Kiçik istehlak kreditlərinin böyük faiz dərəcələri

1 Yanvar 2013 12:41 (UTC+04:00)

Məlumdur ki, kredit portfelinin əsas hissəsini istehlak kreditləri tutur. Elə məhz bu səbəbdən də bütün dövrlərdə istehlak kreditlərinin həcmi daha çox olub. Son zamanlarda da bu kreditin payında artımlar müşahidə edilməkdədir. Bununla yanaşı, istehlak kreditlərinin faiz dərəcələri də yüksək olaraq qalmaqdadır. Ölkədəki mövcud banklar üzrə istehlak kreditlərinin faiz dərəcələri təqribən 24 - 36 faiz arasında dəyişməkdədir. 

Özü də istehlak üçüq verilən kreditlərin məbləği o qədər də böyük olmur. İqtisadçılar isə istehlak kreditlərinin artım səbəbini ölkədəki ümumi sosial-iqtisadi vəziyyətin yaxşı olması ilə əlaqələndirirlər. İqtisadçı ekspert Akif Nəsirov bildirir ki, istehlak kreditlərinin artmasına əhalinin gəlirlərinin yaxşılaşması təsir edib: "Ümumiyyətlə, bazar iqtisadiyyatında istənilən sahədə qiymətlərin aşağı salınması, rəqabətdən və ölkədə kredit verən bankların inkişaf etdirilməsindən asılıdır. Yəni, bankların vəsaitləri o qədər çox olmalıdır ki, onları çox kreditə verib, faiz dərəcələrinin aşağı salmaq imkanına malik olmalıdırlar. Bu istiqamətdə Azərbaycanın bank sektorunda islahatlar nəzərdə tutulub. Məsələn, 2014-cü ildə bankların nizamnamə kapitalının 50 milyon manatdan yuxarı qaldırılması var. Bu gün Azərbaycan banklarını nizamnamə kapitalının minimum həddi 10 milyon manatdır. Bu isə bank fəaliyyəti üçün çox aşağı məbləğdir. Bankın normal fəaliyyəti üçün ən azı 100 milyon manat nizamnamə kapitalı olmalıdır. Yəni, kapital çox olanda banklar həm faiz dərəcələrində, həm kreditlərin genişzolaqlı verilməsində manevretmə qabiliyyətinə malik olurlar. Bunun üçün də makroiqtisadi vəziyyət münbitləşdirilməlidir. Burada nələr daxildir? Birincisi, rəqabət imkanlarına malik olan maliyyə qurumlarının sayı artırılmalıdır. Bank tək öz vəsaitləri ilə işləməməlidir. Bank həm də ya xaricdən, ya daxildən kredit götürməli və həmin vəsaitləri vasitə kimi istifadə etməlidir. Amma hələlik xaricdən belə vəsaitlərin axtarılması az səmərə verəcək. Çünki, kredit verən dünyəvi maliyyə qurumları Avropa və ABŞ - dadır. Hazırda da həmin zonalarda maliyyə böhranı yaşanır. Ona görə də qarşıdakı illərdə bu problemin həlli üçün, Mərkəzi Bank Azərbaycanın valyuta ehtiyatlarından banklara kredit verilməsi kimi cəhdlər etməlidir. Bunlar ehtiyatda olan valyutalar yox, xaricdəki yatırımlarla edilə bilər. Ümumiyyətlə, kreditlərin faiz dərəcələrinin aşağı salınmasında birinci yerdə rəqabət mühitidirsə, ikinci yerdə vəsaitlərə əlçatanlıqdır. Bununla yanaşı ölkədə xarici banklara da kredit vermək imkanları yaratmaq lazımdır".

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının İdarə heyətinin sədri Ayaz Quliyev bildirir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən banklar və kredit təşkilatlarının  əksəriyyətinin payladığı kreditlərin əksər hissəsi istehlak kreditləridir: "Bu portfellərin də əksər hissəsi şəhərdə cəmlənib. Bu kreditlər də riskli kreditlər sayılır. Çünki bu kreditlər şəhərdə əsasən daşınan-daşınmaz əmlakların alınmasına yönəldilir. Həmin kreditlərin faiz dərəcələri bazar münasibətlərinə uyğun olaraq müəyyənləşdirilir. Belə ki, bu kreditlər mikrokreditlər olduğu üçün 24-36 faiz arasında dəyişir. Fikrimcə, Respublikada bundan yüksək faizlə istehlak krediti yoxdur".

Ekspert bildirir ki, istehlak kreditləri müstəqil formada formalaşır: "Yəni, hər bir bankın,  kredit təşkilatının kredit faizinin dərəcələrinin müstəqil formalaşdırması var. Banklar var ki, onların maliyyə imkanları çox genişdir. Onlar kreditləri vermək üçün müəyyən bazar, insanlar axtarırlar. İmkanları var deyə faiz məbləğlərini aşağı salırlar ki, kredit bazarları güclənsin. Elə banklar da olur ki, onlarda müştəri olur, amma maliyyə imkanları elə də böyük deyil. Onlar da kreditlərinin faiz dərəcələrini yüksək qoymağa məcburdur ki, öz iqtisadiyyatlarını formalaşdıra bilsinlər. Yəni, banklar müəyyən xərclərini bağlamaq, öz biznesini formalaşdırmaq  üçün faizləri yüksək qoyurlar. Ona görə də faizlərin formalaşması sərbəstdir. Burada əsas alıcı kütləsidir. Alıcı kütləsi harada ona sərf edirsə, oradan kredit götürür. Bazarda belə bir prinsip var ki, əgər bankın verdiyi kredit resursları satılırsa və onun faizi qaytarıldıqca alınırsa, deməli, onun bazarı güclüdür. Banklar işlərini bu formada idarə edirlər".