BSU-nun yeni uğuru

26 Dekabr 2012 16:49 (UTC+04:00)
Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir.
"Azərbaycanşünaslıq" ixtisası üzrə kadr hazırlığı istiqamətində böyük təcrübə toplamış  Bakı Slavyan Universiteti müxtəlif ölkələrin universitetlərində dilimizi və mədəniyyətimizi təbliğ etmək məqsədilə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradır və onların fəaliyyətini təmin edir. Bu gün nüfuzlu ali təhsil ocaqlarından hesab olunan Rusiyanın Moskva Dövlət Linqvistik Universitetində, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində və Ukraynanın Polltava İqtisadiyyat və Ticarət Universitetində  Azərbaycan Dili və Mədəniyyəti Mərkəziləri fəaliyyət göstərir.  Mərkəzlərdə məşğələlər keçirilir, tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr təşkil olunur, dövlət və milli bayramlar, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur.
Yaxın gələcəkdə bu mərkəzlərin sırasına Rusiyanın Ural  Federal Universitetində açılacaq Azərbaycan Araşdırmaları ("Azərbaycanşünaslıq") Mərkəzi də əlavə olunacaq.   Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Anatoliyeviç Kokşarov 6 oktyabr 2012-ci il tarixində Bakı Slavyan Universitetinin qonağı olduğu zaman BSU ilə Ural Federal Universiteti arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən iki universitet arasınada tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik vəsaitlərin hazırlanması  barədə razılaşma əldə edilib.
Artıq müqaviləyə əsasən  ilk addım atılmış və 26 dekabr 2012-ci il tarixində BSU ilə Ural Federal Universiteti arasında UFU-da Azərbaycan Araşdırmaları ("Azərbaycanşünaslıq") Mərkəzinin  yaradılması barədə mühüm razılaşma əldə edilib.
Sazişə əsasən, BSU Azərbaycanşünaslığın inkişafı, Azərbaycan dili və mədəniyyətinin tədrisi, tədqiq və təbliği məqsədilə yaradılacaq mərkəzin Azərbaycan ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin edilməsi, müasir texniki avadanlığın quraşdırılması, xüsusi kitabxana fondunun yaradılması, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatların yerləşdirilməsi ilə bağlı işləri, eləcə də UFU-nu Azərbaycan dili və ədəbiyyatını, tarixi və mədəniyyətini tədris edən pedaqoji kadrlarla təmin etməyi öz öhdəsinə götürüb.