“Google”-un 2012-ci ildə buraxdığı səhvlər

26 Dekabr 2012 18:45 (UTC+04:00)
Bir çox yeni məhsullar istehsal edilsə də, onların hamısı internet-nəhəngə uğur gətirmədi. Bu məqalədə geridə qoyduğumuz ildə "Google" şirkətinin ən uğursuz addımları barədə məlumat verəcəyik.
Şirkət "Google I/O"-un iyun konfransında musiqi və videonun "HDTV" televizora simsiz ötürülməsi üçün kürəşəkilli "Nexus Q" mediapleyerini təqdim etmişdi. Mediapleyerin imkanlarının "Android" platforması və "Google Music", "Google Video" və "YouTube" xidmətləri ilə məhdudlaşdırılması nəticəsində qurğu pərakəndə satışa çıxarılmadı, hərçənd cari ilin yayında onu 300 dollara sifariş etmək mümkün idi.
2012-ci ildə "Chrome OS" əsasında işləyən xrombukların qiymətinin 200 dollaradək enməsinə baxmayaraq, o da ümidləri doğrultmadı. Xrombuk konsepsiyası istifadəçi məlumatlarının kompüterin daxili yaddaşında deyil, uzaq serverlərdə saxlanılmasını nəzərdə tutur. Əgər bu qurğulara maraq azalmağa doğru getsə, layihəyə artıq 2013-cü ildə son verilə bilər.
"PC World" icmalçıları, həmçinin şirkətin "Android 4.2" platformasında buraxdığı səhvi xatırladıblar: "Əlaqələr" (People) tətbiqində quraşdırılmış təqvimdə dekabr ayı mövcud deyildi. Bu problem sonra aradan qaldırılmışdı. Sözsüz ki, bu səhvi kritik adlandırmaq olmaz, lakin səs-küy yaratmışdı.