Azərbaycanda əhalinin yaşlaşması prosesi ilə bağlı problem müşahidə olunmur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov "dəyirmi masa"da çıxışı zamanı bildirib.
Müzakirə yaşlı vətəndaşların Sosial Müdafiəsi üzrə Dövlət Proqramının müzakirəsinə həsr olunub.
Onun sözlərinə görə, əhalinin yaşlaşması prosesi bütün dünyada müşahidə olunur. Azərbaycanda isə bu problem hələ yoxdur, çünki, eyni zamanda doğum da artıb. Yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin təqribən 9%-ni təşkil edir.
O deyib: "Amma 20-30 il sonra bu problem bizdə də əmələ gələcək. Biz buna hazır olmalıyıq. Qonşu ölkələrdə əhalinin qocalma prosesi gedir və doğum göstəricisinin azalması müşahidə olunur. Azərbaycanda təqaüd almaq üçün təqaüd yaşına çatmağı gözləyir. Ancaq Avropada, əksinə, ekspertlər təqaüdçülərin məşğulluğa qayıtması və pensiya yaşının uzadılması problemini müzakirə edirlər. Ekspertlər yaşlı şəxslərin işləyə biləcəyi iş yerlərinin açılması üzərində düşünürlər".
Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanda 100 yaşdan yuxarı 776 təqaüdçü (ümumi təqaüdçülərin 0,5 faizi) var.
O, yaşlı vətəndaşların Sosial Müdafiəsi üzrə Dövlət Proqramının müzakirəsinə həsr olunan "dəyirmi masa"da deyib ki, təqaüdçülərin 262 min nəfəri 70-80 yaş, 18 faizi 81-90, 1,5 faizi isə 91-100 yaş həddindədir. Onların 728 nəfərini qadınlar, 46 nəfərini isə kişilər təşkil edir.
Onun sözlərinə görə, 70 yaşlı adamları ahıl adlandırmaq düzgün deyil. Yaş həddini artırmaq lazımdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu 772 min nəfərə (42,5 faizi 70 yaşdan yuxarı) yaşa görə təqaüd ödəyir. Onların 220 min nəfəri kişidir. Kişi təqaüdçülərin 60,2 faizi ahıl insanlardır. Qadınlarda isə bu faiz göstəricisi 61-ə bərabərdir. Hazırda pensiya sistemində ahıl təqaüdçülər üçün əlavələr nəzərdə tutulmayıb. Belə ki, dövlət ahıl şəxslərin sosial müdafiəsini təmin etmək üçün bir sıra proqramlar həyata keçirir.