Qüvvələr nisbəti yenə də YAP və onun namizədinin xeyrinədir

8 Yanvar 2013 07:35 (UTC+04:00)

Bilindiyi kimi bu il Azərbaycanda prezident seçkiləri ilidir. Bir çoxları hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərdə qalib gəlmək şanslarını daha yüksək olduğunu düşünürlər. Hətta Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia da belə bir fikir səsləndirmişdi. Məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova SalamNews-a müsahibəsində qeyd edib: "Hesab edirəm ki, Roland Kobia Azərbaycanın ictimai-siyasi reallıqlarının ortaya qoyduğu bir faktı ifadə etmişdi və çox nahaq yerə də ayrı-ayrı dairələrin nümayəndələri onun üzərinə hücuma keçdilər. Yalnız ona görə yox ki, bunu Aİ-nin nümayəndəsi söyləyib, ona görə ki, bu, bir faktdır və Azərbaycan reallığıdır. Qüvvələr nisbəti yenə də YAP və onun namizədinin xeyrinədir. Çünki YAP demək olar, yarandığı vaxtdan və bütün fəaliyyəti dövründə iqtidarda olub və bu haqqı hər gün gücləndirməkdədir. Bunu söyləməyə bizə əsas verən isə bizim nümayəndəmizin, konkret olaraq son dövrləri nəzərdə tutsaq, Prezident İlham Əliyevin yeritdiyi hərtərəfli siyasət və bu siyasətin Azərbaycanı uğurlara aparmasıdır. Cəmiyyət Azərbaycanı uğurlara aparan bir lideri və partiyanı qoyub başqa namizədə üstünlük verməz. Ona görə də heç bir şəkk-şübhə olmadan, heç bir tərəddüd olmadan Azərbaycan cəmiyyəti, onun mütləq əksəriyyəti cənab İlham Əliyevin Azərbaycanda növbəti dəfə prezident olması ideyasını irəli sürür və zamanı gəldikdə qanun çərçivəsində bu rəsmi şəkildə elan ediləcək.

Əminəm ki, bu günədək görülən iş, yaradılan əsas və nəzərdə tutulan uzunmüddətli proqramlar özünün həllini gözləyir və o proqramları başladan, Azərbaycanı uğurdan-uğura aparan bir şəxsiyyət, ölkə Prezident İlham Əliyev növbəti 5 ildə də dövlət başçısı olmalıdır ki, onları ardıcıl olaraq həyata keçirsin. Bu, Azərbaycan dövlətinin və xalqının yalnız xeyrinə olan bir addımdır. Hesab edirəm, xalq bu addımı atacaq".