Bakının Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib

7 Yanvar 2013 10:10 (UTC+04:00)

Bakının Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 112 telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, Bakının Nərimanov rayonunda yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan bir otaqlı mənzildə partlayış baş verib.

Partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılıb, hadisə zamanı evdə olan bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.  Yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.