Səbail rayonunda həmrəylik günü ərəfəsində Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd olunub
27 Dekabr 2012 14:59 (UTC+04:00)
Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon
İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayonun
idarə, müəssisə, və təşkilatlarının, elm və təhsil müəssisələrinin,
kütləvi informasiya vasitələrinin nümayəndələri, gənclər və
ağsaqqallar, veteranlar, din xadimləri, ziyalıların iştirakı ilə
Dənizkənarı Milli Parkdakı "Park Bulvar" Ticarət və İstirahət
Mərkəzindəki "Sinema-Klub"da böyük tədbir keçirilib.
Tədbiri açıq elan edən Səbail rayon
İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını və
Dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn yeni il
münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci
ildə ölkədə əldə olunmuş nailiyyətlər, beynəlxalq aləmdə
Azərbaycanın nüfuzunun artması, iqtisadiyyatdakı irəliləyişlər,
əhalinin rifah halının yüksəlməsi istiqamətində ölkədə həyata
keçirilən sosial yönümlü layihələrdən danışıbr. A.Əsgərov sona
çatan il ərzində Səbail rayonunda da görülən işlər və həyata
keçirilən layihələr, açılışları keçirilmiş obyektlər, təmir olunmuş
təhsil, səhiyyə və s. müəssisələr, həyətlər, park və istirahət
güşələri, asfaltlaşdırılmış yollar barədə məlumat vermiş və yeni
ildə qarşıda duran vəzifələrdən söz açmışdır.
Asif Əsgərov qeyd etmişdir ki, bu il həm
də böyük Azərbaycan mütəfəkkiri, Milli dramaturgiyanın banisi,
görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan
olmasının 200 illiyi böyük təntənə ilə qeyd olunur. Ölkə başçısı
tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı tarixində
parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin yubileyinin
təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalanmış və
müvafiq tədbirlərin keçiriləməsi ilə bağlı tapşırıqlar verilmişdir.
2012-ci il həmdə Türksoy çərçivəsində "M.F.Axundzadə ili" elan
edilmişdir.
Asif Əsgərov böyük Azərbaycan mütəfəkkirinin həyatı, yaradıcılığı
barədə məlumat vermiş və qeyd etmişdir ki, Milli Dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin yubileyi ilə əlaqədar bu gün onun
həyat və fəaliyyətini əks etdirən "Sübhün səfiri" filminə
ictimai baxış keçiriləcəkdir.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar
Azərbaycan Milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun
yaradıcılığı, onun mənalı həyat yoluna nəzər salmış, ölkəmizdə və
onun hüdudlarından kənarlarda keçirilən yubiley tədbirlərinindən
danışmışdır. Xalq yazıçısı həmçinin dövlət sifarişi əsasında
çəkilmiş, ssenari müəllifi olduğu "Sübhün səfiri" filminin çəkilişi
barədə danışmış, filmin yaradıcı heyətini iştirakçılara təqdim
etmişdir.
Daha sonra çıxış edən filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun
ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkiliş
günlərindən danışmışlar.
Sonda tədbir iştirakçılarına "Sübhün səfiri" filmi nümayiş
etdirilib.