Aztəminatlı insanların mənzil problemi həll olunacaq, amma...

30 Dekabr 2012 13:51 (UTC+04:00)


Məlumdur ki, bu gün ölkədə həm aztəminatlı, həm də ümumilikdə gənc ailələrin, elə cə mənzilə ehtiyacı olan insanların evlə təmin olunması üçün müəyyən dövlət proqramları həyata keçirilir. Bununla yanaşı, son vaxtlar gündəmdə olan məsələlərdən biri də ölkədə sosial evlərin inşası ilə bağlıdır. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın bu xüsusda verdiyi açıqlamalar isə məsələni daha da aktuallaşdırıb.

Bu məsələdən danışarkən Sevinc Həsənova diqqətə çatdırıb ki, ölkə əhalisinin aztəminatlı təbəqəsinin özünü mənzil sahəsi ilə təmin etməsi üçün 2005-ci ildə onların sosial ipotekadan faydalanmaq imkanı yaranıb: "Lakin məlumdur ki, vətəndaşların heç də hamısı sosial ipoteka çərçivəsində kredit almaq imkanına malik deyil. Dövlət tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycanda azgəlirli şəxslər üçün sosial mənzil icarəsi tətbiq ediləcək ki, bu da ölkədə kasıb ailələrin mənzil təminatı məsələsinin həllində ciddi addım olacaq". Onun sözlərinə görə, Azərbaycanın Mənzil Məcəlləsində sosial icarə vasitəsilə mənzil almaq üçün bütün şərtlər öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanın Mənzil Məcəlləsində sosial icarə vasitəsilə mənzil almaq üçün əsas şərtlər öz əksini tapıb. Mənzil Məcəlləsinin "Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları" bölməsində bu məsələyə belə aydınlıq gətirilir: "Sosial kirayə müqavilələri əsasında bu məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu məcəllədə müəyyənləşdirilmiş qaydada verilir". Sənədə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə təqdim etdikləri ərizələri əsasında həyata keçirilir.

Sadəcə, indi əsas məsələ sosial evlərin yaradılmasıdır ki, vətəndaşlar bundan istifadə edə bilsin.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirir ki, Mənzil Məcəlləsi qəbul olunubsa, onun bir bölməsinin icrasına başlanıb, digərinin icrasına başlanılmaması mümkün deyil: "Bütövlükdə icrası həyata keçirilməlidir. Bunun üçün də Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları olmalıdır. Yəni, məcəllədən irəli gələn məsələlərin həll, bu məsələlərə inzibati nəzarət mexanizmlərinin müəyyən olunması, məsələlərin icrası üçün müvafiq dövlət nəzarətini həyata keçirəcək qurumun müəyyən olunması və nəhayət Mənzil Məcəlləsində göstərilən mənzil fondlarının təmin olunmasıdır. Yeni Mənzil Məcəlləsinə görə, mənzil fondu 4 istiqamətə bölünür. Bura mənzil mülkiyyətçilərinin mülkiyyətində, MTK-lara, bələdiyyələrə aid olan və ən nəhayət sosial mənzil fondu aiddir. Amma təəssüflər olsun ki, Azərbaycanda bələdiyyələrə aid olan və sosial mənzil fondu demək olar ki, mövcud deyil. Azərbaycanda sosial mənzil fondunun formalaşması üçün qanunvericilikdə müvafiq müddəalar var. Bu gün Azərbaycanda inşa olunan mənzil fondunun 10 faizi dövlət hesabına keçir. Amma təəssüflər olsun ki, həmin 10 faiz məsələsi əksər hallarda sahibkarlardan mənzil kimi deyil, pul kimi alınır. Bu da nəticə etibarı ilə sosial mənzil fondunun formalaşmasında ciddi problemlər yaradır. Bundan başqa, dövlət, bu istiqamətdə vəsait ayıra və sosial mənzil fondunun inşa olunması üçün tenderlər keçirilə bilər. Bu istiqamətdə müəyyən tikinti təşkilatları cəlb olunması mümkündür. Bu iş kifayət qədər ciddi məsələdir. MDB məkanında - Rusiyada, Qazaxıstanda bundan istifadə edirlər. Bu məsələlərin icrası mənzil problemlərinin həll olunması istiqamətində ciddi sosial aksiya olardı".

Ramil Osmanlının sözlərinə görə, ipoteka kreditləri ilə sosial kreditlərin arasında kifayət qədər ciddi fərqləri var: "Sosial kirayə tam olaraq aztəminatlı ailələr üçün nəzərdə tutulur. Eyni zamanda bunların əsas fərqi ondan ibarətdir ki, ipotekada mənzil, mülkiyyətə verilir. Yəni, girov müddəti bitdikdən sonra mənzil girovdan çıxarılaraq, həmin vətəndaşın mülkiyyətinə verilir. Amma sosial kirayədə mənzil heç cürə özgələşdirilə bilməz. Bundan başqa ola bilər ki, hansısa bir vətəndaşın imkanları ipoteka götürməyə cavab vermir. Bu halda o, sosial kirayəyə üz tutacaq. Bu gün araşdırmalar göstərir ki, Azərbaycanda ailələrin təxminən 1/3 evsizdir. Həmçinin qaçqın və məcburi köçkünləri də bu sıraya əlavə edə bilərik. Buna görə də sosial kirayə ilə ipoteka kreditlərinin bir - birinə mane olmaq perspektivi mövcud deyil".

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov bildirir ki, sosial mənzil məsəiləsini bu günü və gələcəyi nəzərə alaraq yazıblar: "Yəni, bu gün yoxdursa, o demək deyil ki, sabah da olmayacaq. Yəqin ki, dövlət bu istiqamətdə işlərə başlayıb. Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən belə bir fikir səsləndirildi ki, bu təyinatlı evlərin tikilməsinə başlanacaq. Artıq bu sahədə bələdiyyələrlə iş aparılır. Bundan başqa bu istiqamətdə ali təhsil müəssisələrində tələbələr üçün işlər görməyə başlanılıb. Yaxın gələcəkdə belə evləri görə biləcəyik".

Nüsrət İbrahimovun sözlərinə görə, bunu ipoteka kreditinə alternativ variant kimi qiymətləndirmək olmaz: "Çünki, insanlar var ki, ona müvəqqəti yaşamaq lazımdır. İnsan da var ki, müvəqqəti yaşayıb, sonradan ev almaq istəyir. Bu təcrübə xaricdə çoxdur. Xüsusən də ABŞ və Avropanın inkişaf etmiş ölkələrində var. İnsanlar harada işləyirlərsə, ora yaxında ev kirayə edib yaşayırlar. Sonra iş yerini dəyişəndə evi də təhvil verib, başqa yerdə yaşamağa başlayırlar. Yəni, orada əmlakı almaqdansa, daha çox kirayə yaşamağa üstünlük verirlər. Amma bizdə o ənənə yoxdur. Biz istəyirik ki, alaq özümüzünkü olsun. Yəqin, zaman keçdikcə insanların düşüncəsində də bir dəyişiklik olacaq. İnkişaf etmiş ölkələrdə insanlar qazandığı vəsaiti evin alınmasından daha çox öz sağlamlıqlarına xərcləyirlər. Yəqin, zaman keçdikcə bizimkilər də kirayəyə daha çox üstünlük verəcəklər".