Mənzil sığortası ilə bağlı böyük problem

27 Dekabr 2012 07:36 (UTC+04:00)

Ölkədə daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bu sahədə vəziyyətin hələ qənaətbəxş olmadığı danılmaz həqiqətdir. Bir daha xatırladaq ki, "İcbari sığortalar haqqında" qanun 2011-ci il oktyabr ayında qüvvəyə minib, dekabrın 16-dan isə qanunun icrasına başlanılıb. Qanunda yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib.

Sığorta məbləği Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub. Nəticədə, Bakıda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gəlir. Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və digər risklərdən sığortalayır.

Yaşayış evləri və mənzillərin icbari sığortası bu hadisələr nəticəsində mənzil sahiblərinə sığorta məbləğləri çərçivəsində sığorta ödənişlərinin verilməsini təmin edir. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə kompensasiya ödəyəcək ki, onlar əmlaklarını icbari sığorta etdirmiş olsunlar.

Yuxarıda qeyd olunduğu kimi isə hələ də mənzillərinin sığortalanmasına maraq göstərmirlər.

Halbuki, müvafiq dövlət strukturları və ekspertlər bunun olduqca vacib xarakter daşıdığını vurğulayırlar. Sığorta zamanı isə ilk öncə onun real bazar dəyərini müəyyən etmək lazımdır. Real bazar qiymətinin müəyyənləşdirilməsi üçün sığorta şirkətinin eksperti gəlir, evin rəsmləri çəkilir və s. qiymətləndirmə üçün uyğun şöbəyə göndərildikdən sonra hər iki tərəfin nəzarəti altında qiymətlər dəqiqləşdirilir. Əmlak hər iki tərəfin razılaşdırdığı məbləğə sığortalanır. Daşınmaz əmlakınız sığortalanması dedikdə, mənzilinizin, evinizin, bağınızın, ofisinizin, müəssisələr, zavodlar, anbarlar və s. nəzərdə tutulur. Əmlak sığortasının aşağıda göstərilən 2 əsas növü vardır. Onlardan birincisi, bütün risklərdən sığortalanmadır və onun təminatı bütün risklərdən qorunmaq imkanı verir (müharibə, terrorizm, üsyan, vətəndaş müharibəsi, nüvə silahı ilə bağlı risklər və s. istisna olmaqla) Paket şəklində olan risklərdən sığortalanma isə yalnız sığorta paketinə aid edilən risklərdən qorunmaq imkanı verir. Sığorta zamanı qənaət etməyə cəhd etməyin mənfi tərəfi ondadır ki, bu zaman ödənilən təzminat zərəri tam əhatə etməyə bilər. Həmçinin bunun əksinin müşahidə olunduğu hallar da mövcuddur. Sığorta hadisəsi baş verəndən sonra əmlakın sahibi bir gün və ya ən çoxu bir neçə gün ərzində bu haqda sığorta kompaniyasına məlumat verməlidir. Hadisə yerinə ekspert gəlir, o hadisənin nəticələrinin təsvirini həyata keçirir və fotoşəkillər çəkir. Daha sonra sənədlərin toplanması baş verir, zərərin qiymətləndirilməsi həyata keçirilir, hadisənin baş vermə səbəbləri haqqında yekun rəy alınır. Yalnız bundan sonra zərərçəkən müvafiq kompensasiya alır.

Hələlik isə müşahidə olunan odur ki, vətəndaşlar sığortaya böyük maraq göstərmirlər. Lakin mənzilini sığorta etdirməyən İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunur.

Aztəminatlı ailələrin mənzillərinin sığortasına gəlincə, Nazirlər Kabinetinin qərarında göstərilir ki, dövlət hesabına mənzili sığorta olunan şəxslər evin onlara məxsus olmasın təsdiqləyən sənədin surətini də aidiyyəti quruma təqdim etməlidirlər. Qeydiyyatsız evlərdə yaşayan aztəminatlı ailələr bu güzəştdən yararlanması isə problemlidir. Müvafiq qurumlar bildirir ki, əgər mənzil sığorta olunursa, deməli, evin sənədi olmalıdır. Sənədsiz ev isə sığorta edənin problemi deyil.