Azərbaycan tarixinə uğurlarla yazılan il
8 Yanvar 2013 12:12 (UTC+04:00)
Həm iqtisadi, həm siyasi arenada baş verən hadisələrə diqqət
yetirsək, ötən ili Azərbaycan üçün uğurlu tarix hesab etmək olar.
Bunları tək daxili yox, həm də xarici siyasətdə də görmək çətin
deyil. Macarıstanda həbsdə yatan Ramil Səfərovun ekstradisiyası
qələbəmiz oldusa, sovet dövründən qalan əmanətlərin qaytarılması
iqtisadiyyatımızın dinamik inkişafının və bu zaman sosialyönmlülük
prinsipinin gözlənilməsinin əsas göstəricilərindən biri oldu.
Davamı olan bu kimi uğurları ekspertlər də yüksək
qiymtəlnədirir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun
sözlərinə görə, 2012 - ci ili iqtisadi baxımdan Azərbaycan üçün
stabil qiymətləndirmək olar: "2012 - ci ildə Azərbaycan
iqtisadiyyatında artım tempini qoruyub saxlamaq mümkün oldu. İlin
yekununda ÜDM-də təxminən 2% artıma nail olunub. Ötən ilin əsas
cəhətlərindən biri neft sektorunda hasilatın aşağı düşməsi və
bundan fərqli olaraq, qeyri - neft sektorunda artım müşahidə
edilməsi ilə bağlı oldu. 2012 - ci ilin yekununda neft sektorunda
təxminən 5%-ə yaxın azalma, qeyri-neft sektorunda isə 9.7% artım
oldu. İqtisadiyyatdakı artımın qeyri-neft sektorunun hesabına
qorunub saxlanmasını ilin ən ciddi uğuru kimi qeyd etmək olar.
Nəzərə alsaq ki, 2010-cu ildən başlayaraq neft hasilatında azalma
müşahidə edildi. 2010 - cu ildə 51 milyon ton neft hasil
olduğu halda, bu rəqəm 2011-ci ildə 46 milyon ton oldu. 2012-ci
ildə isə 43 milyon ton neft hasil edildi. Neft hasilatında 7.5
milyon ton azalma kifayət qədər böyük rəqəmdir. Bu azalmanın
Azərbaycan iqtisadiyyatına az təsir etməsi birincisi, dünya
bazarında neftin qiymətinin yüksək olması ilə bağlıdır. Çünki,
2012-ci ildə dünya bazarında Azərbaycan neftinin qiyməti hər barrel
üçün 20 dollardan artıq oldu. Hətta bəzi hallarda orta qiymət 120
ABŞ dollarına qədər yüksəldi. İkincisi isə ötən il inflyasiya
səviyyəsinin aşağı olmasıdır. İnflyasiya səviyyəsinin 5.7 faiz
proqnozlaşdırılmasına baxmayaraq, reallıqda bu rəqəm təxminən 2
dəfə az oldu".
Ekspert 2012-ci ildə 2 ən mühüm hadisəni yaddaqalan olaraq qeyd
edir: "Onlardan biri əmanətlərin qaytarılması ilə bağlı ölkə
prezidentinin imzaladığı sənəddir. Azərbaycanda kompensasiyaların
qaytarılması prosesi kifayət qədər uğurlu oldu. Çünki, digər MDB
ölkələrindən fərqli olaraq, Azərbaycanda bu istiqamətdə hansısa
problemlər müşahidə olunmadı. 2012- ci ildə praktiki olaraq
Azərbaycan vətəndaşlarına 500 milyon manat kompensasiya ödənildi.
Digər mühüm hadisə isə TANAP layihəsinin reallaşması ilə bağlı
atılan addımlardır. 2012-ci ildə Azərbaycan öz enerji
strategiyasını müəyyənləşdirdi. Bu strategiya ondan ibarət oldu ki,
Azərbaycan enerji resurslarının ixracatı ilə bağlı strateji
tərəfdaş kimi Türkiyəni görür. Amma bütün bunlarla yanaşı ötən ildə
də bəzi çətinliklər və problemlərimiz oldu".
Siyasi
şərhçi Qabil Hüseynli də ötən ili Azərbaycan üçün uğurlu
qiymətləndirir: "Keçən il Azərbaycanın beynəlxalq miqyasda tanınma
prosesi arzuediləndən daha sürətlə getdi. "Eurovision" beynəlxalq
mahnı müsabiqəsi Azərbaycanda keçirildi. Ölkəmiz BMT-nin
Təhlükəsizlik Şurasının üzvü kimi, bir ay da həmin şuraya sədrlik
etməklə beynəlxalq miqyasda kifayət qədər tanındı və inkişaf etdi.
Bundan başqa keçən il Azərbaycan bir sıra beynəlxalq mərasimlərin
keçirilməsinə də ev sahibliyi etdi. Məsələn, Türkdilli ölkələrin
Parlament Assambleyasının iclası Azərbaycanda keçirildi. Qaradəniz
ölkələri Parlament Assambleyasının növbəti iclası yenə də
Bakıda baş tutdu. Həmçinin, ilk dəfə olaraq keçirilməsi nəzərdə
tutulan Avropa Olimpiya oyunlarının mərkəzi Bakı şəhəri seçildi.
Məhbus həyatını yaşayan Ramil Səfərovun ekstradisiyasını da
Azərbaycan üçün böyük uğur hesab etmək lazımdır. Bütün bunlarla
yanaşı, iqtisadiyyatın inkişafı da normal sürətlə getdi. Dünya
böhranı Azərbaycanda hiss olunmadı. "Şahdəniz - 2" platformasının
qurulması başa çatdı. Bu isə o deməkdir ki, artıq 2015 - ci ildən
Azərbaycan stabil olaraq hər il qaz istehsalını 10 milyon kub metr
artıracaq. 2018 - ci ilə qədər Azərbaycanda təbii qaz istehsalı 45
milyon tona qədər çatacaq. Bundan başqa ötən il Azərbaycanın hərbi
potensialı da xeyli artıb. Ordu quruculuğu sahəsində də kifayət
qədər uğurlar oldu. Rəsmi statistikanın göstəricilərinə görə,
yoxsulluq səviyyəsi aşağı - 6 faizə düşüb. Yəni, Azərbaycan normal
inkişaf edən ölkələr sırasına daxildir. Bu nöqteyi-nəzərdən ötən
ili Azərbaycanın həm iqtisadi, həm siyasi həyatını yetərli
uğurlarla hesablamaq olar".