Fermerlərə verilən subsidiyalar artıq effekt vermir

8 Yanvar 2013 07:31 (UTC+04:00)

Uzun müddətdən bəri ölkə gündəmində olan məsələlərdən biri də fermerlər üçün ayrılan subsidiyalarınverilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Mövcud mexanizmlərin daha da təkmilləşdirilməsinin vacibliyi yüksək səviyyədə etiraf olunur.

Kənd təsərrüfatı naziri İsmət Abbasov da qeyd edir ki, subsidiyalar artıq kənd təsərrüfatının inkişafında lazımi effekt vermir. Buna görə, yeni subsidiya şərtləri hazırlanacaq. Nazir "Lider"ə müsahibəsində 2013-cü il üçün taxıl proqnozlarını da açıqlayıb. Onun sözlərinə görə, 2013-cü il taxıl mövsümü üçün bütün tədbirlər görülüb. Ötən ildən daha çox - 900 min hektar sahədə şum aparılıb, daha keyfiyyətli toxum səpilib. İsmət Abbasov hesab edir ki, hava şəraiti imkan versə, 3 milyon tona yaxın məhsul götürmək mümkün olacaq. Yəni ötən illə müqayisədə 100-200 min ton çox. Amma bu göstəricini ölkəmiz üçün qaneedici hesab etməyən nazir məhsuldarlığın aşağı olmasından narazıdır. Səbəbi fermerlərin vaxtında aqrotexniki tədbirləri aparmamasında görür: "Fermerlərə verilən subsidiyalar artıq effekt vermir". İsmət Abbasov bildirib ki, yardımların verilməsi mexanizminin dəyişdirilməsinə ehtiyac var. Hazırda hökumət yeni qaydalar üzərində işləyir.

Ümumiyyətlə, əksər ekspertlər bu mexanizmdə dəyişikliklər edilməsinin tərəfdarıdır. Qeyd olunur ki, hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür, bu isə subsidiyalarla fermerin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Hesab edilir ki, subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir.

Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar prezidentin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq ildə bir dəfə verilir. Bunun üçün hər il dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılır. Məsələn, 2007-2011-ci illərdə dövlət büdcəsindən kənd təsərrüfatı istehsalçılarına 485,1 milyon dollar subsidiya verilib. Subsidiyaların 458,3 milyon dolları hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə, 26,8 milyon dolları isə toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə verilib. Ötən il də verilən subsidiyaların həcmi kifayət qədər böyük olub. Lakin qeyd olunduğu kimi subsidiyalar artıq lazımi nəticələrin əldə olunmasına imkan vermir. Bu səbəbdən onların mexaizminin dəyişdirilməsi vacib sayılır. Ekspertlər də bildirir ki, məhsul istehsalını stimullaşdırması üçün fermerin sahib olduğu əkin sahəsinə görə, subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir. Əksər mütəxəssislər dəyişikliklər zamanı dolayı subsidiyaların tətbiqinə keçidi də vacib hesab edir. Bu zaman, ABŞ-da olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündə sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda da taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu, fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanaşı, strateji məhsulların istehsalını da artırar. Mütəxəssislər ilk növbədə taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərclərinin müvafiq olaraq, 1,5-2 dəfə artırılmasını da təklif edirlər. Onların fikrincə, taxıl əkini üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat subsidiya verilsə, bu onların yanacaq xərclərinin tam ödənilməsinə imkan yaradacaq. Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkinilə məşğul olan fermerlərin gəliri xərcindən çox olsun. Bu məbləği hesablayan zaman dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınır.

Ekspertlər subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsini də vacib sayır. Tədqiqatlar göstərir ki, fermerlərin əkin sahələrinin və eləcə də strateji və ya staretji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bunu aradan qaldırmaq üçün də müvafiq addımlar atılmalıdır.