“Sağlam gənclik radikal gəncliyin tərbiyəsi ilə məşğul olmalıdır”

27 Dekabr 2012 07:51 (UTC+04:00)

"Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalı, dünyanın müasir inkişaf tendensiyasını mənimsəməlidir. Əgər müasir gənclik savadlı, təhsilli olmasa, xarici dilləri bilməsə, beynəlxalq aləmdə bəzilərinin apardığı antiazərbaycan fəaliyyətinin qarşısını almaqda çətinlik çəkəcək. Müasir Azərbaycan dövlətinin inkişaf strategiyası ona yönəlib ki, Azərbaycan gəncliyi inkişaf edə bilsin". Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Gənclər Fondunun 1 illiyi münasibəti ilə keçirilən tədbirdə çıxışında deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan gəncliyi dövlətin problemlərinin həllinə yaxından qoşulmalıdır: "Çox təəssüf ki, Azərbaycanda "Eurovision" müsabiqəsi keçirilən zaman bir qrup gənc Azərbaycanın imicinə ziyan vuran hərəkətlərə yol verdi. Onların sayı o qədər çox olmasa da, şəhərin mərkəzində keçirməyə cəhd elədikləri flaşmoblarla rəzillik göstərdilər. Onlar Azərbaycanın musiqi mədəniyyətini təbliğ etməkdənsə, xaricdən gələn turistləri taksiyə oturdub, şəhərin kənarındakı müəyyən çatışmazlıqları göstərməyi belə özlərinə yaraşdırdılar". Ə. Həsənov sağlam gəncliyi radikal gənclərin qarşısında dayanmağa, onların apardığı antitəbliğata cavab verməyə çağırıb: "Ölkədəki sağlam gənclik dövlətin, millətin təəssübünü çəkməlidir. Əgər sosial şəbəkələrdə, mitinqlərdə bir qrup qarşı tərəfdən olan az saylı, ancaq fəal gənclər iştirak edirsə, onlara qarşı sağlam gənclik dayanmalıdır. Sağlam gənclik onların tərbiyəsi ilə məşğul olmalıdır. Onları tədbirlərinizə dəvət edin, təcrid etməyin, əksinə, qoy gəlib görsünlər, fikir mübadiləsi aparın və gəncliyin missiyasını, rolunu başa salın. Azərbaycan gəncliyi beş-on yolunu azmış gəncin öhdəsindən gələ, Azərbaycan beynəlxalq aləmdə layiqincə təmsil edə bilər". Əli Həsənov Gürcütsanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini şərh edərkən deyib: "Düşünürəm ki, Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri bundan sonra da davam edəcək. Ona görə ki, Azərbaycanla Gürcüstan arasındakı bugünkü münasibətlər, bu seçilmiş kurs hər iki dövlətin xalqlarının birbaşa mənafelərinə cavab verir və maraqlarını əks etdirir". O bildirib ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün Azərbaycanda səfərdədir və Azərbaycan prezidenti, eləcə də digər rəsmilərlə görüşlər keçirir.

Şöbə müdirinin sözlərinə görə, bu görüşlər zamanı Gürcüstanın yeni hökumət rəhbəri kimi onunla Azərbaycan-Gürcüstan münasibətlərinin bütün tərəfləri müzakirə olunacaq: "Bizim strateji tərəfdaşlığımızı şərtləndirən enerji sahəsində əməkdaşlıq, bir çox beynəlxalq layihələrdə birgə iştirak, Azərbaycanla Gürcüstan arasındakı digər inteqrativ məsələlər müzakirə olunacaq".