olunması da müəyyən həddə qədərdir. O hədd "doyduqdan" sonra isə məsələ daha da çətinləşir. Artıq ölkə üzrə avtomobillər və axınlar düzgün paylanmalıdır. Şəhərdə dayanacaq məsələsi də xüsusi diqqət mərkəzində olmalıdır. Bizdə dayanacaqlar o qədər ucuzdur ki, insanlar metroya minməyi özünə yaraşdırmır. Ən böyük təhlükə odur ki, bu gün ictimai nəqliyyatdan istifadə vərdişləri itir. Yaxın məsafəyə işə maşınla gəlinirsə, deməli, dayanacaq ucuzdur. Elə tənzimləmə olmalıdır ki, insan xərcini hesablasın".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri ekoloq Telman Zeynalovun sözlərinə görə, hər bir maşın sürətindən asılı olaraq atmosferə saatda 3 kq ağır tullantı, toksigen maddələr buraxır: "Bunu maşınların sayına, tıxac olan vaxta vursaq, hətta ən zəif sürətlə hərəkət edən maşının atmosferə vurduğu ziyanın təbiətdə olan heç bir proses qarşısını ala bilmir. Nə qədər də yaşıllıq zonası düzəldilsə də xeyri yoxdur. Bu, "parnik effekti" yaradır. Orada olan zəhərli maddələrin əksəriyyəti asılı vəziyyətdə qalır. Bundan da ən çox yaşlı və uşaqlar ziyan çəkirlər. Son dövrdə sərhəddən keçən avtomobillərin müvafiq standartlara cavab verməsini yoxlayaraq onları şəhərə buraxırlar. Lakin bu proses artıq gecikib. Artıq o qədər avtomobil daxil olub ki, onların bizim atmosferə vurduğu ziyanın qarşısını almaq qeyri - mümkündür. Ölkədə olan köhnə maşınların atmosferə atdığı kifayət qədər zəhərli maddələr var. Geniş yaşıllaşmanın aparılması isə yaşayış evlərinə ziyan vurmaq deməkdir. Maşınları regionlara yönəltməyə də ehtiyac yoxdur. Onda regionların da atmosferi korlana bilər. Bunun çıxış yolu odur ki, şəhərə daxil olan maşınların sayını minimuma endirmək, yeni salınacaq yolların əksəriyyətini pullu etmək lazımdır".