Media iqtisadiyyatının formalaşdırılması zərurətə çevrilir

7 Yanvar 2013 14:59 (UTC+04:00)

Media sahəsində də Azərbaycanda özünü qabarıq formada büruzə verən plüralizm ölkədə çoxsaylı mətbu orqanların yaranması ilə müşahidə olunmaqdadır. Lakin o da birmənalı həqiqətdir ki, sayı artıq 5 minə yaxınlaşan çap mətbu orqanlarının heç də hamısı özünün maliyyə ehtiyaclarını qarşılaya bilmir. Bu kontekstdə isə Azərbaycanda media iqtisadiyyatının formalaşdırılması, qabaqcıl ölkələrin sözügedən sahədə təcrübəsinin mənimsənilməsi zəruri tələbə çevrilir. Bununla bağlı iqtisad elmləri doktoru, professor Zahid Məmmədov olduqca maraqlı fikirlər səsləndirilir: "Artıq dünya ölkələrində media iqtisadiyyatına yönəlik ixtisaslar, fakültələr var. Media iqtisadiyyatının jurnalistikadan fərqli özəllikləri var. Jurnalistin vəzifəsi verilişi aparmaq, mövzunu hazırlamaqdır. Hətta köşə yazarlarını da qəzetin gəlirləri maraqlandırmır. Necə ki, səhiyyə iqtisadiyyatında olduğu kimi, xəstəxananı işlədənlər qətiyyən həkimlər deyil. Orada bir qayda olaraq həkim sadəcə müalicə ilə məşğuldur. Həkimin işi müalicədirsə, o, administrativ işlərə yönəldilmir. Eyni olaraq media iqtisadiyyatında da sırf professional iqtisadçılar olur. Onlar KİV-lərin gəlirli sahələrini müəyyənləşdirirlər. Məsələn, bu gün belə bir ifadə var ki, qəzetlərə reklam verilir. Amma artıq media iqtisadiyyatı bunu qəbul etmir. Media iqtisadiyyatı deyir ki, qəzet sizə səhifə verir. Siz isə oradan müştəri tapırsınız. Yəni, siz artıq orada malın tanıdımı yox, özünüzə müştəri cəlb edirsiniz. Yəni, oxucu alıcıya çevrilir. Bu gün KİV böyük bir "silah"a sahib olduğu üçün qəzetin şirkətlərdən yoxsa, əksinə, kimin-kimdən asılı olması sualı ortaya çıxıb.

Media iqtisadiyyatında televiziya, qəzet, radio və internet portallarına paylar ayrılır. Media iqtisadiyyatçısının vəzifəsi o paydan daha çox gəlir əldə etməkdir. Media iqtisadiyyatının 2 bazarı var. Birinci bazarda informasiya əldə olunur. Həmin məlumatların əldə olunması üçün vəsait ayrılır. İkinci bazarda isə həmin məlumatlar satılır. Satış ilə alış arasındakı fərq gəliri təşkil edir. Xaricdə birinci bazarda əldə edilən biliklər böyük vəsaitə başa gəlir. İkinci bazarda isə düşüncələri ondan da yüksək qiymətə sataraq pul qazanırlar. Ona görə də xarici ölkələrdə jurnalistlər çox yüksək maaş alırlar. Xarici ölkələrdə jurnalistlərin adı, "düşüncə polisi" dir. Təbii ki, onların əməyi çox yüksək qiymətləndirilir. Media iqtisadiyyatının da vəzifəsi onların əməyini qiymətləndirməkdir.

Bu gün dünyada media böyük biznes sahələrindən sayılır. İngiltərənin ÜDM-da gəlirlərin 40 faizi media biznesinin payına düşür. Ən böyük maqnat media maqnatlarıdır. Amma hələlik Azərbaycanda media sosial layihə kimi dəyərləndirilir. Xaricdə ən böyük vergi ödəyicilərindən biri də jurnalistlərdir. Onlar cəmiyyətdə çox zəngindirlər.

Biz elə etməliyik ki, bizdə də zənginləşmə getsin. Federal əhəmiyyətli Rusiya və cümhuriyyət əhəmiyyətli Türkiyə kimi dövlətlərdə 20-25 qəzet olduğu halda bizdə qəzetlərin sayı milərlə ölçülür. Ona görə də bir – birinə paralel, eyni mövqeni sərgiləyən qəzetlər birləşməlidirlər. Onlarda təmərküzləşmə getsə, daha güclü olar və jurnalistlər daha çox pul qazanar.

Biznesin özünün də əxlaq, mənəviyyat kodeksi var. Tamahkarlıq, pul birinci məqsəd deyil. Birinci məqsəd cəmiyyətdə sosial məsuliyyətdir. Həkim xəstəyə "sən pulu ödə, sonra gəl", professor tələbəyə "əldə etdiyim bilik üçün pul ver sonra öyrədim" deyə bilməz. Ona görə də bir qəzet gəlir əldə etmək üçün yalan, maraqlı məlumatlarla camaatı aldadaraq pul qazanmamalıdır. Azadlıqdan istifadə edib, hökumətə təzyiq olmaz. Azadlıq, şəxsi ehtiyaclar üçün istifadə olunmamalıdır".