Bidzina İvanişvili: «Mən gördüm ki, Azərbaycan öz ölkəsi, öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir»

27 Dekabr 2012 10:35 (UTC+04:00)

Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakıda gürcü jurnalistlərə Azərbaycan rəhbərliyi ilə görüşünə dair təəssüratlarını bölüşüb.

APA-nın məlumatına görə, baş nazir ölkə rəhbərliyinin onda müsbət təəssürat doğurduğunu açıqlayıb: "Mən gördüm ki, Azərbaycan öz ölkəsi, öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir".

 İvanişvili qeyd edib ki, Azərbaycan rəhbərliyi ölkəsini uzaqgörənliklə idarə edir: "Prezident və baş nazirlər görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər mövcuddur. Əgər aramızda hansısa kiçik problemlər yaransa, biz o problemləri dostluq şəraitində həll edə bilərik".

Baş naziri Bidzina İvanişvili Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşündən sonra jurnalistlərə açıqlama verib: "Mən əvvəl demişdim ki, Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi Gürcüstanın ənənəvi dəmir yollarında yükdaşımanın həcmini azaldacaq. Amma bu, tələsik bəyanat idi və bu məsələdə doğrudan da heç bir problem yoxdur".

Onun sözlərinə görə, Azərbaycan prezidenti ilə görüşü səmimi dostluq şəraitində keçib: "Bu görüşdə də qeyd etdim ki, həmin bəyanatım tələsik bəyanat idi və bu məsələdə heç bir problem yoxdur".

Qaz tarifləri ilə bağlı sualı cavablandıran baş nazir qeyd edib ki, Azərbaycan qazı Gürcüstana çox əlverişli qiymətlərlə satır: "Gürcüstan üçün yaradılmış bu şəraitlərə görə Azərbaycan prezidentinə və baş nazirinə minnətdarlıq etdim".

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.