Azərbaycana qarşı yenə qərəzli mövqe sərgilənir

1 Yanvar 2013 10:04 (UTC+04:00)

Bilindiyi kimi, Avropa Şurası ilə Azərbaycan arasında uzun müddətdir ki, ziddiyyət predmetinə çevrilən əsas məqamlardan biri siyasi məhbus məsələsi ilə bağlıdır. Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, ümumiyyətlə, bu ad altında konkret kimlərin nəzərdə tutulmasının hələ hüquq müstəvisində müəyyən edilmədəyini bildirsə də, Avropa Şurası, indiki halda isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi təyin olunan Kristofer Ştrasser əks-mövqedən çıxış edir.

Onun hesabatı da bunu təsdiq edir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə məsələ ilə bağlı bildirir: "Azərbaycan Kristofer Ştrasserin hazırladığı məruzə ilə deyil, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladığı monitorinqi əsas sənəd hesab edir. Odur ki, bir sıra KİV orqanlarında Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı siyahıdan kimlərinsə çıxarılması məlumatları həqiqətə uyğun deyil".

Onun sözlərinə görə, Kristofer Ştrasserin hazırladığı siyahı ilə Monitorinq Komitəsinin hazırladığı siyahıdakı adlar üst-üstə düşə bilər: "Azərbaycan onun hazırladığı məruzə ilə işləyə bilməz, çünki onun məqsədləri başqadır. Biz Monitorinq Komitəsinin hazırladığı məruzə ilə konstruktiv işləyirik".

S. Seyidov onu da vurğulayıb kİ, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe göstərəcək: "Ermənistan tərəfi Azərbaycanla bağlı məsələdə hər zaman bizə qərəzli mövqe nümayiş etdirməyə cəhd edir. Əminəm ki, qış sessiyasında ermənilər Azərbaycana qarşı bizi istəməyən qüvvələrlə birləşib, ölkəmizə qarşı fəaliyyət göstərəcəklər. Azərbaycanla bağlı hazırlanan sənəddə ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsi öz əksini tapdığına görə ermənilər daha aktiv fəaliyyət göstərəcəklər. Onlar sənədə ciddi müdaxilə edə bilmədiklərinə görə, Dağlıq Qarabağla bağlı hansısa alternativ sənədi ortaya qoyması qaçılmazdır. Buna görə də onların ortaya alternativ sənəd çıxaracaqları istisna deyil. Ancaq unutmaq lazım deyil ki, Monitorinq Komitəsinin hazırladığı məruzə Avropa Şurası tərəfindən gedir, ermənilər tərəfindən hazırlanan sənəd isə ermənilər tərəfindən gedir".

Siyasi müşahidəçiləri isə əslində Avropa Şurasının bu məsələdə Azərbaycana qarşı ikili standartlardan çıxış etdiyini və bir çox hallarda konkret cinayət törətmiş şəxsləri də sözügedən kateqoriyadan olan məhbusların sırasına şamil etdiyini vurğulayırlar. Burada rol oynayan əsas amillərdən biri isə xarici təşkilatlardan qrant almaq üçün Azərbaycanın dövlətçilik maraqlarını düşünmədən belə qurban verməyə hazır olan qeyri-hökumət təşkilatları, "hüquq müdafiəçilərinin" rolu az deyil. Məhz onlar özlərindən müxtəlif siyahılar hazırlayaraq, bir çox hallarda qatı cinayətkarı belə siyasi məhbus qismində Avropa Şurasına təqdim eməyə can atırlar.

Təbii ki, Azərbaycan tərəfi bu qəbildən olan hallarla razılaşa bilməz və sözügedən məsələdə qətiyyətli mövqe tutub. Məhz bunun nəticəsidir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi təyin olunan Kristofer Ştrasserin ölkəmizə səfəri heç cürə baş tutmur.

Digər tərəfdən istər Avropa Şurası, istərsə BMT və onun müxtəlif qurumları, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən indiyədək "siyasi məhbus" anlayışı və onun meyarları ilə bağlı hər hansı bir konvensiya, qətnamə, yaxud digər sənəd qəbul edilməyib. Belə olan halda Avropa Şurasının hansı meyarla Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasının özü böyük sual doğurur. Elə Azərbaycan tərəfi də bu sualı dəfələrlə Avropa Şurası rəhbərliyinə, digər təmsilçilərinə ünvanlasa da istənilən cavabı ala bilməyib. Azərbaycan tərəfinin digər tutarlı arqumenti Avropa Şurasında Azərbaycan üzrə iki həmməruzəçinin olmasıdır. Belə olan halda bir həmməruzəçiyə nə dərəcədə ehtiyac olması özü böyük sual doğurur.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə iki həmməruzəçisi var. Azərbaycan tərəfi həmin həmməruzəçilərlə konstruktiv iş aparır. Digər tərəfdən bu həmməruzəçilərlə siyasi, hüquqi, qanunun aliliyi, demokratiyanın inkişafı və digər müvafiq sferalarda lazımi iş aparılır. Bu da bir daha təsdiq edir ki, hansısa "siyasi məhbus" məsələsi və yaxud digər məsələlər üzrə ölkəmizlə bağlı əlavə məruzənin təyin edilməsi və göndərilməsi Avropa Şurası tərəfindən obyektiv yanaşma deyil.

O da maraqlıdır ki, Ermənistanda açıq siyasi repressiya rejiminin hökm sürməsinə rəğmən, bu ölkədə baş verənləri Avropa Şurası nəzərə almaq istəmir. O da məlumdur ki, Azərbaycan siyasi məhbus məsələsində AŞ ilə konstruktiv əməkdaşlıq etməyə hazırdır. Ancaq Bakı onu da bildirir ki, bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır.