Jurnalistlər mükafatlandırıldı

28 Dekabr 2012 11:00 (UTC+04:00)

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov, Milli Məclisinin sədr müavini Bahar Muradova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, icra hakimiyyətlərinin rəhbərləri, millət vəkilləri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Torqay, QHT rəhbərləri, media nümayəndələri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mükafatlandırma mərasimindəki çıxışında bildirib ki, müsabiqə üçün Fonda 79 yazı verilib, onlardan 59-u qalib olub: "Onlardan 44-nə müsabiqənin şərtlərinə uyğun olaraq 1000 manat, qalan 15 nəfərə isə həvəsləndirici mükafat kimi 300 manat verilib. Bu gün həmçinin Suraxanı və Binəqədi rayonları ilə birgə keçirilən müsabiqənin qalibləri mükafatlandırılacaq. Rayon müsabiqələrində isə Suraxanı və Binəqədi rayonlarında keçirilən müsabiqələrdə isə 1-ci yer üçün 1000 manat, 2-ci iki yerə 800 manat, 3-cü üç yerə isə 600 manat mükafatın verilməsi nəzərdə tutulub. Bundan əlavə, həmçinin həvəsləndirici mükafatlar nəzərdə tutulub ki, onların hər birinə 500 manat mükafat veriləcək".

Fondun icraçı direktoru qeyd edib ki, 2012-ci ildə təkcə yazı müsabiqələrində 240 jurnalist mükafatlandırılıb və bu mükafatlandırılanlar içərisində bölgə jurnalistləri də olub.

Mükafatlandırma mərasimində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan jurnalistlərini, onların ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Şöbə müdiri gələn il Bakıda KİV-lər üçün inşa olunan binanın açılışı olacağını, ehtiyacı olan, eyni zamanda bu sahədə daha səmərəli fəaliyyət göstərən jurnalistlərə paylanacağını deyib: "Ənənəvi olaraq hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində jurnalistlər mükafatlandırılır. Burada təkcə fərdi jurnalist müsabiqəsin keçirilməsi deyil, eyni zamanda il ərzində yazıları ilə fərqlənən jurnalistlər mükafatlandırılır. Bu artıq Azərbaycanda bir ən-ənənə halını alıb. Azərbaycan dövlətinin mətbuata dövlət qayğısı illərdir ki, davam edir. Bu sahədə konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bir çox problemlərini öz üzərinə götürərək onların əməyni və sosial ehtiyaclarını həll edir. Bu il də fərdi müsabiqədə qalib gələnlər var. Ancaq məğlub olan yoxdur. Sadəcə olaraq 1-ci 2-ci, 3-cü və ondan sonrakı yerləri tutanlar var. Burada hər üç yer tutanlar mükafat alır, qalanları isə növbəti il üçün daha yaxşı hazırlaşmağa can atırlar. Amma əsas məsələ bu deyil. Əsas məslələ odur ki, belə tədbirləri keçirməklə bizim dövlətimizin və ölkə başçımızın, bütövlükdə Azərbaycan cəmiyyətinin mediaya münasibətini, qayğısını sərgiləyirik. Bu qayğıdan bütövlükdə cəmiyyət bəhrələnir".

Həmçinin PA rəsmisi bildirib ki, 2013-cü ildə Azərbaycan dövlətinin qarşısında durmuş sosial-iqtisadi və digər problemlər var: "2013-cü ildə Dağlıq Qarabağı da geri qaytararıq. 2012-ci ilin müvəffəqiyyətlərindən çıxış edərək 2013-cü ildə Azərbaycan dövlətinin bəlli hədəfləri var. Bu il Azərbaycan üçün uğurlu il olub. Əsas məsələ odur ki, birlikdə Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarını təmin etməliyik və bu sahədəki mövcud problemlərini aradan qaldırmalıyıq".

Sonra fərdi yazı müsabiqəsində qalib gələn jurnalistlərin mükafatlandırılması mərasimi olub.