Taxıl sahələrinin genişləndirilməsi aktuallaşır

30 Dekabr 2012 13:34 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 2012-ci ildə 1,7 milyon ton buğda istehsal olunub.

Rəsmi statistikaya görə, respublika əhalisinin buğdaya olan tələbatı 1,6 milyon tonunu təşkil edir. Biçilən buğdanın heç də hamısı əkin üçün yararlı olmur. Daxili istehsal hesabına respublika əhalisinin ərzaq buğdasına olan təlabatının 80-85 faizi ödənilir. 15 faizi isə idxal hesabına tamamlanır.

Azərbaycana taxıl Qazaxıstan, Rusiya və Ukraynadan idxal olunur. Dövlətin ərzaq təhlükəsizliyinə dair proqramına görə, 2015-ci ilə kimi ərzaq buğdasına olan təlabat daxili istehsal hesabına tam ödənilməlidir. Qeyd olunur ki, aparılan aqrotexniki qulluq hesabına əvvəlki illərlə müqayisədə buğda istehsalı 1,6 sentner artıb. Orta hesabla hər hektardan 26,6 sentner buğda götürülür. Amma bu göstərici hökuməti qane etmir. Düşünülür ki, Azərbaycanda iqlim şəraiti iqlim şəraiti hektardan 5-6 ton məhsul əldə etməyə imkan verir. Ən pis halda hər hektardan 30-35 sentiner məhsul götürmək mümkün olsa, daxili tələbatı ödəmək mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev daha öncə bildirib ki, nazirlik məhsuldarlığın artırılması üçün fermerlərə hər cür dəstək göstərir və bu dəstək ildən-ilə artır: "Biz buğdanın hər hektarına görə 80, arpanın hər hektarına görə isə 40 manat subsidiya ödəyirik. Digər dənli bitkilər, əkin sahələri üçün də yardımlar həyata keçiririk".

Dövlət tərəfindən fermerlərə göstərilən dəstəyin nəticəsi olaraq ildən-ilə əkin sahələrinin həcmi genişlənir. Əkin sahələrinin həcmi genişləndikcə dövlətin xərcləri də artır. Ümumdünya Ticarət Təşkilatı və digər maliyyə qurumları Azərbaycanın kənd təsərrüfatı sektorunun liberallaşdırılmasını və büdcədən bu sahəyə yardımı azaltmağı təklif ediblər.

Kənd Təsərrüfatı Nazirliyi isə əkin sahələrinin ildən-ilə genişlənməsini və buna görə də subsidiyaların artdığını görərək fermerlərə dəstəyin formasını dəyişmək istəyir. Kənd təsərrüfatı naziri İsmət Abbasov bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, 2013-cü ildə fermerlərə yardım pul şəkilində deyil, gübrə şəkilində ödənilə bilər. Bu halda əlbəttə ki, fermerlər əkin sahələrinin genişlənməsinə deyil, məhsuldarlığın artırılmasına diqqət yetirəcəklər. Bunun üçün isə torpağa aqrotexniki qulluqların edilməsi vacibdir. Qeyd olunur ki, Azərbaycanda fermerlər 50-yə qədər aqrotexniki qulluğun cüzi hissəsindən yararlanırlar. Bəzi yerlərdə torpağa ümumiyyətlə, gübrə verilmir.

Sual olunur, ərzaq buğdası ehtiyatının həcminin artımına nail olmuq üçün nə etmək lazımdır? Daha çox əraziləri şumlamaq, ya mövcud torpaqların məhsuldarlığını artırmaq.

Bu sualla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda buğda istehsalının ekstensiv yolla istehsalına maraq daha böyükdür: "Hələ ki, ölkəmizdə əkin üçün yararlı olan torpaq sahələri var. Boş torpaq sahələrinin imkanlarından yararlanmaq lazımdır. Eyni zamanda düşünürəm ki, biz taxılçılığın intensiv inkişafı barədə proqram hazırlamalıyıq. Elə rayonlarımız var ki, oranın icra nümayəndələrinin, bələdiyyələrinin yuxarılara təqdim etdikləri sənədlərdə əkin sahələri həmin rayonun, bələdiyyənin əkin üçün yararlı torpaq sahələrindən daha böyük göstərilir. Buna son qoymaq lazımdır. Həmçinin daha böyük ərazilərdə taxılın ilbəil əkilməsi torpağın məhsuldarlığını öldürür. Torpağı dincə qoymaq lazımdır. Bir il əkmisənsə, o birisi il dincə qoymalısan. Bizdə eyni ərazidə hər il taxıl əkilir. Bu, düzgün deyil. Düşünürəm ki, Azərbaycan daha çox intensiv inkişafa üstünlük verməklə, əkin sahələrini genişləndirə də bilər".