Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9850 olub.
Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.
Bildirilir ki, Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.
Bunlardan 7347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.
Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilmiş, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdiriib (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).