Mobil operatorların qiymət tarifi yenə narazılıq doğurur

27 Dekabr 2012 07:46 (UTC+04:00)

Azərbaycanda hələ də mobil danışıq qiymətləri baha olması ilə seçilir. Ölkədə indilikdə üç operator fəaliyyət göstərir ki, onlardan da ən böyüyü "Azercell"dir. Ölkə əhalisinin yarıdan çoxu məhz bu şirkətlə işləyir. Lakin 9 milyonluq əhaliyə üç mobil şirkətinin xidmət göstərməsinə rəğmən bu sahədə qiymətlər hələ də yüksəkdir. Operatorlar nədənsə qiymət endirimlərinə getmirlər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, Azərbaycanda mobil danışıq qiymətlərinin baha olaraq qalmasının əsas səbəbi əhalinin azlığı və yeni operatorların yoxluğu ilə bağlıdır: "Azərbaycanda hazırda üç mobil operatorunun fəaliyyət göstərməsi ilk baxışdan belə bir təsəvvür formalaşdırır ki, mobil operator sistemində müəyyən qədər rəqabət mühiti vardır. Yəni, bu operatorlar biri-birləri ilə rəqabət aparır. 5 il bundan öncə isə ölkədə cəmi 2 operator fəaliyyət göstərirdi. Amma proses ondan xəbər verir ki, üç operatorun olmasına rəğmən qiymətlər yüksəkdir. Mobil operator sahəsində ölkəmizdə "Azercell" hökmran mövqeyə malikdir. Bazarın böyük hissəsi onun əlindədir və bütün qiymətləri də o diqtə edir. Digər operatorlar olan "Bakcell" və "Azərfon" qiymətləri nə qədər aşağı salsalar da, yenə də "Azersell"ə rəqabətə tab gətirə bilmirlər. "Azercell"in bir aylıq kiçik bir kampaniya aparması kifayətdir ki, digər operatorlar kölgədə qalsın. Buna görə deyirəm ki, mobil operatorların qiymətinin baha başa gəlməsində bazar payı məsələsinin rolu böyükdür. Qiymətlərin baha başa gəlməsinin digər səbəbi isə əhalinin sayı ilə bağlı məqamdır. Rusiya kimi ölkədə 150 milyon əhali yaşayır. Bu halda orada fəaliyyət göstərən mobil operatorlarının müştəri kontingenti də böyük olur. Müştəri kontingentinin böyük olması isə qiymətlər üzrə maya dəyərinin ucuz başa gəlməsinə rəvac verir. Azərbaycanda icə əhali bu mənada azdır. Digər tərəfdən prosesə xarici mobil şirkətləri buraxılmır, yerli şirkətlər fəaliyyət göstərir. Sadəcə olaraq, həmin üç şirkətdə xarici şirkətlərin də payı var. Nəticədə ölkəmizdə məhsulun maya dəyəri baha başa gəlir və belədə qiymətlər də endirilmir. Amma böyük şirkətlərin Azərbaycana gəlməsilə onlar ucuz tariflər təklif edə bilərlər. Məsələn, Rusiyanın "Bilayn" şirkəti Gürcüstanda fəaliyyət göstərir".

Müstəqil iqtisadçı ekspert Cümşüd Nuriyev isə məsələ iləbağlı bildirir: "Azərbaycanda "Azercell" şirkəti monopoliya vəziyyətindədir. Onun tətbiq etdiyi mobil qiymətlər də baha olması ilə seçilir. "Baksell" və "Narmobil"ın qiymətləri bir qədər normaldır. Amma onların geniş şəbəkəsi yoxdur. "Azercell"in qiymətləri maya dəyərindən də dəfələrlə yüksəkdir. Əksər MDB dövlətlərində mobil operatorların qiymətləri ölkəmizə nisbətən daha ucuzdur. Gürcüstanın maliyyə imkanları böyük olmasa da, orada da sözügedən məsələdə vəziyyət Azərbaycana nisbətən xeyli yaxşıdır. Türkiyə və Rusiyada da bu qiymətlər ucuz olması ilə seçilir. Azərbaycanda hazırda "Azercell" açıq bazarda bizneslə məşğuldur. Bu şirkət zəng edib danışmadıqda belə pul yazır. İnsanlara qarşı belə münasibət yolverilməzdir. Prosesin nizama salınması üçün zənnimcə, İqtisadi İnkişaf Nazirliyinin müdaxiləsi lazımdır. Məsələ barədə ölçü götürülməlidir. Əvvəl kontur sistemi olduğundan prosesi izləmək mümkün idi, pul sistemində isə prosesi izləmək olmur". Qeyd edək ki, məsələ ilə bağlı mobil operatorların da mövqeyini diqqətinizə çatdıracağıq.