Ölkəmizdə əcnəbi tələbələrin sayı azalır

28 Dekabr 2012 17:53 (UTC+04:00)
Aparılan araşdırmalar son illərdə Azərbaycana təhsil dalınca gələn əcnəbi tələbələrin sayında müəyyən azalmaların olduğunu göstərir. Halbuki, bir neçə il öncəyə qədər fərqli tendensiya müşahidə olunurdu. Hazırda əcnəbi tələbələrin azalması faktını ali məktəblər özləri də təsdiq edir. Məsələn, Bakı Dövlət Universitetinin Xarici Tələbələrlə iş üzrə dekan müavini Kamran Eyyubov məsələ ilə bağlı Mövqe. Az saytına aşağıdakı açıqlamanı verib: "Bu azalma nisbi azalmadır. Azalmanın obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim yataqxanamız yoxdur. Bakı Dövlət Universitetində xarici tələbələrin qalması üçün indiki halda şərait yoxdur, qaçqınlarla bağlı burada vəziyyət çətindir. Subyektiv səbəbləri də ondan ibarətdir ki, artıq bazar inkişaf edir. Biz bu istiqamətdə gərək Təhsil Nazirliyinin rəhbərliyi altında fəaliyyətə başlayaq ki, bütün Afrika ölkələri, Türkiyə və digər belə dövlətlər ilə münasibət yaradaq və ordan bizə sistematik olaraq tələbələr gəlsin.
Digər tərəfdən Azərbaycanda yüksək inkişaf, həyat səviyyəsinin daha yüksək olması da xarici tələbələrə bir az çətinlik yaradır. Daha doğrusu, bahalı qiymətlər onların maliyyə durumuna təsir göstərir və nəticədə azalma da olur".
Təhsil üzrə ekspert Nişat Mehdiyev məsələ ilə bağlı bildirib: "Bizə xaricdən tələbələr gəlir. Türkiyədən gələn vətəndaş var, Tibb Universitetinin tələbəsidir. Mən onun ilə söhbət edərkən o bildirib ki, biz kirayə 300 manata qalırıq. Bu da bizim üçün böyük bir məbləğdir. Çox çətinlik çəkirik. Tələbələrin yataqxanalar ilə, qalacaqları yer ilə təmin edilməməyi həm Azərbaycan, həm də xaricdən gələn tələbələr üçün çox çətinlik yaradır. Yəni baha qiymətə başa gəlir. Tələbələrin hamısını demək olmaz ki, varlı ailələrdən gəlir. Sadəcə, o tələbədir. Dövlət tələbədən illik 2500 manat ödəniş alırsa, həm onun qalmağını, yeməyini, həm dərs vəsaitləri ilə təmin olunmasını təmin etməlidir. Bizim xaricdə təhsil alan tələbələrimiz var. Onların hamısı yüksək səviyyədə həm yataqxana ilə, həm yeməklə, həm dərsliklərlə təmin olunur. Ancaq burda o çətinlik yaradır. Bəlkə tələbə buranı qutarıb, orada apardığı təbliğat nəticəsində bu azalma baş verir. Yataqxanalarda komendantlarin özləri də bəzən bunu deyirlər ki, pulunu ver sənə otaq verim. Yəni nəzarət bir az zəifdir. Başqa məsələlərə gəlincə isə onu deyim ki, bizim müəllimlərimiz yaxşı dərs deyirlər, savadlı müəllimlərimiz var. Müəllimlərimizə görə tələbələr heç vaxt şikayət edə bilməzlər. Bizim gözəl kitabxanalarımız, gözəl dərsliklərimiz var. Bunlar tələbə azalmasına səbəb ola bilməz. Səbəb, sadəcə, onların qalmasının baha başa gəlməsi ola bilər".