Azərbaycanda varlılar üçün proqressiv vergi

8 Yanvar 2013 07:27 (UTC+04:00)

Xəbər verildiyi kimi, məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul edib. Aktyoru bu hərəkəti etməyə Fransa qanunvericiliyində həyata keçirilən sərt vergi islahatları vadar edib.

Belə ki, tətbiq olunacaq yeni qanuna əsasən Fransada proqressiv metodla vergi ödəmələri həyata keçiriləcək və ildə 1 milyon avro qazananlardan 75% gəlir vergisi alınacaq. Rusiya Federasiyasında isə bu rəqəm 13% - dir. Yeni verginin 15-20 gün içində Parlament və Senatda təsdiqlənib qüvvəyə minməsi gözlənilir. Adıçəkilən aktyordan başqa ən zəngin Fransız iş adamı Bernard Arnault da Belçikaya vətəndaşlıq müraciəti edib. Bu məsələdə az - çox siyasi məqamların olduğu vurğulansa da, yüksək gəliri olan fransız vətəndaşlarının bu cür addım atmalarına əsas səbəb həmin ölkədə rəsmi milyonçulardan çox vergi alınmasıdır. Lakin hələlik rəsmi milyonçusu olmayan Azərbaycanda da bu cür vergitutumunun həyata keçirilməsinin mümkünlüyü fərqli prizmadan qiymətləndirilir. Kommersiya məsələləri üzrə hüquqşünas Eldar Qocayev bildirir ki, belə bir qanunun Azərbaycanda da işləyə biləcəyi indiki halda mümkün görünmür: "Çünki, onun tətbiq olunması üçün bizdə rəsmi milyonçu yoxdur. Bu mənada bu qanunun tətbiqi mümkün deyil. Onun daha çox mənfi təsirləri ola bilər ki, özünü milyoner kimi təqdim etməyə özündə az-çox güc tapan şəxs də bundan yayınacaq. Çünki, onun üzərinə əlavə vergilər gələcək. Ona görə də inanmıram ki, bunun tətbiqi bizim iqtisadiyyata, vergi sisteminin inkişafına təsir edə bilsin. Digər bir tərəfdən isə bu qanunu tətbiq etsək, bizdə milyonçu insanların axını baş verə bilər. Ona görə də həmin qanunun tətbiq olunması bizim üçün effektiv olması inandırıcı görünmür". Eldar Qocayevin sözlərinə görə, ölkəmizdə bu qanun tətbiq olunmamışdan əvvəl, nəticədə nə qədər insanın ölkədən getmə ehtimalı müəyyənləşməlidir.

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə, bir çox ölkələrdə proqressiv metodla vergi ödəmə həyata keçirilməkdədir: "Yəni, varlılar çox, kasıblar isə az vergi ödəyirlər. Bu, ədalət prinsipinin bir elementidir. Ona görə əslində proqressiv metodla vergitutma Azərbaycanda da tətbiq oluna bilər. Hətta hazırda Azərbaycanda bunun müxtəlif elementləri də var. Gəlir vergisində 2000 manata qədər olan gəlirlərə 14 faiz, ondan yuxarıya isə 26 faiz vergi tətbiq olunur. Yəni, artıq bu və ya digər formada elementlər mövcuddur".

Nazim Məmmədov onu da bildirdi ki, əslində, vergi qanunvericiliyinə uyğun olaraq muzdlu işdə çalışanlardan əlavə, müxtəlif gəlirləri olan şəxslər ilin yekununda gəlir bəyannamələri verməlidirlər: "Buna görə də vergilərini ödəməlidirlər. 2005-ci ildən antikorrupsiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi üçün cənab Prezidentin verdiyi sərəncamlar, bu silsilə tədbirlər, o cümlədən yüksək çinli məmurların da gəlir dekorasiyaları vermələri haqqında qanunvericilik mövcuddur. Ancaq Nazirlər Kabineti bu formanı müəyyən etmədiyinə görə, hələ də bu məsələ praktiki həllini tapmayıb. Rusiyada isə 2003-cü ildən məmurlar tərəfindən gəlir bəyannamələri verilməsi ilə bağlı qərar qəbul olunub. Mütəmadi olaraq Rusiyanın məmurları bəyannamə verirlər. Bu, ictimaiyyətə açıqlanır. Bizdə də məmur hansısa formada ictimaiyyətə öz əmlakları və gəlirləri haqqında məlumat verməlidirlər. Bu da onlara müsbət imicin formalaşmasına gətirib çıxardar".