Repetitorluq hələ də ciddi problem olaraq qalır

30 Dekabr 2012 09:28 (UTC+04:00)

Azərbaycanda orta məktəb şagirdlərinin elmi dünya görüşlərinin formalaşmasında repititorların xüsusi yeri var. Ali məktəblərə qəbul olunan şagirdlərin böyük əksəriyyəti elmi bilikləri məhz əlavə müəllim yanına getməklə əldə ediblər. Bunun nəticəsidir ki, son illər məktəbdən kənarda tədris alan uşaqların sayı artmaqdadır. Artıq ictimai şüurda "müəllim yanına getməyən şagird ali məktəbə qəbul oluna bilməz" fikri formalaşıb.

Repititorluq fəaliyyətinin ildən-ilə çiçəklənməsi rəsmiləri də narahat etməyə başlayıb. Təhsil naziri Misir Mərdanov da bildirib ki, repititorluğa qarşı mübarizə aparmaq üçün qanunvericilikdə dəyişikliklər edilməlidir: "Repititorluğun inkişaf etməsində obyektiv və subyektiv səbəblər var. Gərək bunu yaradan səbəblər aradan qaldırılsın ki, şagirdlər orta məktəbdə dərs öyrənməyə meyl etsinlər". Nazir daha öncəki açıqlamasında qeyd etmişdi ki, repititorluğa qarşı mübarizə aparmaq üçün qanuna dəyişiklik edilsə, 10 il təhsil icbari olacaq, ali təhsil almaq istəyənlər isə 12 il oxuyacaq. Təhsil naziri hesab edir ki, bu halda repititor məsələsi də aradan qalxacaq. Bununla belə nazirə görə, repititorluq təhsilin keyfiyyətinə həm müsbət, həm mənfi təsir göstərir: "Etiraf etməliyəm ki, bu iş Azərbaycanda təhsilin nüfuzuna təsir göstərir".

Azad Müəllimlər Cəmiyyətinin rəhbəri Məlahət Mürşüdlü qəzetimizə açıqlamasında bildirdi ki, nazir repititorluğun şagirdlərin məktəbdən yayınmasına səbəb olması barədə açıqlaması doğrudur: "Repititorun şagirdlərin elmi biliklərinin artmasında mənfi və müsbət təsirləri var. Yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı olur. Elə məktəblər var ki, oradakı 11-ci siniflər dərsə çox az gəlirlər. Repititorluq müəllimlərin dərsə marağını azaldır, dövlətin təhsil sistemini darmadağın edir, inamı azaldır və s. Əgər əvvəllər yalnız 10-11-ci sinif şagirdləri əlavə müəllim yanına hazırlığa gedirdilərsə, indi aşağı sinif şagirdləri üçün də müəllimlər tutulur. Repititorluq müəllimlərin sosial durumunun yaxşılaşmasına səbəb olur".

Qeyd edək ki, repititorlar vergi ödəmirlər. Halbuki, onların aylıq gəlirləri kifayət qədər böyükdür. Bir şagirdin aylıq hazırlıq qiyməti bir fənn üzrə 30 manatdan başlayır. Müəllimlər var ki, onların 30-40 və daha çox şagirdləri var. Uşaqlardan yığılan pulun qarşılığında dövlətə heç bir vergi ödənilmir.

M.Mürşüdlü bildirdi ki, insanların əlavə təhsil almalarını və müəllimlərin məktəbdən kənar pedaqoji fəaliyyətlərini məhdudlaşdırmaq qanunazidd olardı: "Bu halda dövlətin üzərinə düşən əsas məsələ orta məktəblərdə dərsin keyfiyyətini yüksəltməkdir. Cəmiyyətin orta məktəblərə öləziyən inamlarını özüna qaytarmaq üçün ciddi maarifləndirmə və əməli işlər görülməlidir. Bu gün Azərbaycanda orta məktəblərin binaları ya yenidən tikilib, ya da təmir olunur. Ucqar kənd məktəblərində belə yüksək şəraitli orta məktəblər mövcuddur. Müasir məktəb binaları istiliklə, maddi-texniki baza ilə hər cür təmin olunub. Bəzi məktəblərdə çatışmayan yeganə məsələ təhsilin keyfiyyətinin yüksək olmamasıdır. Bunu bərpa etmək lazımdır".

Ekspertə görə, inzibati addımlarla şagirdlərin orta məktəbə davamiyyətini gücləndirmək mümkündür: "Bu məsələdə özəl liseylərin təcrübəsindən yararlanmaq olar. Həmin liseylərdə ictimai şuralar var. Dərsə davamiyyəti pozan uşaqlar barəsində sərt addımlar götürülür".