Ermənistan Rusiyaya xəyanət edir

30 Avqust 2016 09:45 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəs rejimini getdikcə daha çox pozmağa başlayıb. Bundan bir neçə gün əvvəl isə Naxçıvanın Ermənistanla sərhədindən ölkəmizə soxulmuş pilotsuz kəşfiyyat təyyarəsi hərbçilərimiz tərəfindən zərərsizləşdirilib. Bu faktlar onu göstərir ki, düşmən tərəf pozuculuq fəaliyyətini bərpa edib və bu ilin yazında əldə edilmiş cüzi irəliləyişi hər cür avantürist hərəkətlə pozmaq fikrindədir. Bəs, onu buna vadar edən nədir?

Hazırda Ermənistanın sosial-iqtisadi və siyasi vəziyyəti son dərəcə acınacaqlı haldadır. Paytaxt İrəvanda hər gün hökumət əleyhinə mitinqlər keçirilir. Bir müddət əvvəl paytaxtın Erebuni rayonunda yerləşən post-patrul alayına terror hücumu həyata keçirərək alayın binasını zəbt etmiş və insan ölümünə səbəb olmuş silahlılar indi xalqın gözündə "hökumət əleyhinə çıxan üsyançı" statusu qazanıb. Xalq Serj Sarkisyan rejiminin əlindən o dərəcədə bezib ki, hansı yolla olur-olsun, onun siyasi komandasına qarşı çıxanları qəhrəman kimi qarşılayır. Ermənistanda hökumətlə xalq arasında yaranmış uçurum gündən-günə dərinləşir.

Amma məsələnin başqa tərəfi də var. Aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin həlli yolunda başlanmış fəal iş işğalçının "kürkünə birə salıb". Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmasını əngəlləmək üçün bu gün erməni siyasi elitası nəyə desən, hazırdır. Məsələ burasındadır ki, münaqişənin patronajı olmaq rolunun Rusiyaya düşməsi Cənubi Qafqazda geostrateji maraqlar güdən Qərbə də indiki vəziyyət sərf etmir. Təbii ki, həmişə süllhdən dəm vuran supergüclər işlərini əlaltdan görür və daim tüztülənən ocağı kənardan alova çevirməyə çalışırlar. Elə indi də Qarabağ üzrə danışıqları pozmaq üçün Qərb Ermənistana "dil" verir. Bu işdə erməni diasporunun da qızışdırıcı rolu danılmazdır. Açıq-aşkar görünür ki, terrorçu-üsyançı söhbətləri də qərb strateqlərinin planıdır. Çünki, onlar bu yolla Ermənistan siyasi hakimiyyətinə təzyiq etməklə Qarabağ üzrə danışıqlarda rollarını artırmaq istəyirlər.

İndi Ermənistan iki od arasındadır. Bir tərəfdən cəmiyyətin qərbpərəst qüvvələri fəallaşıb, digər tərəfdən ölkənin düşdüyü qəfəsdən çıxmaq imkanı sıfıra bərabərdir. Qarabağ münaqişəsinin nizamlanması danışıqlarını pozmaq üçün cəbhədə təxribata əl atmaqla yanaşı, cəmiyyətin buna hazırlanması prosesinə də start verilib. Erməni mətbuatında qərblilərlə rusiyatönlülər arasında sanki döyüş gedir. K.Ambarsumyan adlı politoloq yazır: "Başlıca məsələ ondan ibarətdir ki, sabah Ermənistanın ərazi bütövlüyü təhlükə altına düşməməsinə zəmanət yoxdur. Onda Rusiya seyrçi rolunu oynayacaq və baş vermiş hadisə ilə razılaşmaqdan başqa ayrı çarəsi qalmayacaq". Müəllif bu fikrini Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdi ilə bağlayır və məqaləsində dünya siyasətində ABŞ-ın rolunu şişirtməklə ona tərəf üz çevirmək kampaniyasını davam etdirir.

Həmişə olduğu kimi erməni strateqlər, əgər onlara strateq demək mümkünsə, Rusiyanın qoltuğuna sığındıqlarını unudurlar. Kreml İrəvanda baş verən prosesləri diqqətlə izləyir və yeri gəldikcə öz politoloqlarının yazıları ilə mətbuatda Ermənistan hakimiyyətinin başına ağıl qoymağa çalışırlar. Rusiyalı politoloq Aleksandr Duqin Ermənistanın "1in" saytına müsahibəsində açıq-aydın yazır: "Əgər Rusiya üçün belə ağır vaxtda Ermənistan Qərb ölkələrindən dəstək almağa cəhd edəcəksə, onda o partlayacaq və Ermənistandan yer üzündə heç nə qalmayacaq. Ermənistan Qərbə lazım deyil. Qərbə yeganə olaraq Qarabağ münaqişəsi üzərində nəzarət lazımdır ki, özünün geopolitik rəqibinə - Rusiyaya zərbə vura bilsin".

Belə bir çıxılmaz vəziyyətdən ağıllı çıxış yolu kimi qonşuları ilə normal münasibət saxlayıb, xüsusilə də Qarabağ münaqişəsinin ədalətli həll yoluna kömək etmək əvəzinə müxtəlif ölkələrə "quyruq bulamaqla" nə isə əldə etmək bir iş deyil. Ermənistanın məqsədi budur. Amma onun qarşısında güclü Azərbaycan dayanıb. Bu səbəbdən çətin ki, Ermənistan məqsədinə çatsın.