Rəqabət Məcəlisi bu il də qəbul olunmadı

26 Dekabr 2012 18:20 (UTC+04:00)
Cari il ərzində qanunverici orqanda Rəqabət Məcəlisinin qəbul olunacağınadair fikirlər səslənsə də bu baş vermədi. Halbuki, əksər ekspertlərə görə, belə məcəlləyə böyük ehtiyac var. Bəs görəsən üçüncü oxunuşda qəbulunu gözləyən bu məcəllənin qəbulu niyə uzanır? O qəbul edilərsə hansı dəyişikliklərə səbəb ola bilər?.
Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov məsələ bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Rəqabət Məcəlləsi özündə çox şeyi birləşdirir. 2 oxunuşdan keçdikdən sonra yenidən onun işlənməsi ilə barədə qərar verilib. Yenidən təzə konsepsiya ilə işlənilir və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi də bu layihədə iştirak edir. Dünyada qəbul edilmiş Rəqabət məcəllələrinə uyğunlaşdırılması istiqamətində də müxtəlif addımlar atılır. Sənədin qəbul edilməməyinə gəldikdə isə mən hesab edirəm ki, bunu hökumət tərəfindən hazırlayan insanlar tez-tez dəyişdiyinə görə Rəqabət Məcəlləsi də parlamentdə müzakirə olunub sona çatmadı. Çünki ayrı-ayrı qurumların və mərkəzi icra hakimiyyəti orqanlarının, nazirliklərin, komitələrin bu və ya digər formada maraqları nəzərə alınmalı idi. Yəni gələcəkdə qanun qəbul olunduqdan sonra əsas icra hakimiyyəti onu işləyir. Ona görə onların rəyləri vacib idi. Əslində, Rəqabət Məcəlləsinin olub-olmamağına baxmayaraq, mövcud qanunvericilikdə Cinayət Məcəlləsində də rəqabət mühitini pisləşdirən, bu və ya digər formada süni qiymət artımını və bazarda inhisarçılığı davam etdirən fiziki və hüquqi şəxslər üçün cinayət məsuliyyəti var.
Fikirləşmirəm ki, Rəqabət Məcəlləsi sabah qəbul olunsun və ölkədə rəqabət mühiti həmin dəqiqə dəyişəcək. Çünki, ümumilikdə inhisarçılığın aradan qaldırılması çox böyük kompleks hərəkətlər tələb edir. Dəyişəcək olan şey odur ki, hər halda qanunun olmamağından olmağı daha məqsədəuyğundur. Qanun olsa, hər halda qanuna müvafiq icra strukturları inhisarçılıqla mübarizə apara bilərlər".
İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri, iqtisadçı ekspert Qubad İbadoğlu məsələ ilə bağlı Mövqe. Az-a açıqlamasında aşağıdakıları bildirib: "Hesab edirəm ki, daha çox məcəllənin qəbulunun uzanmasının əsas səbəblərindən biri onun ilkin mərhələsi ilə bağlı fikir ayrılıqlarının olmasındadır. Müxtəlif yanaşmalar var idi. Təəssüflər olsun ki, bu yanaşmaları ümumiləşdirən konsepsiya olmadan biz birbaşa məcəllənin özünün hazırlanmasına başladıq və son nəticədə də bu məcəllənin özünə münasibətdə fərqli fikirlərə gətirib çıxartdı. Əslində, ən pis variantda da həmin sənəd qəbul oluna bilərdi. Onu da qeyd edim ki, hal-hazırda kifayət qədər mükəmməl qanunlarımız var. İndiyə qədər də bizim xeyli əhəmiyyətli sənədlərimiz olub. Amma nəzərə almaq lazımdır ki, qəbul olunan qanunlar son nəticədə uzun müddətli dövrdə tətbiq imkanları yaradır".