Radikal müxaliflər yenə biri-birilərini "didirlər"
28 Dekabr 2012 13:49 (UTC+04:00)
Son zamanlar sosial şəbəkələrdə İctimai Palataya daxil olan Müsavat
və AXCP üzvləri arasında söz davası geniş vüsət alıb. Hətta bu
savaşlar təhqir müstəvisinə belə keçib. Həmin vəziyyət isə İctimai
Palatada durumun olduqca gərgin müstəviyə daxil olmasından xəbər
verir. Münasibətlərin təhqir formasına keçməsi isə onu göstərir ki,
həmin qüvvələr heç zaman vahid mövqedən çıxış etmək, vahid namizədi
müəyyənləşdirmək məsələsində ümumi bir rəyə gələ
bilməyəcəklər.
Millət vəkili Zahid Orucun fikrincə, müxalifət həmişə parçalanma
ərəfəsində bir-birini didməklə məşğul olub: "Müxalifət düşərgəsində
gərginliyin artması və bir-birini təhqirə keçməsini biz dəfələrlə
münasibət bildirmişik, bunu yolverilməz saymışıq. Amma onlar həmişə
bu arqumentlərimizi saya salmayaraq iddia edirlər ki, guya bunları
deyərkən bizlər rəqib olmaq nöqteyi-nəzərdən müxalifətin mövqeyini
təhrif edirik, həm də arzumuzu dilə gətiririk. Amma İctimai Palata
adlanan quruma daxil olan AXCP və Müsavat Partiyası arasında son
zamanlar gərginləşən çəkişmələr sübuta yetirdi ki, heç də belə
deyil. Daha artıq dərəcədə keçmişdən bu günə daşınan antoqonizm,
onların rəhbərləri arasındakı patoloji nifrət öz rolunu oynadı.
Əsas, qeyri-əsas, vahid və yaxud ikili namizəd əsaslandırmaqdan
asılı olmayaraq, hamı bilir ki, müxalifətin parçalanması bir
reallıqdır. O cümlədən hesab edirəm ki, İctimai Palatanın guya
narazıların ittifaqı adı ilə hökumətə alternativ ola bilməməsindən
sonra indi yenidən böyük koalisiya adı ilə silahlanıb meydana
çıxmağın heç bir mənası yoxdur. Guya ki, bu adlar onları
parçalanmış vəziyyətdən xilas edəcək? Zənn edirəm ki, Müsavat
başqanının bədiləşdirərək ifadə etdiyi dillə onu lakonik vəziyyətə
salmış oluruq. Müxalifət vahid namizədini Şaxta baba seçimi kimi
xarakterizə edib. Ona görə də 2013-cü ildə İlham Əliyev prezident,
İsa Qəmbər isə Şaxta baba ola bilər. Bunun özü də bir
statusdur".
ASDP
sədri Araz Əlizadə isə bildirdi ki, Müsavatla AXCP-nin iştahası
həddən artıq olduğundan onlar bir araya gələ bilmirlər. Belə olanda
da bir-birini təhqirə keçirlər: "Dəfələrlə demişəm ki, İctimai
Palata ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşağa daxil olan qüvvələr
də əlbəttə ki, normal fəaliyyət göstərə bilməzlər. İkincisi,
İctimai Palataya daxil olan qüvvələrdə siyasi mədəniyyətin və
siyasi tolerantlığın olmadığı da bir daha üzə çıxdı. Onlar
qarşıdakı vahid məqsədi də görmürlər. Bu insanlar əvvəl bir
təşkilatda idilər. Sonra parçalandılar. Parçalanmada da başlıca
rolu İctimai Palatada toplaşanların şəxsi ambissiyası oynadı. Vahid
namizəd barədə İsa Qəmbər elan edir ki, seçkilərə gedəcək və inanır
ki, AXCP onu dəstəkləyəcək. Buna isə deyirlər ki, "qız evində
toydur, oğlan evinin xəbəri yoxdur". Əli Kərimli də prezidentliyə
namizəd olmaq istəyir. Ona görə də onlar heç zaman bir-birinə
güzəştə getməyəcək. Onların iştahası bacarıqlarından çoxdur".
Hələlik isə AXCP-Müsavat münasibətlərində yaranmış gərginlik sosial
şəbəkələrdə getdikcə kəskin xarakter alır. Müsavat Partiyası İcra
Aparatının rəhbəri Arif Hacılı "facebook"da bu məsələyə yenidən
toxunub. A.Hacılı bildirib ki, bu məsələni ictimai müzakirəyə
çıxarmaqla düzgün addım atıb. Onun sözlərinə görə, cəmiyyətin bu
məsələyə qiymət verməsi olduqca zəruridir: "Mən bu mənəvi terrora
son vermək naminə sizin Müsavata, onun liderlərinə, mənə,
silahdaşlarıma qarşı böhtanlarınızı ictimai müzakirəyə çıxarmaq
qərarına gəlmişəm. Qoy hər şeyi cəmiyyət özü dəyərləndirsin!" Arif
Hacılının bəyanatını şərh edən AXCP sədrinin müavini Asəf Quliyev
atalar misalını xatırladıb: "Deyirlər, oğru necə bağırdısa,
doğrunun bağrı yarıldı". Onun sözlərinə görə, son vaxtlar AXCP ilə
Müsavat arasında müəyyən qədər gərginlik var və hər iki partiyanın
öz seçki strategiyası olduğundan bu narazılıq təbii
qarşılanmalıdır: "Müsavat bu məsələdə siyasi əxlaqa dayanan
hərəkətlər etsə, daha yaxşı olar. AXCP-nin hər hansı bir
funksioneri və ya sədri Müsavata qarşı kəskin ifadə işlətməyib". A.
Quliyev Arif Hacılının getdiyi yerə qədər Əli Kərimlinin
getmədiyini söyləməsinə də cavab verib. O deyib ki, Əli Kərimlinin
yolu başqa, Arif Hacılının yolu başqadır.