Bakıda silahlı insidentdə hücuma məruz qalanlardan birinin vəzifəli şəxsin yaxın qohumu olduğu məlum olub

7 Yanvar 2013 13:38 (UTC+04:00)

Bakıda baş verən silahlı insidentdə hücuma məruz qalanlardan birinin vəzifəli şəxsin yaxın qohumu olduğu məlum olub. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, dünən gecə Balaxanı qəsəbəsində silahlı hücuma məruz qalaraq yaralanan Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur. S. Musayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Polisdən həmçinin bildirilib ki, məlum atışma bir qrup gəncin xuliqanlığı nəticəsində meydana gəlib. Belə ki, həmin davada iştirak edənlərin hamısı qonşulardır. Qonşular arasında baş verən mübahisə sonda atışma ilə nəticələnib.

Qeyd edək ki, 6 yanvar saat 18:00 radələrində Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində "Makarov" tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. S. Musayev isə yardım alaraq evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə. Əliyev və M. Əliyev tutulub. Onlardan "Makarov" tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S. Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.