Gübrələrlə sağlamlığımıza edilən qəsd
7 Yanvar 2013 17:44 (UTC+04:00)
Qış fəslinin gəlməsi ilə istixana məhsulları bazarlarda daha çox
gözə dəyməkdədir. O da faktdır ki, belə məhsulların
yetişdirilməsində gübrələrdən daha çox istifadə edilir. Özü də
məsələnin narahatverici tərəflərindən biri də ondan ibarətdir ki,
məhsulları bazara dha tez çıxarmaq üçün gübrələrdən normadan artıq
istifadə edilir. Bu da insan səhhəti üçün ciddi problemlər
yaradır.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti,
kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov mövzu ilə bağlı
Mövqe. Az-a verdiyi açıqlamasında aşağıdakıları bildirib:
"Ümumiyyətlə, normal halda üzvi gübrələrdən istifadə olunmalıdır.
Bitkinin qidaya ehtiyacı var. Bitkilər torpaqdan qidanı üzvi
gübrələrin hesabına mənimsəyə bilir. Torpaqda olan mineral maddələr
bitki üçün elə asan mənimsənilən deyil. Buna görə də üzvi
gübrələrin verilməsi vacib şərtlərdən biridir.
İstixanalarda daha çox mineral gübrələrdən istifadə olunur.
Nəyə görə mineral gübrələrdən istifadə olunur? Ona görə ki, mineral
gübrələr bitki tərəfindən daha tez mənimsənilir. Mineral gübrələrin
istifadəsi elə də zərərli deyil. Lakin bizim sahibkarlar, xüsusən
istixanalarda məhsul yetişdirən fermerlərimiz daha çox məhsul əldə
etmək üçün azot gübrəsindən istifadə edirlər. Azot gübrəsi
verilirsə, orda da normadan artıq veriləndə bitkidə toplanan nitrat
insanlar tərəfindən istifadə edilərkən onların orqanizmində ciddi
fəsadlar yaradır. Son zamanlar qidadan, xüsusən pomidor turşusundan
zəhərlənmə halları daha geniş yayılmışdır. Baxmayaraq ki, nitrat
daha çox duza meylli olduğu üçün pomidorun, xiyarın tərkibindən
çıxır, duzlu suya çəkilir. Belə hallar nəyə görə baş verir? Ona
görə ki, azot gübrəsi istifadə olunan zaman adi normal halda əgər
günəş şüası istixanaya düşürsə və orda fotosintez prosesi normal
gedirsə, həmin qeyri-üzvi maddələr üzvi maddələrə çevrilir. Bitkidə
qidalanma prosesi az da olsa gecə də gedir. Ancaq bitkidə o
işıqlanma sistemi normal, davamlı olmadığı halda həmin mineral
gübrədə olan nitrat bitkinin özündə və onun meyvəsində toplanır.
Səhəri gün fotosintez prosesi baş verəndə sanki həmin proses zamanı
toplanmış nitrat üzvi maddələrə çevrilə bilmir. Bu bitkidə qalır və
bitkinin meyvəsinə keçir. Bunu istixana məhsullarında biz daha çox
müşahidə edirik. Həmin məhsullarda nitrat özünü daha çox göstərir.
Bunu araşdırmalar da göstərir. Bir sıra mütəxəssislər onları xüsusi
vasitələrlə müəyyən edirlər. Buna görə də fermerlər çalışmalıdırlar
ki, gübrələrdən düzgün istifadə edilsin. Xüsusən artıq azot
veriləndə nitratın artmasına səbəb olur. Bu da sonradan insan
orqanizmi üçün ciddi fəsad yaradır. Burda söhbət təkcə mineral
gübrələdən istifadədən getmir. Məhsullar axar suyun altında
yuyulmalıdır. Sahibkarlarımız diqqət yetirməlidirlər ki,
digər metodlardan daha çox istifadə etsinlər".
Tibb
elmləri doktoru, professor Adil Qeybulla isə bildirib: "Gübrələrdən
istifadə halları hər yerdə var. Əslində, torpağın
minerallaşdırılması üçün bu gün dünyanın hər yerində müxtəlif
vasitələrdən istifadə olunur. Gübrələrdən istifadənin bəzən
qaydaları pozulur. Həddindən artıq gübrənin verilməsi və bəzən
gübrələrin müxtəlif meyvələrə, tərəvəzlərə həddən çox hopması
nəticədə zəhərlənmələrə və s. gətirib çıxarır. Daha çox qarpızda,
pomidorda gübrələrin toplanması müşahidə edilir. Bundan da
zəhərlənmə halları qeydə alınır. Ona görə də bu məsələyə nəzarət
edilməli, gübrə verilən tərəvəzlərin monitorinqi aparılmalıdır.
Bunlar satışa buraxılmamışdan qabaq mütləq onların yararlılıq
dərəcəsi müəyyən edilməlidir. Evdə də müxtəlif çiçəklərə, güllərə,
bitkilərə müəyyən gübrələr verilir. Torpaqda bəzən müxtəlif
mikroelementlərin çatışmazlığı olur. Azərbaycanın müxtəlif
bölgələrində torpaqda mikroelementlər çatışmır. Bu insanlarda da
müxtəlif problemlər yaradır. Onlara gübrələrin verilməsi vacibdir.
Bu, həm məhsulun yetişməsini sürətləndirir, həm də ki, lazım olan
mikroelementlərlə müəyyən dərəcədə təmin edir. Ancaq onun düzgün
verilməməyi, düzgün istifadə olunmamağı gübrənin həddən artıq
toplanmasına səbəb olur. Bu sonda zəhərlənmələrə gətirib çıxara
bilər.
Mən hesab edirəm ki, bu kimi halların qarşısının alınması
məsələsinə kənd təsərrüfatı mütəxəssisləri nəzarət etməlidir. Bunun
ilə bağlı müxtəlif təlimatlar var. Hər bir tərəvəzin becərilməsi
zamanı hansı gübrədən, hansı dozada istifadə edilməsi ilə bağlı
konkret təlimat var. Bu təlimat pozulur. Təlimata düzgün əməl
edilməsi vacibdir".