Mebel üçün ildə 35 dollar xərcləyirik

8 Yanvar 2013 10:54 (UTC+04:00)
Azərbaycanda əhalinin sosial güzəranının yaxşılaşması, maddi gəlirlərinin artması vətəndaşların məişət zövqlərinin dəyişməsinə, müsbət mənada formalaşmasına təsirsiz ötüşmür. Zövqlərin yüksəlməsi, tələbatın artması öz növbəsində bazara yeni-yeni, bir-birindən fərqli məhsulların çıxmasına səbəb olub.
Xüsusilə, brend məhsulların Azərbaycana yol açması daha çox diqqət çəkir. Bu mənada məşhur mebel firmalarının adlarını çəkmək olar. "Bellora", "Zeko", "Madeyra", kimi dünyaca məşhur mebel şirkətlərinin Azərbaycanda nümayəndəlikləri mövcuddur. Rumıniya, İtaliya, Türkiyə kimi ölkələrin Azərbaycanda mebel firmaları fəaliyyət göstərir. İdxal olunan mebellərin qiymətləri yerili mebellərin qiymətlərindən bir neçə dəfə baha olmasına baxmayaraq, onların da alıcıları az deyil. Xarici brendlərə üstünlük verən və bununla da öyünən alıcıları bir sıra hallarda keyfiyyət, məhsulun maddi dəyəri o qədər də maraqlandırmır. Məsələn, əgər mebel İtaliya, Finlandiya və ya Rumıniya istehsalıdırsa, deməli, keyfiyyətli, yüksək zövqlüdür, fikiri çoxları üçün hakim kəsilib.
Mütəxəssislər isə fərqli düşünürlər. Qeyd olunur ki, son illər Azərbaycanda da beynəlxalq standartlara cavab verən, keyfiyyətli, zövqlü mebellər istehsal olunur. Üstəlik bu məhsulların qiymətləri xaricdən gətirilən mebellərin qiymətlərindən bir neçə dəfə ucuzdur. Ekspertlər hesab edir ki, xaricdən gətirilən mebellərin qiymətlərinin baha olmasının başlıca səbəbi idxal zamanı tutulan gömrük rüsumları, nəqliyyat xərclərinin tətbiq olunmasıdır. Bundan başqa yerli mebel fabriklərində mövcud avadanlaqların böyük əksəriyyəti elə xarici ölkələrdən gətirilib. Mebel üçün xammallar Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətirilir.
Mebel sənayesi sahəsində xarici təcrübədən, avadanlıqlardan, materiallardan istifadə edən ustalar, dizaynerlər bacarıqlarına görə, heç də onlardan geri qalmırlar. Əgər belədirsə, nədən yerli istehsal olan mebellərə tələbat o qədər də yüksək deyil? Nə üçün maliyyə durumları nisbətən yüksək olan vətəndaşlar mebel almaq istəyərkən xarici brendlərə üstünlük verirlər?
İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda adambaşına düşən mebel xərcləri 35 dollar civarındadır: "Bu, xarici ölkələrdəki göstəricidən 8-10 dəfə aşağıdır. Məsələn, mebelə ən çox pul sərf edən alman ildə 250 dollar xərcləyir. Avropa ölkələrində mebelləri tez-tez dəyişmək ənənəsi artıq formalaşıb. Bizdə isə bu yoxdur. Anamın cehiz olaraq gətirdiyi taxt, dolab hələ də qalır. Onları atmaq, kiməsə baxışlamaq heç fikrimin ucundan belə keçmir. Ümumiyyətlə, bizdə köhnə ilə vidalaşa bilməmək kompleksi var. Mebellərə münasibət də bu cürdür".
Ekspert hesab edir ki, Azərbaycanda xarici markalı mebel firmalarının sayı kifayət qədər olsa da, əhalinin böyük əksəriyyəti həmin firmaların məhsullarını almaq gücündə deyil: "Həmin firmalar bəlli çevrə üçün fəaliyyət göstərir. 75-80 faiz yerli məhsulları alır. Mebel istehsal edən yerli firmaların məhsullarının keyfiyyəti də müxtəlifdir. Düzdür, yeni mebel standartları tətbiq olunub. Amma bizdə hələ də ev şəraitində mebellər istehsal olunub bazara çıxarılır. Yerli mebel istehsalını genişləndirmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu bu sahəyə kifayət qədər investisiya yatırıb və yeni fabriklər açılıb.
Amma hələ ki, xarici rəqabətə davam gətirə biləcək mebellərimiz yoxdur. Türkiyədə bazarın durumunu öyrənmək üçün yolu mebel mağazalarından salmaq lazım gəlir. Azərbaycanda isə hələ ki, mebellərin qiymətləri sabit olaraq qalir. Xüsusilə, klassik üslubda hazırlanan mebellərin qiymətləri dəyişmir. Çünki istehsal sabitdir. Düşünürəm ki, Azərbaycanda mebellərə olan tələbat o qədər də yüksək deyil. Düzdür, evin bəzəyinin, yaraşığının əsasını mebellər təşkil edir. Amma biz onları yeniləmirik. Həmçinin mebel bazarı toy mövsümü olandan-olana canlanır. Bizdə elə bir fikir formalaşıb ki, mebeli yalnız qız ərə verəndə və ya yeni evə köçəndə almaq lazımdır".