Namizəd savaşı İctimai Palatanı dağıdır
8 Yanvar 2013 11:47 (UTC+04:00)
Artıq Müsavat Partiyası cari ildə baş tutacaq prezident
seçkilərində onu təmsil edəcək namizədinin kimliyini rəsmiləşdirdi.
Bu, əvvəlcədən də gözlənildiyi kimi sözügedən partiyanın başqanı
İsa Qəmbərdir. Qeyd edək ki, hələ keçən ilin sonlarına yaxın İsa
Qəmbər namizəd olmaq iddiasını ortaya qoymuşdu. Bu isə İctimai
Palatada birgə təmsil olunan AXCP təmsilçilərinin narazılığı ilə
qarşılandı.
Belə ki, AXCP prosesə öz namizədilə qoşulmaq istəyir ki, onun da
namizədi Əli Kərimlidir. Lakin İsa Qəmbərin onları üstələyərək
namizədliyini irəli sürməsi cəbhəçiləri istər-istəməz hövsələdən
çıxardı. Hətta bu günə qədər sosial şəbəkələrdə cəbhəçilərlə
müsavatçılar arasında bir-birini təhqir etmə kampaniyası davam
edir. Onların hər biri digərinin namizədini həzm edə bilmədiyindən
çıxış yolunu təhqirdə görür. Bu müstəvidə isə Müsavatla AXCP
arasında münasibətlər olduqca ciddi şəkildə gərginləşib. Vaxtilə
bir boşqabdan yemək yeyənlər indi nədənsə həmin yeməyi bölə
bilmirlər. Bu iki qüvvə arasından isə İsa Qəmbər bir qədər daha
tədbirli çıxaraq namizədliyini ən azından partiyası daxilində Əli
Kərimlidən öncə rəsmiləşdirdi. İndi isə top Əli Kərimlinin
tərəfindədir. O ya çıxış yolu tapmayaraq İsa Qəmbərin namizədliyini
dəstəkləməli, ya da gec də olsa öz namizədliyini irəli sürməlidir.
Bu mənada deməliyik ki, AXCP sədrinin İsa Qəmbəri namizəd olaraq
dəstəkləməsi onun siyasi karyerasına heç də müsbət keyfiyyətlər
gətirməyəcək. Belə ki, həmin halda ictimaiyyət daxilində Əli
Kərimli daimi olaraq müxalifətdən olan digər namizədlərə güzəştə
gedən şəxs qismində tanınacaq. Belə imiclə isə onun ən azından
müxalifət daxilində belə gələcəyi yoxdur. Bunu cəbhəçilər də yaxşı
anlayırlar. Ona görə də heç şübhəsiz gec də olsa yaxın dönəmlərdə
Əli Kərimli də namizədliyini irəli sürəcək. Bu halda isə dəfələrlə
qeyd etdiyimiz kimi, İctimai Palatanın dağılması qaçılmaz bir hal
olacaq.
AXCP sədrinin müavini Nürəddin Məmmədlinin qəzetimizə
açıqlamasından isə belə çıxdı ki, Müsavatın son addımından sonra
AXCP də prezident seçkilərində öz namizədilə çıxış edə bilər:
"Namizədlik məsələsində nə etməklə bağlı məsələni artıq qərarlar
vasitəsilə ifadə etmişik. AXCP Müsavat Partiyası ilə birlikdə
İctimai Palatanın təmsilçiləridir. İctimai Palatanın son sessiyası
da Koordinasiya Şurası tərəfindən təqdim olunan layihəni təsdiq
etməklə hər bir partiyanın müstəqil şəkildə öz namizədini irəli
sürmək haqqını tanıyıb. Ona görə də Müsavat Partiyasının İsa
Qəmbərin namizədliyini irəli sürməsilə bağlı qərarı bu mənada
razılaşdığımız və qərarlaşdırdığımız prinsiplərə tamamilə uyğundur.
Hətta İsa bəyin namizədliyinin irəli sürülməsilə bağlı Əli bəy onu
təbrik etdi. İndilikdə əsas məsələ partiyaların namizədlik
istiqamətdə müstəqil davranışlarına hörmətlə yanaşmaqdan gedir ki,
biz də bu prinsiplərə sədaqətliyik".
Azad Respublikaçılar Partiyasının sədri
Kamil Seyidov isə qeyd etdi ki, İsa Qəmbərin namizədliyinin Müsavat
Partiyası tərəfindən rəsmiləşdirilməsi İctimai Palatanın dağılması
prosesinin əsasını qoydu: "Dəfələrlə qeyd etmişik ki, əyalət
siyasəti üzərində qurulan İctimai Palata gec-tez dağılmağa
məhkumdur. Çünki onun yaradılmasının özü qeyri-legitim idi. İctimai
Palata parlament seçkilərindən sonra bir qrup narazı qalan insanın
yaratdığı bir qurumdur. Seçkilər ərəfəsində isə İctimai Palatada
təmsil olunan Müsavat Partiyası ilə AXCP və onların liderləri olan
İsa Qəmbərlə Əli Kərimli arasında gizli də olsa mübarizə gedib.
Amma prezident seçkiləri ilində bu mübarizə artıq açıq müstəviyə
keçib. Seçkilərə 10 aya yaxın vaxt qalmasına baxmayaraq, artıq
İctimai Palatada birinci olmaq iddiasında olan insanlar arasında
mübarizə kəskinləşib.
İndilikdə İsa Qəmbər İctimai Palatanın rəyini nəzərə almadan özünün
prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Buna uyğun
olaraq AXCP üzvləri və onları dəstəkləyən qüvvələr Əli Kərimlinin
də namizəd ola biləcəyini ortaya atdılar. Bu mübarizə isə indilikdə
İsa Qəmbərin məsələsinin partiyasında təsdiqini tapmasından sonra
daha artan templə cərəyan edir və edəcək. Belə hal isə yekun
nəticədə İctimai Palatanın dağılması ilə sonuclanacaq. Müsavat
Partiyası əvvəlcədən proqnozlaşdırdığı kimi öz namizədini irəli
sürdü və prezident seçkilərində iştirakını bəyan etdi. Bu halda isə
AXCP ilə Müsavat arasında münasibətlər açıq savaş müstəvisində daha
da kəskin tonda cərəyan edəcək. Yekun nəticədə isə müxalifətin
geniş spektrinin prezident seçkilərinə öz namizədlərilə
qoşulacağının şahidi olacağıq. AXCP də yaxın zamanlarda öz
namizədini elan edəcək. Hardasa 4-5 nəfər müxalifəti təmsil edən
qüvvələr öz namizədlərini verəcək. Belədə isə müxalifətin onsuz da
zəif olan səsləri daha da parçalanacaq. Bu da onların
məğlubiyyətini daha da yaxınlaşdıracaq".